Fotos
AMEA Genetik Ehtiyatlar İnstitutunda "CRISPR-Cas9 genom tənzimləmə sistemi" mövzusunda seminar keçirilib
Dek 19 , 2016 | 06:32 / Mühüm hadisələr
Oxunma ( 2645 )

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda (GEİ) "CRISPR-Cas9 genom tənzimləmə sistemi" mövzusunda seminar keçirilmişdir.

Tədbirdə İnstitutun Biotexnologiya şöbəsinin İnsan genetikası qrupunun elmi işçisi Xaqani Eynullazadə çıxış etmişdir. O bildirmişdir ki, son bir neçə ildə molekulyar genetikada edilmiş ən böyük kəşflərdən biri CRİSPR-Cas9 genom tənzimləmə sistemidir. Bu sistem bakteriyaların onlara hücum edən viruslara qarşı istifadə etdiyi müdafiə mexanizminə əsaslanır. Həmin mexanizmdən istifadə edərək bakteriyalar onların sitoplazmasına daxil olan virusların genlərini tanıya və onların DNT-lərini molekulyar dəqiqliklə kəsərək virusları kənarlaşdıra bilir. Müasir molekulyar genetik tədqiqatlar göstərir ki, CRİSPR-Cas9 mexanizmini modifikasiya edərək istənilən hüceyrədə, o cümlədən insan hüceyrələrində mutasiyaya uğramış genləri normal genlə əvəz etmək mümkündür.

X.Eynullazadə qeyd etmişdir ki, hal-hazırda bu metoddan istifadə edərək bitki, heyvan və insan hüceyrələrində müxtəlif genetik modifikasiyalar aparmaqla istər mutant genlərin normal genlərlə əvəz olunmasında, istərsə də yeni hüceyrə xəttlərinin yaranmasında istifadə edilir. Bu metodun əsas perspektivlərindən biri mayalanmadan sonra insan embrionunda mövcud olan bütün genetik qüsurları aradan qaldırmaq və genetik cəhətdən tam sağlam fərdlər yetişdirməkdir.

O, həmçinin bu metodu tətbiq etməklə yetkin şəxslərdə bir sıra xəstəliklərin (Hemaglobinopatiyalar, QİÇS, müxtəlif xərçəng növləri və s) müalicəsini hədəfləyən klinik elmi tədqiqatların aparıldığını vurğulamışdır.

X.Eynullazadə bu üsuldan istifadə etməklə 08 avqust-17 noyabr 2016-cı il tarixlərində ABŞ-ın Nebraska Universitetində maya göbələkləri üzərində tədqiqat işi apardığını, metodikanı tam mənimsədiyini və tədqiqatların GEİ-də davam etdirməyi planlaşdırdığını bildirmişdir.

Sonda seminar iştirakçılar tərəfindən yüksək qiymətləndirilmiş və mövzu ətrafında bəzi suallar müzakirə edilmişdir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.