AMEA) Genetik Ehtiyatlar İnstitutunun gənc alimi Meksikada 5 günlük elmi ezamiyyətdə olub
Dek 14 , 2016 | 11:00 / Mühüm hadisələr
Oxunma ( 2596 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Meksikanın Mexiko şəhərində 5 günlük elmi ezamiyyətdə olmuşdur. CİMMYT beynəlxalq təşkilatı tərəfindən təşkil olunan “Genbanklar üçün Genomika” adlı seminarda İCARDA, İRRİ, İCRİSAT kimi beynəlxalq qurumlarla yanaşı, Azərbaycan, ABŞ, Böyük Britaniya, Çin, Fransa, Çexiya və bir sıra başqa ölkələrdən genom və molekulyar marker texnologiyaları ilə çalışan 48 alim və mütəxəssis iştirak etmişdir. Tədbir zamanı genom səviyyəsində aparılan tədqiqatların genbank və seleksiya işləri üçün önəmli olduğu vurğulanmış, yeni metodlar barədə məlumat verilmiş, bəzi tədqiqatların nəticələri nümayiş etdirilmiş və yeni genomu oxunan orqanizmlər haqqında məruzələr dinlənilmişdir. Bildirilmişdir ki, artıq bütün beynəlxalq və inkişaf etmiş ölkələrin genbanklarında saxlanılan bitki genetik ehtiyatlarının de-novo və re-seqvenslənməsi işinə başlanılmış və minlərlə bitkilərin genomlarının oxunması yekunlaşmışdır. Bitki genetik ehtiyatlarının genotipləşdirlməsində istifadə olunan “sekvens əsasında genotipləşdirmə” və “ekzom sekvenslənmənin” genetik ehtiyatların qruplaşdırılmasında, fenotipik əlamətlərin xəritələşdirilməsində və özək kolleksiyaların yaradılması işində olduqca önəmli olduğu bildirilmişdir. M.Abbasov seminarda “Azərbaycan bitki genetik ehtiyatlarının genotipləşdirilməsi” adlı məruzə ilə çıxış etmişdir. O, qeyd etmişdir ki, AMEA GEİ-də 2007-ci ildən başlayaraq molekulyar markerlərlə bitkilərin genotipləşdirilməsinə başlanılmış və nəticələrə aid çoxsaylı beynəlxalq məqalələr yayımlanmışdır. 2013-cü ildən isə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun pilot layihəsi çərçivəsində Azərbaycanda genom səviyyəsində tədqiqatlara başlamaq və yüksək ixtisaslı kadrlar hazırlamaq məqsədilə GEİ-nin Biotexnologiya şöbəsinin tərkibində Genomika laboratoriyası yaradılmış və Yeni Nəsil Sekvenserləri (YNS) alınaraq quraşdırılmışdır. 2015-ci ildən başlayaraq sekvens əsasında genotipləşdirmə, amplikon sekvensləmə və SNP metodları ilə tədqiqatlara başlanılmış, eyni zamanda buğda və arpa bitkiləri üzrə ilkin nəticələr alınmışdır. Bundan başqa, YNS-lərlə kiçik genomların oxunması üzrə də tədqiqatlar aparılır. 2015-ci ildən həmçinin ABŞ və Avstraliya alimləri ilə birgə nar bitkisinin genomunun de-novo oxunmasına və transkriptom analizinə başlanılmışdır. Bu sahədə laboratoriya təcrübələri yekunlaşmış və alınan genom informasiyasının bioinformatik analizi aparılır.          Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda genetik ehtiyatların qorunması, in-situ və ex-situ saxlanılması, seleksiyada istifadəsi və müasir texnologiyalardan istifadə etməklə öyrənilməsi işi yüksək qiymətləndirilmişdir. Gələcəkdə genom səviyyəsində tədqiqatların gücləndirilməsi və bütün bitkiləri əhatə etməsi, yeni metodların mənimsənilməsi və beynəlxalq layihələrdə birgə iştirak etmək məqsədilə İCARDA, CİMMYT, ABŞ, Çin, Fransa və Çexiyanın təmsilçiləri ilə müzakirələr aparılmışdır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.