Fotos
Dünya şöhrətli alimin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Noy 21 , 2017 | 03:42 / Mühüm hadisələr
Oxunma ( 2168 )

Noyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasında görkəmli kristalloqraf alim, AMEA-nın müxbir üzvü Xudu Məmmədovun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. AMEA-nın Kimya və Yer elmləri bölmələrinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA Rəyasət Heyətinin üzvləri, müvafiq bölmələr üzrə fəaliyyət göstərən elmi müəssisələrin rəhbərləri, yerli və xarici qonaqlar iştirak ediblər.
Öncə tədbir iştirakçıları Xudu Məmmədovun foto, ornament və əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan akademik Akif Əlizadə Xudu Məmmədovun həyat və yaradıcılığından danışıb. Alimin xalqımızın yetişdirdiyi unikal şəxsiyyətlərdən olduğunu deyən AMEA rəhbəri onun alimlik zirvəsinə ucalması, öz fəaliyyəti ilə Azərbaycan elminə göstərdiyi xidmətləri və milli vətənpərvərlik ruhlu bir mütəfəkkir kimi tanınması barədə söz açıb.
Çıxışında akademik mərhumun kristalloqrafiya sahəsində öz sözünü demiş alimlərdən olmasıyla yanaşı, sovet rejiminin hökm sürdüyü dövrdə ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparan azsaylı ziyalılarımızdan olduğunu xüsusilə vurğulayıb.
Sonra AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev Xudu Məmmədovun həyatı və elmi-ictimai fəaliyyətindən danışıb. Mərhumun qayğılı uşaqlıq illəri və mərhumiyyətlərlə dolu tələbəliyini təsvir edən akademik Dilqəm Tağıyev Xudu Məmmədovun hələ gənc yaşlarında nadir istedad və dərin zəka sahibi kimi dünyada məşhurlaşan alimlərdən olduğunu deyib. Xudu Məmmədovla bağlı dünya elmi ictimaiyyətinin nümayəndələri tərəfindən söylənilən fikirləri iştirakçıların nəzərinə çatdırıb.
Yubiley tədbirində "Xudu Məmmədov – teleportret" filmi nümayiş olunub.
Tədbirdə Amerika Birləşmiş Ştatlarının Virciniya Universitetinin professoru Faiq Musayevin "Xudu Məmmədov və zülalların quruluş problemləri", Türkiyənin Qars Qafqaz Universitetinin professoru Hacalı Nəcəfovun isə "Xudu Məmmədovun yaradıcılığında elm və sənətin vəhdəti" mövzularında məruzələri dinlənilib.
Xudu Məmmədovun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, xalq şairi Sabir Rüstəmxanlı, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimova, geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmudov və digər çıxışçılar vətənpərvər alimin həyat və yaradıcılığından, fəlsəfi düşüncələrindən, kristalloqrafiyanın tədqiqi işinə verdiyi mühüm töhfələrdən, eləcə də ictimai xadim kimi yüksək təşkilatçılıq keyfiyyətlərindən danışıblar. Atası ilə bağlı xatirələrini bölüşən Xudu Məmmədovun oğlu Toğrul Məmmədov tədbirin sonunda təşkilatçılara ailələri adından dərin minnətdarlığını bildirib.
Daha sonra konfrans işini AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda məruzələrin dinlənilməsilə davam etdirib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.