AMEA Aşqarlar Kimyası İnstitutunun gənc alimlərin layihəsi Elmin İnkişaf Fondunun qrant müsabiqəsinin qalibi olub
Yan 20 , 2018 | 01:04 / Elmi müsabiqələr
Oxunma ( 2662 )

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə elan etdiyi müsabiqəyə yekun vurub. Gənc alim və mütəxəssislərin 4-cü qrant müsabiqəsi (“Mənim ilk qrantım”) adlanan bu müsabiqədə 19 qalib layihə müəyyənləşdirilib və Elmin İnkişafı Fondunun qərarı ilə təsdiq olunub (http://sdf.gov.az/development/uploads/cari_qrant/eif-gam-4-bgm_qalibler.pdf). Bu qrantlar yalnız ilk dəfə qrant üçün müraciət edən gənc alim və mütəxəssislərə verilib. Multidissiplinar və tətbiqi xarakterli tədqiqatlara, müxtəlif akademik və təhsil qurumlarından, sahə elmi-tədqiqat institutlarından olan alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə elmi ekspertizanın nəticələri əsasında seçim zamanı üstünlük verilib.

Qeyd edək ki, qalib layihələrdən biri AMEA Aşqarlar Kimyası İnstitutunun gənc alimlərinə məxsusdur. Layihə rəhbəri, İnstitutun kiçik elmi işçisi, doktorant Xədicə Məmmədyarovanın məlumatına görə qalib olduqları layihənin adı "Çoxfunksiyalı aşqarların və patoloji proseslərə qarşı rol oynayan bioaktiv maddələrin kompüter sintezi və canlı orqanizmlərdə immun müdafiə sistemlərinə təsirinin tədqiqi" adlanır. Fundamental və tətbiqi xarakterli müştərək layihədir. Fiziologiya İnstitutu ilə birgə yerinə yetiriləcək.

Layihənin məqsədi həm İnstitutun profilinə uyğun olaraq sürtkü materialları üçün yüksək təsirə malik çox funksiyalı yeni aşqarlar, digər tərəfdən fizioloji fəal maddələr müasir üsullardan istifadə edərək sintez ediləcək. Fiziologiya İnstitutunda isə həmin maddələrin funksional xassələri və immun müdafiə sistemlərinə təsiri öyrəniləcək. Bu tədqiqat işini bir il müddətinə həyata keçiriləcək .

Layihə şərçivəsində 1 nəfər əməkdaşımız Layihənin mövzusuna uyğun olaraq əməkdaşlıq etdiyimiz Tirkiyənin Atatürk Universitetində qısamüddətli təcrübə keçəcək.

X.Məmmədyarova hesab edir ki, Elmin İnkişaf Fondu tərəfindən gənc alim və mütəxəssislərə böyük dəstək verilir: "Həm maddi kömək olunur. Çünki gördüyümüz işlərin müqabilində hər ay əmək haqqı alacağıq. Eyni zamanda təcrübələrimizin aparılması üçün maddi-texniki avadanlıq və reaktiv alınacaq, bu da indiki şəraitdə böyük dəstəkdir. Çünki doğurdan bizə lazım olan reaktivləri tapmaqda çox çətinlik çəkirik. Xarici ölkələrdə aparıcı elm müəssisələrində təcrübəkeçmə isə bilik və bacarıqlarımızın artmasına xidmət edir".

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 6 aprel tarixli 1418 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu Proqramın həyata keçirilməsi üzrə Tədbirlər planının 6.3.2 bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu mütəmadi olaraq 35 yaşadək olan gənc alim və mütəxəssislər üçün qrant müsabiqələrini təşkil edərək keçirib və bu ənənə müxtəlif formatlarda bu gün də davam etdirilir.

İndiyə qədər baş tutmuş gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsi çərçivəsində 25, 2-ci müsabiqəsi üzrə 25 və  3-cü müsabiqəsi çərçivəsində 24 layihə qalib elan edilib, ötən illər ərzində bu layihələr uğurla yerinə yetirilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.