20 YANVAR FACİƏSİ AZƏRBAYCAN MƏTBUATINDA
Yan 17 , 2017 | 06:40 / Musahibələr, çıxışlar
Oxunma ( 355 )

PAŞAYEVA AYNURƏ NİYAZ QIZI

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəman­lıq səhifəsi kimi daxil olmuş Qanlı 20 Yanvar faciəsi xalqımızın yenilməz əzmkarlığını, mütəşəkkilliyini, mətanətini, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir. 1980-ci illərin sonunda Sovet İttifaqında ictimai-siyasi həyatın demokratikləşməsi nəticəsində Azərbaycanda başlanan siyasi oyanış sovet rəhbər­liyini  ciddi narahat edirdi. Bu oyanışın qarşısını almaq üçün bəhanə axtaran Moskva səbəbi də, bəhanəni də özü hazırladı. Respublikada hakimiyyətsizliyin hökmü, özbaşınalıq, ermənilərin azərbaycanlılara qarşı Dağlıq Qarabağda təcavüzkarlığı, milli müstəqillik yolunu tutmuş xalqın üsyanları Moskvanın öz planlarını həyata keçirmək üçün şərait yaratdı. 1990-cı il yanvarın əvvəllərində mərkəzin göstərişi ilə müxtəlif qoşun hissələri Bakıya gətirildi. Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət və şəxsi əmlak məhv edilmişdir. 

Tarixin bu dəhşətli faciəsi Azərbaycan publisistlərində siyasi hadi­sə­lərə qarşı operativ maraq və münasibət oyatdı.

Ancaq gərgin siyasi iğtişaşların tüğyan etdiyi 1990-cı illərdə bəzən ictimai rəyə istiqamət verən mətbuat da öz sözünü deməkdə çətinlik çəkirdi.

Yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdir. Faciə baş verən gündən isə digər kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edilmişdi. Həmin dövrdə Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetinin əvvəlki nömrəsi 18 yanvar 1990-cı ildə çıxdığı halda, ondan sonrakı nömrəsi yalnız 27 yanvar 1990-cı il tarixdə çıxdı. Başqa sözlə, doqquz gün qəzet çap edilməmiş, bu müddətdə 20 Yanvar faciəsi barədə xalqa rəsmi məlumat verilməmişdi.

Milli faciənin miqyası ilə bağlı ilk xəbər verən “Səhər” qəzeti idi. Yanvarın 22-də “Səhər” qəzeti  2 milyon tirajla çap olunaraq əhaliyə pulsuz paylanıldış Matəm nömrəsindən sonrakı sayında qəzetdə ölənlərin siyahısı verildi, rus və ingilis dillərinə çap olunaraq dünya mətbuatına çatdırıldı. Baş redaktorun müavini Məzahir Süleymanzadə yazırdı: “Ehsanımız yalnız söz olsa da, millətimizi ovundurmağa çalışırdıq Oğul itirmiş analar, ər itirmiş gəlinlər ağı, bayatı deməyi “Səhər”dən öyrəndilər” (Akif Aşırlı.Mətbuat tarixi (1920-1990), Bakı, Elm və təhsil, 2010, s.201).

Sabir Rüstəmxanlının baş redaktorluğu ilə 1989-cu ildən bəri çap olunan Qarabağa Xalq Yardım komitəsinin qəzeti olan “Azərbaycan” qəzeti, “Azadlıq” qəzeti 1992-ci ilə qədər fəaliyyətini dayandırdı. Lakin “Azərbaycan” qəzeti xalqın başına gətirilən dəhşətli faciələrə seyrçi mövqeyində qalmadılar. Fotomaterialları, şahid ifadələrini, gizli rəsmləri toplayaraq fəaliyyətini bərpa etdikdən sonra yenidən ictimaiyyətin diqqətinə çatdırdılar.

Həmin dövrdə dünya ictimaiyyəti də hadisə haqqında informasiyalara biganə qalmadı. Böyük Britaniyanın “The Times” qəzeti, “The “Guardian” qəze­ti, BBC ka­nalı, ABŞ-ın “Los Angeles Times”, “The New York Times”, “Washinqton Post”, “Kristian Sayens Monitor”, “Baltimor San” və digər media orqanları Qara Yanvar, xalqın azadlıq ideyalarını boğanlar haqqında məlumat vermişdilər.

"Azərbaycan" qəzetində 1990-1994-cü illər 20 Yanvar faciəsinə aid qəbul olunmuş qərarların və sənədlərin xronikası və müəyyən şərhlər verilmişdir. Həmin qərarların, sənədlərin mətni ilə tanış olduqda insan dəhşətə gəlir. Ötən dörd il ərzində bu faciəvi hala biganə münasibət, ardıcıl olmayan siyasət, faciənin ört-basdır edilməsi aşkarlanır. Çünki həmin dövrdə ancaq senzura icazəsindən keçən xəbərlərin çapına icazə verirdilər.

Bu dövrdə azad söz xalqın tiribunası idi. Tez bir zamanda xalqı ayağa qaldıra biləcək operativ janra ehtiyac yaranmışdı.Ədəbiyyatda iki janr önə keçdi: bədii publisistika və poeziya. Xalqın etirazları leqal nəşrlərlə yanaşı, qeyri leqal nəşr olunan qəzetlərin çap olunmasına yol açdı. 1990-cı ilin yanvarında Zərdüşt Əlizadənin baş redaktorluğu ilə çap olunan “İstiqlal” qəzeti, Yunus Oğuzun rəhbərliyi ilə “Dirçəliş”, “Exo svoboda”, “Azad söz” qəzetləri nəşrə başladı.

Mətbuat üzərində olan senzura 1998-ci ilə qədər davam etməkdə idi. Yalnız Ümumilli lider Heydər Əliyevin 1998-ci il  avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu.

Xalqımız müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan “Azərbaycan” ədəbi-bədii jurna­lı­nın bütün nömrələrində (əsasən hər il dərc olunan ilk nömrəsində) Qanlı 20 Yanvar fa­ciəsi öz əksini tapmışdır. Musa Mərcanlının “Təcavüz” (1991, №8), İsa İsmayıl­zadənin “Üç il də belə gəlib keçdi..” (1993, №1), “Gözü yolda qalan şəhid ruhları” (1997, №1-2), “Şəhid ucalığı” (2010, №1), Almaz Ül­vi­nin “Günəşinə qovuşan Ülvim” (1994, №1-3), Faiq Balabəylinin “Dəryada gəmim qalıb” (2004, №1), İntiqam Qasımzadənin “Narahat ruhlar” (2010, №1), Bəxtiyar Vahab­zadənin “Şənbə gecəsinə gedən yol” (1990, №9-10) və s. publi­sistik əsər­lə­rin­də azər­bay­canlılara qarşı törədilən Qanlı Yan­var soyqırımı müəl­liflərin şahidi ol­duq­ları hadisələr fonunda öz əksini tap­mışdır. Bu publisistik mə­qalələr­də xa­rak­ter­lərin daxili aləmlərinin açılmasına xidmət edən konflikt, süjet və ob­raz­ların təsviri yox, faciəyə qarşı müəllif obrazı, müəllif emo­sional hissi ifadəsinin təsir gücü daha çox öndədir. Adı çəkilən pub­lisistik məqa­lələrdə faktoqrafiyaya meyllilik da­ha çox müşahidə olunsa da, fəlsəfi düşüncə, müla­hizələr, analogiya­lara da yer ve­ril­miş­dir.

Musa Mərcanlının “Təcavüz” pub­li­sis­tik yazısında müəllif bir publi­sistdən çox tarixçi kimi çıxış edərək qısa xroni­kalarla 20 Yan­var faciəsinin tarixi köklərini, tö­rədilmə səbəblərini araşdırır, proses­ləri analitik təhlil süzgəcindən keçirdikdən sonra sübuta yetirir ki, 1988-ci ildə Dağlıq Qarabağ Muxtar vilayə­tinin Ermə­nistana birləşdirilməsinə cəhd göstərilən zaman Sovet dövrünün təşvi­qatçılıq, təbli­ğat­çılıq prin­si­pi­nin tə­siri altında fəaliyyət göstərən Azərbaycan mətbu­atı ic­ti­maiyyətimizi baş verən si­yasi proseslərdən xəbərsiz buraxmışdı.

Həmin dövrdə sərt senzura nəzarəti, mətbu orqanlarına “yuxarıdan” edilən təzyiqlər, münaqişələri işıqlandırmaq təcrübəsizliyi və s. kimi amillərin təsiri altında olan, 70 illik “sovet xofu”nun və 30-cu illərin repressiyasını unutmayan KİV-in böyük hissəsi çox şeyi mətbuatda açıq söyləməyə cəsarət etmirdi.

1990-cı illər mətbuatında informasiyanın tirajlanması ilə bağlı mövcud  çatışmazlıqlar da bir tərəfdən başa düşüləndir. Çünki 70 il ərzində avtoritar modelin təsiri ilə fəaliyyət göstərən Azərbaycan mətbuatı cəmiyyəti məlumatlandır­maq funksiyasından daha çox, hakimiyyətin vacib bildiyi informasi­yanı təbliğ etmiş­dir. Ancaq mətbuatın qazandığı bir sıra uğurlar da vardı. 1988-ci ildə xalqın milli oyanışı sayəsində “Kommunist” partiyasının təntənəsi, Partiya pleniumlarının müxtəlif kompaniyaları, Sovet dövrü şablon, plakat mövzuları, sxematizm, traferetlərdən uzaq Müstəqillik dövrü Azərbaycan publisistikası meydana gəldi.

1990-cı illərdə azərbaycanlılara qarşı tətbiq edilən zorakılıq və işgəncələr haqqında əhalidə obyektiv informasiyanın olmaması faktı da əhalini gərginlikdə saxlayır, vəziyyəti daha da mürəkkəbləşdirirdi. Publisist Musa Mərcanlı məqalədə Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına cəhd xəbərinin mətbuatdan gizlədilməsini, kütlənin baş verən siyasi informasiyalardan məhrum olmasını kütləvi qırğınların baş verməsinə səbəb olan amil kimi dəyərləndirir. Hətta bəzən xalq kütləsinin informasiyadan məhrum olması bir yana, fiziki təca­vüzə məruz qalması publisisti olduqca dərindən sarsıdır.

İsa İsmayıl­zadənin “Üç il də belə gəlib keçdi..”, “Gözü yolda qalan şəhid ruhları”, “Şəhid ucalığı” publisistik məqalə­lərində müəllif sanki şəhidlərin gözü önündə xalq tribunasında çıxış edir. 20 Yanvar faci­əsi­nin rəhbər vəzifə tutan erməni cinayətkar­larının cəzasız qalması müəllifi daha çox dü­şün­dürsə də, xalqın qəhrəmanlıq yaddaşı, əzmkarlığı, müba­rizliyinə qarşı olan sonsuz inam qələbəyə doğru nikbin ümidlərini sarsıtmır. Bəzən pub­lisistin bu adı çəkilən mə­qalələrində pessimist bir ruh duyulsa da, xal­qımızın milli yaddaşına qarşı olan arxa­yınlıq hissi onun gələcək qələbəsinə böyük ümidlər oyadır: “Heç vaxt qaysaq bağ­la­mayacaq yara­la­rımız o gecədən üzü bəri baxışımızda, ürəyimizdə, qan yaddaşı­mızda, torpağı­mızın hər qarışında göyüm-göyüm göynədikcə, bir balaca təsəllidən toxtaqlıq tapırıq: tarix boyu itirə-itirə gələn, qanı su ilə yumağa adətkər olan bir xalqın indi müqəddəs and yeri var-onu həmişə səfərbər eləməyə, Vətən his­sini, qeyrət hissini başı üstündə bayraq kimi qaldırmağa gücü çatan müqəddəs qəbir­lər var, şəhid qəbirləri! Özü də, şəhərin ən uca, ən görümlü yerində..” (İsmayılzadə İsa. Gözü yolda qalan şəhid ruhları //“Azərbaycan” jurnalı, 1997, №1- 2, s. 3).

Baş verən gərgin ictimai-siyasi şəraitdə xalqımızın milli özünüdərkində, milli ruhunun oyanışında, həmçinin bədii-fəlsəfi, poetik fikir tariximizin inkişafında özü­nə­məxsus xidmət­ləri olan, əsərlərini böyük vətəndaşlıq narahatlığı ilə qələmə alan xalq şairi Bəxtiyar Vahab­zadə bizə qarşı törədilən ağır genosid siyasətinə hiddətli eti­raz səsini qaldırdı. Siyasi proseslərə ayıq münasibət bildirən, 1950-ci illərdən qələ­mi ilə mübarizə apa­ran, ən yüksək kürsülərdə, Azərbaycan Ali Sovetinin sessiya­larında öz sözünü de­mək­dən çəkinməyən, döyüşən şair, publisist Bəxtiyar Vahabzadə baş verən faci­ələrə qarşı hid­dətli münasibətini 1990-cı ildə yazdığı “Şənbə gecəsinə gedən yol” oçerkində qəzəbli şəkildə bildirdi.

B.Vahabzadə erməni genosidinin tarixi köklərini araşdırıb onun ideoloji yönlərini, istiqamətlərini həmin adı çəkilən məqalədə oxucusuna böyük vətən yanğısı ilə çatdırdı. Erməni lobbisinin dəstəyi ilə bütün dünya mətbuatında çıxış edərək 1988-ci ildən bu yana azərbaycanlılara qarşı törətdikləri müsibətlərin üstündən xətt çəkib, ədalətin xilafına çıxaraq bizi “vəhşi”, “mədəniyyətsiz” millət adlandırıb özlərini “əzi­lən xalq” kimi qələmə verən ermənilərə qarşı sonsuz qəzəbini publisist bu əsə­rində açıq şəkildə, böyük cəsarətlə bildirdi. Ancaq “Azərbaycan” jurnalının 1990-cı il 9 və 10-cu sayla­rında çap olunan “Şənbə gecəsinə gedən yol” publisistik məqa­lə­sində müəllif 20 Yanvar faciəsinin yüzlərlə dəhşətli epizodları fonunda Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi genosid aktını ifşa etmişdir. Müəllifin genosid barədə infor­ma­siyası müşahidə etdiyi, şahidi olduğu hadisələr, gündəlik izlədiyi mətbuat orqanların­dan qaynaqlanırdı. Ancaq bir şeyi də nəzərə almaq lazımdır ki, B.Vahab­zadə bu əsəri qələmə alan zaman hələ xalqın taleyinə qara hərflərlə yazılacaq Xocalı soyqırımın­dan, itiriləcək Qarabağ torpaqla­rından xəbərsiz idi.

Genosidə tarixilik aspektindən yanaşan B.Vahabzadə öz xalqının başına gətirilən dəhşətli faciəni araşdıran zaman şəxsi mühakimələrində genosidi mənəvi və fiziki adlandırmaqla iki yerə ayırır. Ermənilərin separatçı-bölücü siyasətinə, xalqımıza qarşı yürüdülən hiylə, böhtan dolu yazılara etiraz edən, erməni və erməniyönlü mətbu informasiya mənbələrinə qarşı müqavimət göstərməyə çalışan, xarici mətbuatın bizə qarşı çıxışlarına vaxtlı-vaxtında layiqli cavab verən B.Vahab­zadənin ruhunu mənəvi genosid daha çox sarsıdırdı. Əsərdə mənəvi genosid tarixi saxtalaş­dıran, Qafqazda əsassız ideoloji bünövrə yaratmağa çalışan ermənilərin uzun illərdən bəri bizə qarşı yürütdükləri məkrli məqsədlərinin məcmusunu təşkil edir. Mənəvi genosidin əsas hissəsini təşkil edən ekoloji genosid anlayışının mahiyyətini aydınlaşdıran publisist vaxtilə xalqın böyük səadəti kimi qələmə verilən “ölü zona”ya çevrilən Sumqayıt zavodları, zəhərli dərmanlarla yetişdirilən pambıq əkinini göstərərək səbəbkarları Moskvadan alqışlar qazanmaq üçün çalışan öz rəhbərlərimizi də bu hadisədə qınayır.

B.Vahabzadə “Şənbə gecəsinə gedən yol” oçerkində milli özünüdərkin bütün komponentlərini – milli mənlik şüur, milli fikir, milli bəşəri şüur, milli yaddaş, milli ruh, milli istiqlal arzusunu əks etdirməyə nail olmuşdur. “XX əsrin 80-ci illərindən başlayaraq milli köklərimizə qayıdışı sürətləndirmişdir. Milli özünüdərk milliliyin (qismən bəşəriliyin) sintez olunmuş qavrayışıdır (Əlizadə Əsgərli. Xəlil Rza Ulutürk. Bakı: Elm və təhsil, 2015, s. 33). Publisistin milli özünü­dərk psixologiyasının əsasın­da özünə kənardan baxıb qiymət vermək, milli amili dəyərləndirmək durur.

Vahid ideoloji konsepsiyanın olmadığı 1990-cı illərdə mənəvi ge­nosidə qarşı cəsarətlə mübarizə aparan, xalqın milli heysiyyətini tapdalayanlara qarşı etiraz səsini ucaldan B.Vahabzadə­ X.Rzanın, A.Zamanovun və başqalarının cəzalandırıl­masını böyük təəssüf hissi ilə qeyd edir, oxucuda vətənpərvərlik, təəssübkeşlik hissini daha da artırırdı.

Azərbaycanın çətin iqtisadi şəraitində 250 min qaçqının Ermənistandan, 40 min mexseti türkünün Özbəkistandan ölkəmizə köçürülməsi məqalədə mənəvi genosidin örnəklərindən biri kimi diqqəti cəlb edir. “Şənbə gecəsinə gedən yol” oçerkində Moskva tərə­findən Azərbaycanın siyasi səhnədən sıxışdırılması, kölgədə saxlanıl­ması, ancaq ermə­nilərə yüksək maddi və mənəvi imtiyazların tətbiq olunması bizə qarşı qərəzli, ayrıseçkili münasibət kimi mənalandırılır. Mənəvi genosidin daha çox dərinləş­mə­sinə səbəb xalqımıza qarşı səsləndirilən “vəhşi”, “genosid cəlladları” kimi təhqirləri qarşısında öz rəhbərliyimizin susmaq mövqeyini tutması­dır.

B.Vahabzadə əsərdə 1918-ci ildə Azərbaycanda tö­rədilən qırğınların sahibi, vaxtilə adına heykəllər ucaltdığımız S.Şaumyan, onun havadarı S.Lalayanı lənət­ləyir, ermənilərin Dağlıq Qarabağ iddiaları, tarixi saxtalaşdır­maq cəhdləri, xalqımıza qarşı törədilən faciələrin səbəblərini aydınlaşdırır, tutarlı arqumentlərlə böhtançı erməni siyasətini ifşa edir, bu siyasi prosesə şərait yaradan Qarbaçov və bəzi azərbaycanlı rəhbərləri də tənqid etməkdən çə­kinmirdi. Publisist faciənin səbəbkarlarını aydın şəkildə görür: “Bizə çoxdan məlumdur ki, başımıza açılan bu oyunlar təkcə balaca xalqın, erməni lobbisinin işi deyil. Bu işlərin başında erməni mafiyasına istiqamət verən, onu güclü silahlarla təchiz edən, hətta açıq-açığına müdafiəsinə keçib hər məsələdə Azərbaycan xalqını təkləyən  M.S. Qarbaçov özü durur” (Vahabzadə Bəxtiyar. Şənbə gecəsinə gedən yol // “Azərbaycan” jurnalı,  Bakı, 1990, №9, s. 17).

Genosidin arxasında dayanan əsl həqiqəti araşdıran publisist gəldiyi qənaətləri tarixi faktlar əsasında təsdiq edir. Baş verən siyasi proseslərə ağlın, məntiqin gözü ilə baxan B.Vahabzadə bu doğru qənaətini tarixşünaslığımızda öz əksini tapan faktlarla müqayisə etdikdə publisistin düzgün qərar verdiyinin şahidi olarıq. Elmi tarixşü­naslığımıza nəzər salsaq, hörmətli akademik Ramiz Mehdiyev öz tədqiqat­ların­da 20 Yanvar faciəsi haqqında yazırdı: “Və əvvəlcədən heç bir xəbərdarlıq edilmədən, qəflətən yanvarın 19-dan 20-nə keçən gecə Qor­ba­çovun göstərişi, güc nazirləri Yazov, Bakatin və Kryuçkovun bilavasitə baş­çılığı ilə müxtəlif növ ordu hissələri Bakıya yeridildi. Kommunist diktaturası 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqa­nıstana qarşı törət­di­yi cinayətkar hərbi müdaxiləni 1990-cı ildə Azərbaycan xalqına qarşı da həyata ke­çirdi. Beləliklə, Rusiya imperiyasının və çarizmin milli münaqişələr və qırğınlar tö­rət­­mək sahəsindəki “zəngin” tarixi təcrübəsi də 1990-cı ilin 20 yanvarında Azər­bay­can xalqına qarşı törədilən qırğın zamanı, bütünlüklə nəzərə alınmışdı” (Mehdiyev Ramiz. Azərbay­canlılara qarşı soyqırım gerçəklikləri.Bakı, Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsi, 2000, s.4).

B.Vahabzadə əsərdə Azərbaycan xalqını nahaq günahlandıranlar, Qarabağ hadisə­lərini 1988-ci ilin fevralında Sumqayıtda baş verənlərlə əlaqələndirənləri sorğu-suala çə­kir, haqlı olaraq onları ittiham edir. O, genosidi əyani faktlardan çıxış edərək can­lan­dırmaqda əsas məqsədi xalqın milli şüur və düşüncə tərzinə təsir etmək, milli yad­da­şı dirçəltmək, ge­niş oxucu auditoriyasına azadlıq, müstəqillik toxumu səpmək, fi­zi­ki genosidi təsvir etməklə məqsədi cinayətkarları ittiham etmək, meydan oxumaq­dır.

Onun genosid yaddaşı ötəri, keçici deyil, bu yaddaş özündə milliliyi və həqiqəti əks edən bədii ruhu, mənəvi özünəməxsusluğu yaşadır. Genosidə qarşı nifrətli emo­siyalarla çıxış edən publisist bütün diletant yanaşmalar, böhtanlar içərisində ictimai mezaxizm xəstəliyinə tutulan ermənilərə qarşı millətin yeganə çıxış yolunu öz gedə­cəyi yolda qibləsini düzgün təyin etməkdə, Azərbaycan xalqının milli istiqlal müba­rizə­sinin mənəvi-ideoloji hazırlıq mərhələsində görür­dü. Ancaq emosiya ilə məntiqin sərhədinin çətin müəyyənləşdiyi “Şənbə gecəsinə gedən yol” oçerkində publisist qanlı faciənin törədildiyi şənbə gecəsindən sonra millətinin bu ağır baryerlər qarşısında qələbəsinə qarşı əminlik hissi oyadır. B.Vahabzadə qəzəbini tək qələmi ilə bildirmir, o dövrdə siyasi proseslərə müdaxilə etmiş, bir neçə ziyalı şəxslərlə birlikdə Qırmızı Ordunun Bakıdan çıxarılmasını Azərbaycan Ali Sovetindən tələb etmiş, öz qəzəb və hiddətini M.Qarbaçova göndərdiyi teleqramda da açıq bildirmişdir: “Xalqı­mın qanını töküb sonra ona başsağlığı göndərmək dəhşətli ikiüzlülükdür. Sənin rəhbər olduğun partiyadan çıxmağı özümə şərəf sayıram” (Vahabzadə Bəxtiyar. Şənbə gecəsinə gedən yol // “Azərbaycan” jurnalı,   Bakı, 1990, №10, s. 15).

Xalq şairi emosional ifadələrlə oxucuda tarixi prosesə, siyasi hadisələrə qarşı fi­kir formalaşdırır, analitik təhlili polemik keyfiyyətlərlə zənginləşdirir. B.Vahab­zadə əsər boyu xal­qına doğru yönələn tarixin səhnə ekranından üsyankar hiddətini, cavabını bədii suallarla kütləyə aydın­laş­dırmağa çalışır: “40-45 il bundan əvvəl indi sizin əlinizlə şəhid düşən bu gənclərin ata-babaları məgər rus torpağı yolunda öz canlarından keçməmişdimi? Ata-babaların o zaman sizə göstərdiyi o xidmətin, fəda­kar­lığın cavabını beləmi qaytararlar, ey nankorlar? 200 ildir mən sənin qulun oldum, nökərin oldum, gün çıxandan gün batana qədər mən sənin üçün əlləşdim, sənə canım və qanım bahasına neft verdim, pambıq verdim, taxıl verdim, özüm becər­diyim məh­sulu özüm sənə göndərdim. Sən mənim hesabıma dünyanın ən qüdrətli dövləti oldun, dünyaya meydan oxudun, ölkələrə hədə-qorxu gəldin, indi bu idi mənim yaxşılıq­la­rımın əvəzi? Biz bu sitəmi götürdük, Allah götürməsin!” (Vahabzadə Bəxtiyar. Şənbə gecəsinə gedən yol // “Azərbaycan” jurnalı,   Bakı, 1990, №10, s. 11-12).

AMEA-nın müxbir üzvü Nizami Cəfərov “Azərbaycan” jurnalının 2000-ci il 8-ci sayında nəşr etdirdiyi “Millət şairi, yaxud B.Vahabzadə fenomeni” məqaləsində yazırdı: “Bəxtiyar öz böyük poeziyası, müdrik fəlsəfəsi, coşğun publisistikası üçün birinci növbədə narahat ehtiraslarına borcludur, narahat ehtiraslar insanı dağa-daşa sala bilər, onu “normal” həyatdan məhrum edər, ancaq həmin insanı, hər necə olursa-olsun, nəticə etibarilə həqiqətin astanasına gətirib çıxarar.” (Cəfərov Nizami. Millət şairi, yaxud B.Vahabzadə fenomeni // “Azərbaycan” jurnalı, Bakı, 2000, №8, s.39).

Böyük həqiqətə sədaqətlə xidmət edən B.Vahabzadə oçerkdə faktların mahiy­yəti, özü­nə­məx­sus keyfiy­yətləri, çevrəsi və analogiyaları, bədii suallarla açılır, dəyərləndirilir. Təhlil etdiyi hadi­sə və fak­tın gerçəkliyə uyğunluğu aydın­laşır. Bəzən təhlil dərinləşdikcə, faktın ümumiləşdirmə miqya­sı da böyü­yür. Genosidin mahiy­yətini aydınlaşdırmaqdan ötrü publisistin tez-tez səsləndirdiyi suallar onun siyasi və elmi hazırlığını, polemika ustalığını, kəskin məntiqini, inandırma qüvvəsini sübuta yetirir. Onun mətbuatda əsassız dəlillərlə çıxış edən ermə­ni genosid cəlladlarına cavab vermək, susdurmaq istəyi müəllifi əsərin sonuna kimi rahat buraxmır.

Milli oyanışımızda, milli dirçəlişin xalq ruhuna yol tapmasında, “insanlardakı buz bağlamış vicdanların” donunu açmaqda, yatmış ruhlarda milli qeyrətin tapılma­sında, soydaşlarımıza xalqın keçmişini, kökünü anlatmaqda” böyük rolu olan B.Vahab­za­dənin genosidə qarşı fəal publisistik kəsər və prinsipial vətəndaşlıq mövqeyi oçerkdə aydın bir şəkildə görünməkdədir. Bəxtiyar Vahabzadənin “Şənbə gecəsinə gedən yol” oçerki tarixşünaslığımızda, ədəbiyyatşü­naslığı­mızda, publisistikamızda tədqiqata cəlb olunub erməni soyqırımının araşdırılması baxımından əhəmiyyət kəsb edir.

Maraqlı informativ xarakteri ilə seçilən Faiq Balabəylinin “Dəryada gəmim qalıb” oçerki 20 Yanvar hadisələrinin iştirakçısı olan dənizçilərin müsahibə­lə­rindən toplanmışdır. Bakıdakı qırğınların qarşısını alan Xəzər Neft Donanmasının dənizçi qəhrəmanları müxtəlif təqiblərə məruz qalsalar da, gəmilərin “SOS” siqnalı ilə dünyanın 50-dən çox ölkəsinə faciəmizin səsini bəyan etmişdilər.

Əvvəldə sada­lanan məqalələrdə publisist skeptisizimi “20 Yanvar gecəsi olmaya bilər­dimi?” sualı barəsində düşünməyə vadar etmişdir. Daha çox emo­siya ilə hərəkətə keçən xalqın vahid idaredici qüvvəsinin olmadığını qeyd edən İntiqam Qasımzadə “Narahat ruhlar” məqaləsində bu sualı belə cavablandırır: “20 yanvar gecəsi qurbansız keçinmək olmazdımı?! – məzəmmət və ittiham dolu bu sual sonralar tez-tez eşidilirdi; ara söhbətlərində də, ali məclislərdə də. Əlbəttə, başa düşü­ləndir, it­ki­­ləri­mizə görə keçirdiyimiz sar­sın­tıdan doğurdu bu sual. Lakin gəlin hissə qapıl­ma­yaq, yaxın keçmişə müraciət edək: Macarıstan və Çexoslavakiya hadisələrini xatır­la­yaq. Məgər həmin ölkələrdə də bi­rin­də çox, birində az qan tökül­məmiş­dimi?!” (Qasımzadə İntiqam. Narahat ruhlar //“Azərbaycan” jurnalı, Bakı, 2010, №1, s.4).

Faciənin törədildiyi gün Azərbaycan dənizçilərinin şücaətindən bəhs edən pub­lisist Faiq Balabəyli respondenti o zamankı Xəzər Neft Donanmasının rəisi işlə­miş Yaşar Cabbarovla apardığı müsahibəsində yazırdı: “Yanvar faciəsi olmaya bilər­di­mi? Birmənalı şəkildə deyim ki, bu hadisə gec-tez olmalı idi. Ola bilsin ki, ge­ci­kəy­di bu ha­di­sə, amma mütləq olacaqdı. Çün­ki çürü­məkdə olan, özülü çat ve­rən, im­pe­riya son gü­cünü toplayıb nə isə etməli, çaba­layıb yaşamaq eşqini büruzə ver­məli idi. Çün­ki imperiyanın son nəfəsi idi. Pribaltika respublikalarının, onlardan qabaq Qa­zaxıs­tan olaylarının məntiqi davamı kimi də başa düşmək olar Bakı qırğınını” (Balabəyli Faiq. Dəryada gəmim qalıb //“Azərbaycan” jurnalı, 2004, №1, s. 8)”.

Vahid ideologiyanın olmadığı, lakin böyük qəhrəmanlıq keçmişinə malik olan xalqın düşmən qarşısında nümayiş etdirdiyi birliyi, böyük əzmkarlığı publisistlərin yaradıcılıqlarında fərəh hissi ilə qeyd olunmuşdu. Milli şüurun güclənməsində böyük rolu olan, həqiqətpərəstliyə sadiq, 20 Yanvar faciəsinin ağrılarını, kədərini dərindən duyan publisist B.Vahab­zadə gərgin siyasi burulğanların içərisində “Şənbə gecəsinə gedən yol” oçerkində xalqın əzmkarlığı, mətanəti qarşısında bir daha səcdə edir: “Mən bir daha inandım ki, bu xalqı qırmaq olar, əzmək olar, amma sındırmaq olmaz.

Ey mənim dözümlü xalqım, görə bilmədiyimiz, qiymətləndirə bilmədiyimiz ürəyi­nə, bu ürəkdə yatan namusuna, qeyrətinə qurban olum! Sən nə qədər böyüksən­miş!” (Vahabzadə Bəxtiyar. Şənbə gecəsinə gedən yol // “Azərbaycan” jurnalı,   Bakı, 1990, №10, s. 20).

Almaz Ülvinin “Bir ölümün acığına” kitabından “Günəşinə qovuşan Ülvim” əsərində 20 Yanvar faciəsinin dəhşətli nəticəsi bir şəhidin həyatının 20-ci baharını yaşayan yaradıcılıq istedadının aşıb-coşan vaxtında, “Bəla”, “İnsan”, “Dünya”, “Dünyaya qış gəlibdi”, “Məktub”, “Etiraf” və s. əsərlərinin müəllifi ADU-da Şimali Azərbaycan Azad Tələbələr İttifaqı yaradan, azadlıq uğrunda meydanlarda mübarizə aparan Ülvi Bünyadzadənin taleyi fonunda özünü göstərir. “Əgər Ülvi “Şənbə gecəsində” şəhid olmasa idi, yəqin ki, yenə də şəhid olardı. Çünki qanında torpaq sevgisi, xalq istəyi yaşayırdı” (Ülvi Almaz.Günəşinə qovuşan Ülvim // “Azərbaycan” jurnalı, 1994, №1-3, s.92). Müəllifin ürək çırpıntıları, sevgisi, ölümü ilə bağlı emosiyaları bibinin bir qardaşı oğluna qarşı isti münasibətinin qay­nağı kimi deyil, nümunəvi vətənpərvər gənc, istedadlı qələm sahibi kimi üstün key­fiy­yətlərindən irəli gəlirdi. Çünki Ülvi bibisinin onu görmək istədiyi qələm əhlindən biri olmaqdansa, vətən uğrunda şəhidlik zirvəsinə ucalmağı üstün sayır.: “Meydanda “millətimizin başını pambıqla üzən” partbiletini ağappaq ovcunun için­dəcə yandı­rır­dı. Gələndə gördüm ovcunun içi yanıb: “Xalqı bu mübarizə yolundakı qələbəyə inan­dırmaq üçün lazım olsa, bütün cismimizi yandırmağa hazır olmalıyıq” (Ülvi Almaz.Günəşinə qovuşan Ülvim // “Azərbaycan” jurnalı, 1994, №1-3, s.7).

20 Yanvar faciəsi haqqında yazılan publisistik məqalalələrdə bəzən adı çəkilən faciə ilə bağlı gələcək proqnozlar da verilir. Həmin proqnozlarda qəlbi vətən yanğısı ilə döyünən İsa İsmayılzadənin nikbin ümidləri “Gözü yolda qalan şəhid ucalığı”, “Üç il də belə gəlib keçdi..” publisistik yazılarında xüsusi vurğulanır: “Nə qədər ki, müqəddəs torpaqlarımız var, nə qədər ki, yağı düş­mən­lərimiz bölgələrimizdə, onun sınırlarında at oynadır, – and yerlərimizin çoxalaca­ğı­na hazır olmalıyıq...

Şəhidlərimizin ruhunu sevindirəcəyimiz günü necə böyük intizarla gözlədiyimizi ifadə eləməyə sözün gücü çatmaz” (İsmayılzadə İsa. Üç il də belə gəlib keçdi... // “Azərbaycan” jurnalı, 1993, №1, s. 4).

Xalqımızın yaddaşına qanlı faciə kimi daxil olan 20 Yanvar hadisəsi milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Qanlı Yanvar faciəsi Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyevin “20 yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanı ilə öz siyasi qiymətini aldı.

Məhz 20 Yanvar faciəsindən başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyünü və milli haqlarımıza obyektiv yanaşmanın nümayiş olunması ilə bağlı inamını birdəfəlik itirdi. 20 Yanvar faciəsi, Qarabağ münaqişəsi, ermənilərin xalqımıza qarşı törətdiyi soqırımlar bu gün də milli ədəbiyyatımızın aparıcı mövzu-problemlərindəndir. Milli yaddaşımızda əbədi həkk olunan bu qanlı faciə üzərindən illər ötsə də, öz tarixi tipologiyasını qoruyub saxlayacaq, publisistik məqalələrdə böyük kədər, qürur, şərəf hissi ilə xatırlanacaq, gələcək nəsillər dəhşətli soyqırımlar­dan nəticə çıxarıb Azərbaycan ədəbiyyatını orijinal və sanballı əsərlərlə zənginləş­dirib bütün dünyaya tanıdacaqdır.

Qanını, canını vətən uğrunda fəda edən, sözündə yox, əməlində vətənpərvərliyini sübuta yetirən şəhidlərimizin ruhu şad olsun!

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.