Bakıda kimya elmləri və texnologiyaları III Beynəlxalq Türk Dünyası konfransı keçiriləcək
Sen 12 , 2017 | 09:10 / Mühüm hadisələr
Oxunma ( 2143 )

Sentyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kimya elmləri və texnologiyaları III Beynəlxalq Türk Dünyası konfransı işə başlayıb.

Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, ABŞ, Türkmənistan, Pakistan, Qırğızıstan və digər ölkələrdən olan alim və mütəxəssislərin qatıldığı tədbiri giriş sözü ilə ADNSU-nun rektoru, professor Mustafa Babanlı açıb. Alim çıxışında ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının ölkə Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirib.

Rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, bu ali məktəbdə elmin, təhsilin inkişafı istiqamətində reallaşdırılan layihələr barədə məlumat verən prof. M.Babanlı konfransın əhəmiyyətindən danışıb.

Sonra AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev çıxış edərək bu yaxınlarda İtaliyanın Florensiya şəhərində Kataliz üzrə 13-cü Avropa Konqresinin keçirildiyini və həmin beynəlxalq tədbirdə iştirak etdiyini bildirib. Alim konqresə İslam ölkələrindən çoxlu sayda alimlərin qatıldığını, türkdilli ölkələrdə müxtəlif elm sahələrində, o cümlədən kimya elmləri sahəsində səmərəli tədqiqatların aparıldığını, uğurlu nəticələrin əldə olunduğunu söyləyib.

Konfransda Milli Məclisin deputatı Aydın Mirzəzadə, Türkiyənin Sakarya Universitetinin professoru Əhməd Tutar və başqaları çıxış edərək cəmiyyətin tərəqqisində elmin, təhsilin mühüm rolundan bəhs edib, konfransın işinə uğurlar arzulayıblar.

Tədbirdə Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Sonra müxtəlif mövzularda məruzələr dinlənilib, kimya elmləri və texnologiyaları, bu sahədə aparılan tədqiqatlar, əldə olunan elmi nailiyyətlər müzakirə edilib.

Beynəlxalq konfrans sentyabrın 13-də başa çatacaq.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.