Fotos
AMEA Genetik Ehtiyatlar İnstitutunda “Genom data analizi üçün Python” adlı proqramlaşdırma dilinin tədrisi ilə bağlı təlim keçrilib
İyn 01 , 2017 | 01:53 / ELMİN TƏBLİĞİ
Oxunma ( 213 )

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda “Genom data analizi üçün Python” adlı proqramlaşdırma dilinin tədrisi ilə bağlı təlim başlanılmışdır. Təlimin keçirilməsində məqsəd bu dilin köməyi ilə Yeni Nəsil Sekvensləmə texnologiyaları vasitəsilə alınmış bioloji datanın emalı və interpretasiyasını həyata keçirtməkdir.

Python böyük araşdırma mərkəzlərində geniş istifadə olunur və elmi hesablamalar üçün çoxlu kitabxanalara malikdir. Proqramlaşdırmanın müasir tələblərinə cavab verən bu dil universaldır.  Həmçinin biologiya sahəsində ən çox istifadə olunan proqramlaşdırma dillərindən biridir. Bu gün Google, Intel, CISCO, Hewlett-Packard, Qualcomm, IBM və NASA kimi qurumlar bir çox layihələrini Python dilində işləyib hazırlayırlar. Sözügedən dil pulsuz olaraq yayılır və öyrənmək asan və əyləncəlidir. Odur ki, Python dili nəinki peşəkar proqramçılar tərəfindən istifadə olunur, eləcə də həvəskarlar, məktəblilər də bu dilin imkanlarından geniş surətdə faydalanırlar. 

Təlim İnstitutun Biotexnologiya şöbəsinin elmi işçisi Orxan Bağırlı tərəfindən keçirilmişdir. O, bakalavr təhsilini dövlət proqramı vasitəsilə Kanadanın Toronto Universitetində Elektrik və komputer mühəndisliyi ixtisası üzrə almışdır. Bu müddət ərzində universitetin Energetika cəmiyyətinin elmi tədqiqat işləri üzrə prezident, Azərbaycanlı tələbələr cəmiyyətinin vitse-prezidenti vəzifələrində çalışmış, dəfələrlə fərqlənmə sertifikatlarına layiq görülmüşdür.

Magistratura təhsilini isə İsveçin Uppsala Universitetində tam təqaüdlə Enerji Texnologiyaları ixtisası üzrə bitirmişdir. Təhsil aldığı dövrdə “Azərkosmos” ASC-də  mütəxəssis vəzifəsində, Fransanın Airbus Defence and Space şirkətində Peyk missiyasının planlaşdırılması üzrə çalışmışdır.

Hal-hazırda elmi ədəbiyyatın mütaliəsini asanlaşdıracaq veb-servis üzərində işləyir, həmçinin İnstitutun Biotexnologiya şöbəsinin İnsan genetikası qrupunda data elmi ilə bağlı proyektlərdə iştirak edən O.Bağırlı gələcək işlərini Süni İntellekt Alqoritmlərinin Bioinformatika səhəsinə tətbiqi istiqamətində planlaşdırır.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.