Genetik alim Qazaxıstanda elmi ezamiyyətdə olub
İyn 06 , 2017 | 02:40 / Mühüm hadisələr
Oxunma ( 2411 )

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun (GEİ) elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehrac Abbasov Qazaxıstan Respublikasının 6 günlük ezamiyyətdə olmuşdur. O, Almata şəhərində keçirilən “Genetika, genomiks, bioinformatika və biotexnologiya üzrə IV beynəlxalq konfrans”da iştirak etmişdir. Tədbirdə Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə, Böyük Britaniya, Almaniya, Yaponiya, Estoniya, Latviya, Özbəkistan, Belarus və s. ölkələrdən 200-ə yaxın tədqiqatçı iştirak etmişdir.

M.Abbasov konfransda “Bərk və yumşaq buğda nümunələrinin genetik müxtəlifliyinin Yeni Nəsil Sekvenserləri ilə qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış etmiş, GEİ-də genom texnologiyalarının ümumi vəziyyəti və son illərdə əldə edilən nəticələr haqqında iştirakçılara məlumat vermişdir.  O, həmçinin dünyada ilk dəfə olaraq, ABŞ-ın Şimali Dakota Universitetinin alimləri ilə birgə hazırlanan buğda bitkisinin tam genomunu əhatə edən 830 praymerlik panel və amplikon sekvensləmə protokolu, alınmış nəticələr, o cümlədən arpa bitkisinin amplikon sekvensləmədən alınan tək nukleotid polimorfizmi əsasında asosiativ xəritələnmənin nəticələrini nümayiş etdirmişdir. Məruzə ətrafında müzakirələr aparılmış, yeni hazırlanmış panelin əhəmiyyəti vurğulanmış, Azərbaycanda genetik ehtiyatların müasir texnologiyalarla tədqiqi və əldə edilən nailiyyətlər yüksək qiymətləndirilmişdir. M.Abbasov konfransın “Genomiks və bioinformatika” seksiyasına moderator təyin edilmiş və Almaniyalı həmkarı professor Martin Gavar ilə birgə iclası aparmışdır. Tədbir zamanı Qazaxıstan, Rusiya, Türkiyə, Yaponiya, Böyük Britaniya və Belarus alimləri ilə birgə tədqiqatların aparılması, alim və tələbə mübadiləsi, birgə seminarların təşkili üzrə danışıqlar aparılmış və müəyyən razılıqlar əldə edilmişdir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.