Fotos
AMEA Fiziologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasında gənc fizioloqları maraqlandıran məsələlər müzakirə olunub
Sen 27 , 2017 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 2680 )

Bu gün AMEA-nın Fiziologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının illik fəaliyyət planına müvafiq olaraq 2017-ci ilin ikinci yarımilinin ilk iclası keçirilib. İclasda institutun gənc alim və mütəxəssisləri, magistratura pilləsinin tələbələri iştirak edib. Tədbiri giriş sözü ilə açan biologiya üzrə fəlsəfə doktoru, “Gənc alim və mütəxəssislər Şurası”nın sədri Zenfira Qədimova magistratura pilləsinə yeni qəbul olmuş tələbələri şura üzvlərinə təqdim edib, keçirilən silsilə seminarların məqsədindən söz açıb. Bildirib ki,  əsas məqsəd  gənc alimlərin apardıqları elmi tədqiqat işlərinin nəticəsini birgə müzakirə etmək və təcrübələri digərləri ilə paylaşmaq, gənclərdə elmə marağı artırmaqdır. İlin sonunda keçiriləcək Gənc alimlər qurultayı haqqında məlumat verən Z.Qədimova gəncləri AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 22 sentyabr 2017-ci il tarixli sərəncamı ilə elan olunan  “Ana dilimiz – milli varlığımızdır”  adlı müsabiqənin şərtləri haqqında da məlumatlandırıb.

Eyni zamanda o, iclas iştirakçılarını AMEA-nın “Gənc tədqiqatçı” jurnalı haqqında məlumatlandırıb, məqalələrini çap edə biləcəkləri barədə tövsiyyələrini çatdırıb. İclasda gənclərin təklifləri, qarşılaşdığı problemlər dinlənilib, birgə həlli yolları müzakirə edilib.

Sonda iclas iştirakçılarına institutun gənc alimlərinin fəaliyyətini əks etdirən slayd nümayiş olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.