Patoloji xəstəliklərə qarşı alınan yeni dərman maddələri ancaq klinik analizldən sonra dərman kimi istifadə oluna bilər
İyl 02 , 2017 | 08:32 /
Oxunma ( 2510 )

Əfsun Sucayev

Kimya üzrə fəlsəfə doktoru, dosent

 

Həyata keçirilən elmi tədqiqatın əsas istiqaməti neft məhsulları olan sürtkü materiallarının, sənaye yağlarının oksidləşməsinin qarşısını alan antioksidantlar almaqla bağlı olub. Bu sahədə aparılan tədqiqatlar nəticəsində öyrənilmişdir ki, oksidləşmə prosesi radikal-zəncirvari prosesdir və antioksidantların təsiri də radikal mexanizmlə baş tutur. Digər tərəfdən, müəyyən olunmuşdur ki, canlı orqanizmlərdə müasir təbabətin ən aktual problemlərindən olan bəd xassəli şişlərin (xərçəng) əmələ gəlməsi də ilkin mərhələdə radikal mexanizmlə baş verir. Ona görə bir çox hallarda karbohidrogenlərin oksidləşməsinin qarşısını alan antioksidantlar qeyd olunan şişlərin qarşısını alan fizioloji fəallıq da nümayiş etdirirlər. Belə olan halda, sintezləri nəzərdə tutulan antioksidantların fizioloji fəal maddələr kimi də tədqiqini məqsədəuyğun saymaq olar.

Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin  respublikamızda dərman zavodlarının yaradılması ilə bağlı göstərişindən irəli gələn məsələləri yerinə yetirmək,  ölkəmizin əczaçılıq sənayesinin inkişafı məqsədilə dünyanın aparıcı elmi müəssisələri ilə birgə tədqiqatlara start verilib. İlk öncə, bu istiqamətdə oxşar tədqiqatlar aparan elm mərkəzlər araşdırılıb. Türkiyənin Atatürk Universiteti,  İtaliyanın Florensiya Universiteti, Səudiyyə Ərəbistanın Kral Səud Universiteti alimləri ilə birgə “Fizioloji fəal maddələrin sintezi və tədqiqində yeni yanaşmalar” adlı tədqiqatlara başlanılıb. Sintez edilən 50-yə yaxın  maddə mərhələ şəklində Türkiyə göndərilib. Həmin maddələrin fərqli metodla canlı orqanizmdə antioksidant, hüceyrə və toxuma səviyyəsində patoloji hallara səbəb olan enzim-izoenzim proseslərə inhibitor təsirləri xarici həmkarlar tərəfindən də təsdiqlənib. Beləliklə, analizlərin ilkin nəticələri müsbət olub. Bu nəticələrə görə, alınan maddələr orqanizmdə bədxassəli şişlərə, “ağıl zəifliyi-yaddaşitmə”, mədə traktının və tənəffüs yollarının iltihabına səbəb olan neqativ proseslərə yüksək inhibitor təsir göstərmək imkanındadır. Qeyd olunan xəstəliklərdə standart dərman kimi tətbiq olunan tokoferol və alfa-troloks preparatlarına nisbətən alınan yeni dərman maddələri 10 dəfə yüksək təsirə malikdir.

İlkin nəticələr İtaliya Milli Tədqiqat Şurası (İMTŞ) Biomolekulyar və Biogörüntülənmə İnstitutunun alimlərinin diqqətini cəlb etdiyi üçün həmin İnstitutun aparıcı alimləri tərəfindən Aşqarlar Kimyası İnstitutuna rəsmi müraciət olunaraq müştərək tədqiqatlar həyata keçirmək və nəticə etibarilə yeni dərman maddələrin klinik sınaqlarının aparılması təklif olunub. Hətta həmin İnstitutun alimləri ilə birlikdə  AMEA və İMTŞ arasında imzalanmış Elmi Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində 2018-2019-cu illər üçün elan olunmuş beynəlxalq müsabiqəyə “Patoloji hallara səbəb olan karbon anhidraz inhibitorların yaradılması” adlı layihə təklifi hazırlanıb və təqdim olunub. Bu layihə reallaşacağı təqdirdə, növbəti ildə yüksək inhibitor xassələrə malik dərman maddələrin klinik sınaqları həyata keçiriləcək. Əgər bu sınaqlar da müsbət nəticə verərsə onların dərman kimi istifadəsi mümkün olacaq.

Son günlər KİV-də bu məsələ ilə bağlı yayımlanan xəbərlərdə müəyyən anlaşmamzlıqlar olmuşdur. Yuxarıda qeyd olunduğu kimi ilk dəfə AMEA Aşqarlar Kimyası İnstitutunda alınan dərman maddələrinin tətbiqi ilkin müsbət nəticələrdən sonra yenidən İtaliya mütəxəssislərinin nəzərdə tutduğu klinik sınaqlardan sonra mümkün olacaqdır.

Bir dərman maddəsinin bir orqan, toxuma, hüceyrədəki xəstəliyə müsbət təsir edirsə, digər orqanlara 15-20-dən çox neqativ təsiri ola bilər. Bu, yalnız klinik sınaqlar vasitəsilə mümkündür. İndiki halda bu analizləri Azərbaycanda yerinə yetirmək mümkün deyil və xarici ölkələrdə aparılması böyük xərclər tələb edir. Ona görə də çox vaxt sintez olunan dərman maddələri sınaqdan keçmədiyi üçün həyata vəsiqə qazana bilmir, istehsalata tətbiqi də mümkünsüz olur. Bununla əlaqədar, İnstitutun əsas elmi nailiyyəti ilk mərhələdə yüksək fizioloji təsirə malik olan yeni dərman maddəsini almaq, onun nəzəri əsaslarını yaratmaq olub. Ardınca, heç bir xərc tələb olunmadan dərman maddələrin xaricdə klinik sınaqların aparılması məhz Avropalı alimlərin öz təşəbbüsləri ilə mümkün olacaqdır. Belə çıxır ki, onlar bu yüksək təsirli maddələrin istehsalata tətbiqinə inanırlar və bu işdə çox maraqlıdırlar. Çünki V Bakı Beynəlxalq Humanitar Forumda kimya üzrə Nobel mükafatı laureatları – Ada Yonat, Ariye Varşel və Aron Çexanoverin də qeyd etdiyi kimi daha çox ekoloji tarazlığın pozulmasından irəli gələn xəstəlikdoğuran bakteriya və göbələklərin antibiotiklərə müqavimətinin artmasının bəşəriyyət üçün ciddi problemə çevrilməsi, yeni antibiotiklərin kəşfi və istehsalına başlamağın zəruriliyi alınan yeni dərman maddələrinin hazırda tətbiq olunan standart dərman preparatlarına nisbətən daha yaxşı farmakoloji təsirə malik mürəkkəb maddələrin əldə edilməsinə gətirib çıxarır. Eyni zamanda, bakteriya və mikrob infeksiyalarına qarşı mübarizə aparmaq məqsədilə daha yaxşı dərmanların istehsalını təmin edir.

Məlumat üçün bildiririk ki, AMEA Aşqarlar Kimyası İnstitutunda əvvəllər də bir sıra fizioloji fəal maddələr alınmışdır. Belə ki, İnstitutda sintez edilmiş xüsusi aşqarlar - biosidlər neft məhsullarını mikrobioloji zədələnmədən mühafizə etməklə yanaşı, başqa sahələrdə də bioloji (fizioloji) aktivlik göstərir. Məsələn, sintez olunan aminotiollar və aminospirtlərin bəzi törəmələri keyləşdirici və gözün selikli qişasına terminal anesteziya təsiri göstərir. Tədqiqatlar İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunda aparılmışdır. Öz aktivliyinə görə bu maddələr geniş istifadə olunan “ksikain”ə nisbətən 7 dəfə üstündür. Həmin birləşmələrin “bioloji sınağı” Rusiya Elmi-Tədqiqat İnstitutunun “Biokimyəvi farmakologiya” laboratoriyasında aparılan tədqiqatlar nəticəsində onların antialkohol xassəsi də müəyyən edilmişdir.

Bundan əlavə qeyd olunan son müştərək beynəlxalq elmi araşdırmaların nəticələri “Tomson Reuters”, “Scopus” beynəlxalq elmi bazalarda referatlaşdırılmış, impakt faktoru 2,5-3,5 olan ABŞ, İngiltərənin nüfuzlu jurnallarının beynəlxalq ekspertləri tərəfindən yüksək qiymətlıəndirilib, 1 monoqrafiya, eləcə də 6 məqalə şəklində dərc olunmuşdur. Qeyd olunan faktlarla bağlı daha ətraflı məlumatları aşağıdakı linklərdən tanış olmaq olar.

 

 

https://www.amazon.com/Approaches-Synthesis-Physiologically-Active-Substances/dp/3659869864

http://www.tandfonline.com/doi/abs/10.3109/14756366.2015.1113172

http://www.tandfonline.com/doi/abs/10.3109/14756366.2016.1156104

http://www.tandfonline.com/doi/abs/10.1080/14756366.2016.1198901

https://scholar.google.com/citations?view_op=view_citation&hl=ru&user=LqalLiMAAAAJ&citation_for_view=LqalLiMAAAAJ:W7OEmFMy1HYC

http://onlinelibrary.wiley.com/doi/10.1002/jbt.21931/full

http://onlinelibrary.wiley.com/doi/10.1002/jbt.21897/full

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.