Fotos
AMEA Aşqarlar Kimyası İnstitutunda gənclərlə görüş keçirilib
İyl 05 , 2017 | 03:53 / Görüşlər
Oxunma ( 78 )

5 iyul 2017-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) çalışan gənc alim və mütəxəssislərlə onların elmi rəhbərlərinin iştirakı olmadan görüş keçirildi. Bu formatda görüşün gənclərin öz problemlərini çəkinmədən, səmimi şəkildə söyləməsi üçün təşkil olunduğunu vurğulayan İnstitutun direktoru akademik Vaqif Fərzəliyev ilk öncə rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyəti, son illər həyata keçirilən elmi tədqiqatları və əldə olunan elmi nəticələri haqqında gənc tədqiqatçılara marifləndirici məlumat verdi. O bildirdi ki, bəzi hallarda bir laboratoriyada çalışan gənc mütəxəssislər qonşu laboratoriyada yerinə yetirilən elmi işlərdən məlumatsız olur: “Elm yolunu seçən hər bir şəxs öz məşğul olduğu tədqiqat sahəsindən başqa, çalışdığı elmi müəssisənin fəaliyyət istiqamətləri əldə olunan yeniliklərdən xəbərdar olmalıdır. Bu onların gələcəyin hərtərəfli, əsl alim kimi yetişməyinə köməklik göstərə bilər”.

V.Fərzəliyev elmi-tədqiqat müəssisələrində əmək haqlarının az olduğunu, bununla əlaqədar gənclərin elmə marağının az olduğunu, işsizlikdən, məcburiyyətdən gələn gənclərin (xüsusən, oğlanların) müəyyən təcrübə topladıqdan sonra iş yerini əməkhaqqı yüksək olan yerlərə dəyişdiyini Akademiya sisteminin üzləşdiyi çox ciddi problem kimi xarakterizə etdi: “Bu neqativ hallara qarşı AMEA rəhbərliyi tərəfindən bir sıra tədbirlər görülür, gənclərin elmə cəlb olunması üçün, müxtəlif həvəsləndirmə tədbirləri həyata keçirilir. İnstitutmuzun Gənc Alim və Mütəxəssislər Şurası da bu istiqamətdə yeni-yeni təşəbbüslərlə çıxış edir. Çalışırıq ki, sizdən gələn maddi dəstəklə bağlı təşəbbüsslərinizi dəstəkləyək. İndiyə qədər gənclər arasında keçirilən adlı mükafatlar, elmi müsabiqələrin bir məqsədi Sizin istedadlı alim kimi yetişməyiniz üçündürsə, digər məqsədi maddi ehtiyaclarınızı ödəməkdir”.

İnstitut rəhbəri gənc doktorant, dissertantların öz elmi işlərinə daha çox vaxt ayırmasını, təhsil müddətində öz dissertasiya işlərini müdafiə etmələrinin zəruriliyini vurğuladı: “Sizin üzləşdiyiniz əsas problemlərdən biri kimi xaricdə referatlaşdırılmış, nüfuzlu jurnallarda məqalə çap etdirməyinizlə bağlıdır. Xəbərim var ki, o jurnalların əksəriyyəti ödənişlidir. Akademiya rəhbərliyinə məlumat vermişəm ki, heç olmasa o xərcləri bir formada Akademiya ödəsin”.

AKİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri dosent Əfsun Sucayev gənclərin dissertasiya işləri, müdafiələri, qrant layihələrində iştirakı ilə bağlı ünvanlandırdığı bir sıra təkliflərlə çıxış etdi.

Gəncləri narahat edən problemlər yerində araşdırıldı, həll olunması üçün göstərişlər verildi, onları maraqlandıran digər suallar cavablandırıldı.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.