Fotos
Böyük elmə böyük və təmənnasız xidmət
Dek 19 , 2017 | 11:46 / Mühim hadisələr
Oxunma ( 539 )

Əfsun Sucayev

AMEA AKİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent

Bu gün nəinki Azərbaycan, ümumiyyətlə dünya kimya elminə böyük töhvələr verən, elmə öz möhürünü vuran, saymaqla qazandığı titullar və elmi nailiyyətləri bitməyən, sözü və əməli ilə biz gənc nəslə nümunə olan AMEA Aşqarlar Kimyasının İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin doğum günüdür. Vaqif müəllim sözün əsl mənasında o qədər böyük alim və şəxsiyyətdir ki, onun zəngin həyat və yaradıcılığına qiymət vermək iqtidarında deyiləm, türklər demişkən, əsla bu təşəbbüsdə də bulunmamışam. Axı, bu dəyərli alimin mənim kimi elmin əlifbasın öyrənmək istəyən sıravi bir gəncin qiymətləndirməsinə ehtiyacı da yoxdur. Amma mənim kimi hər bir kimyaçı gəncin hələ bundan sonra onun yaratdığı məktəbdən bəhrələnməyə çox ehtiyacı vardır.

Vaqif müəllim ölkəmizdə elmə daha çox töhvə verən kimyaçı alimlərin birincisidir. Bunu tək mən demirəm. Təkcə “google.az” axtarış sistemində ad və soyadını yazmaq kifayətdir ki, onun elmə gətirdiyi sayı-hesabı bilinməyən elmi yenilikləri ardıcıllıqla sıralansın.

Vaqif müəllim Azərbaycan ziyalısı üçün lazım olan bütün meyarları özündə dolğun əks etdirən müdrik bir insandır. Onun üz cizgilərinə bircə dəfə baxmaq və bircə dəfə də ünsiyyətdə olmaq yetərlidir ki, əsl ziyalı və müdrik insanın necə olması haqqında təsəvvür formalaşdırasan.

Doğurdan özümü ona görə şanslı hesab edirəm ki, Vaqif müəllim mənim elmi rəhbərimdir. Təvazökarlıqdan uzaq olsa da deyim ki, əgər elmdə nəyisə qazanmışamsa o şəxsiyyətə daha çox borcluyam. Rəhbərlik etdiyi İnstitutda həm ictimai vəzifə daşıdığımdan, həm də laboratoriyada elmi rəhbərliyi altında çalışdığımdan demək olar ki, onunla hər gün daha çox görüşmək imkanım olur və hər məqamdan istifadə edib o imkanı reallığa çevirib, hər gün yeni bir şey öyrənirəm, desəm heç də yanılmaram. Onunla keçirdiyim hər bir görüşdə özümü dəqiq riyazi məntiqə əsaslanan müzakirələrə alışmış hesab edirəm. Ondan təkcə elmin sirlərini deyil, sadəlik, təvazökarlıq, səmimiyyət, vətənpərvərlik, gələcəyə inam kimi yüksək əxlaqi keyfiyyətlər əxz etməmk mümkün deyil. O, təkcə mənə deyil, ümumiyyətlə öz işçisindən tutmuş tələbəsinə qədər hamıya öz fikirlərini düzgün, səlist ifadə etmələri üçün dəyərli məsləhətlər verir.

Vaqif müəllimdə müşahidə etdiyim keyfiyyətlərdən biri də Azərbaycan və dünya ədəbiyyatına baglı insan kimi mütaliəyə daha çox yer ayırmasıdır. Onun ən sevimli məşğuliyyətindən biri kitab oxumaq, eyni zamanda çoxlu hikmətli sözlər, aforizmləri yadda saxlamağı və onlardan müzakirə olunan məsələyə uyğun yerində işlətməklə etdiyi söhbətə əlavə mənalılıq və şirinlik gətirməsidir. Ona görə də heç bir mübaliğəyə yol vermədən söyləyə bilərəm ki, ensiklopedik biliyə və geniş erudisiyaya malik olan Vaqif müəllim istedadlı alim və xalqımıza xas zəngin mənəvi keyfiyyətlərin nadir daşıyıcılarındandır.

Olduqca mənalı və şərəfli ömür yoluna, elmi fəaliyyətinə malik, milli ideallara bağlı nəcib şəxsiyyəti doğum günü münasibəti ilə rəhbərlik etdiyim AKİ Gənc Alim və Mütəxəssislər Şurasının gəncləri adından ürəkdən təbrik edirəm, şəxsinə can sağlığı, ailə xoşbəxtliyi, özünün də inandığı Azərbaycanın parlaq elmi gələcəyi naminə yeni-yeni uğurlar arzulayıram.

Vaqif müəllim, ən azı 100 il yaşayın, çünki elmdə biz gənclərin Sizdən öyrənəcəyi çox şeylər var.

https://az.wikipedia.org/wiki/Vaqif_F%C9%99rz%C9%99liyev

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.