Noy 23 , 2016 | 04:56 / Mühüm hadisələr
Noyabrın 23-də AMEA-nın Zoologiya İnstitutunun 80 illik yubileyinə həsr olunan “Qafqaz ekosistemi: dünən, bu gün, sabah (Qafqazın 80 illik zooloji tədqiqatları)” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycanın ilk elmi-tədqiqat müəssisələrindən olan Zoologiya İnstitutunun keçdiyi böyük inkişaf yolundan danışıb. Bildirilib ki, ölkəmizin elm tarixində müstəsna xidmətləri olan bu institut zoologiyanın müxtəlif sahələrində elmi potensialın yaradılmasında mühüm rol oynayıb.
Qeyd olunub ki, elmi müəssisə 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsində bölmə, 1936-cı ildən isə onun bazasında institut kimi fəaliyyət göstərib. Ötən müddət ərzində institut Azərbaycan elminə layiqli töhfələr verib, bir neçə nəsil zooloq-tədqiqatçılar yetişdirib.
Tədbirdə Elm TV İnternet televiziyasının hazırladığı Zoologiya İnstitutunun 80 illik yubileyinə həsr olunmuş sənədli film nümayiş olunub.