Aprel döyüşləri: siyasi iradə, igidlik və inamın harmoniyası
Apr 04 , 2017 | 05:23 / Musahibələr, çıxışlar
Oxunma ( 328 )

Famin SALMANOV

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru 

2-5 aprel 2016-cı il Azərbaycanın tarixində heç də sıradan bir təqvim günləri kimi xatırlanmır, əksinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının  dəmir iradəsi, günü-gündən müasirləşən və möhkəmlənən ordumuzun növbəti  igidliyi və müstəqillik tarixindən bəri qazanılan ən yadda qalan zəfərimizin birgə harmoniyasından doğan şanlı günlər  kimi yaddaşlara gömüldü.

Bəli, həmin dörd gündə Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonu və Naftalan şəhəri üçün potensial təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, həmçinin Seysulan məntəqəsini  düşmənimiz erməni mənfurlarından azad edərək, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" yüksəkliyinə nəzarəti ələ keçirə bildilər. O tarixlərdə ordumuzun igid vətənpərvərləri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətinə də müvəffəq ola bildilər.

Aprel döyüşləri nəticəsində əsgərlərimiz ölkə ərazisinin bütövlüyü üçün böyük təhdid sayılan, döyüş bölgəsində mühüm strateji əhəmiyyət kəsb edən əraziləri Azərbaycanın tarixi arealları kimi yenidən geri qaytarmaqla bərabər, həm də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar ölkə rəhbərliyinin  siyasətindəki qətiyyəti və gücü tam ifadə edə bildilər. Düşməni qorxu içində saxlayan, onları böyük hərbi və mənəvi itkilərə məruz qoyan ərənlərimiz Azərbaycan xalqının özünə inam hisslərini daha da qüvvətləndirərək zəfər tariximizi təzələmiş oldular.

Düz bir il bundan əvvəl baş vermiş və dörd gün müddətində qızğın döyüşlərlə davam etmiş həmin tarixlərdə Azərbaycan xalqı heç də ermənilər kimi təşvişə düşmədi, əksinə öz liderlərinin siyasi iradəsinə sığınaraq, səngərdə vuruşan əsgərlərinə dəstək oldu, onların zəfəri və qalibiyyətləri üçün dua etdilər. O ərəfələrdə neçə Azərbaycan gənci Ali Baş Komandanına müraciət edərək vətən uğrunda fədakarlıq göstərib əsgərlərimizlə çiyin-çiyinə uca amallar üçün vuruşmağa hazır olduqlarını bildirdilər.

Həmin tarixlərdə elmlə məşğul olan gənclər də baş verən belə hərbi münaqişələrə laqeyd yanaşa bilməzdi və yanaşmadılar. Belə ki, 2016-ci ilin aprelin 6-da AMEA-nın Əsas binasında Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin çıxışına dəstək münasibətilə “Azərbaycan əsgərinin zəfəri: inam və dəstək” mövzusunda tədbir keçirildi. Tədbirdə iştirak edən yüzlərlə akademiya mənsubları, o cümlədən gənclər birmənalı şəkildə ölkə başçısına və onun əsgərlərinə sonsuz dəstəklərini bildirməklə qazanılmış zəfərə görə onlara təşəkkür etdilər və şəhid olmuş igidlərimizi rəhmətlə andılar.

Əlbəttə, hər bir uğur, böyük zəfər müəyyən itkilərin olmasını şərtləndirir. Əgər o zəfər döyüşlərdə qazanılıbsa və nəticəsi böyükdürsə onda təbii ki, insan ölümü qaçılmaz faktora çevrilir. Necə ki, dördgünlük aprel döyüşlərində böyük zəfərimizin müqabilində, düşmənə nisbətən xeyli az, lakin bizim üçün hər biri əziz və şücaət göstərmiş şəhidlərimiz də oldu. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin Azərbaycan xalqına yaşatdıqları igidlik nümunəsi və zəfər eşqi neçə Vüqar, Raquf, Urfan, Ömər kimi oğulları bizdən aldısa, ondan da çox Murad, Təbriz, Pəncəli kimi oğulların doğulmasına yol açdı. Bu gün fərqi yoxdur, sıravi bir gəncin və ya gənc alimin ən ümdə arzusu belə igid oğullar kimi düşməni qanına qəltan etməkdir, vətən və zəfər uğrunda şəhid olmaqdır.   

 http://azertag.az/xeber/Aprel_doyusleri_siyasi_irade_igidlik_ve_inamin_harmoniyasi-1048216

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.