Fotos
Akif Əlizadə: “Gənc alimlər prioritet elmi istiqamətlərdə tədqiqatlar aparmalıdır”
Mart 14 , 2018 | 01:35 / Mühüm hadisələr
Oxunma ( 2198 )

Martın 14-də AMEA-nın Əsas binasında Akademiyada 2017/18-ci tədris ili üçün elmlər doktoru pilləsi üzrə doktoranturaya qəbul ilə bağlı iclas keçirilib.

Tədbirdə AMEA-nın bölmələrinin elmi katibləri, institut direktorları, təhsil şöbələrinin müdirləri, elmlər doktoru pilləsi üzrə namizəd doktorantlar və onların məsləhətçiləri iştirak edirdilər.

İclasda çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə elmlər doktoru pilləsi üzrə doktoranturaya qəbula dair müəyyənləşdirilmiş mövzuların dünya elminin tələblərinə cavab verməsinin vacibliyini vurğulayıb. “Gənc alimlər prioritet elmi istiqamətlərdə tədqiqatlar aparmalıdır”, – deyə bildirən alim onların dünya elminə inteqrasiyasının, əldə etdikləri mühüm elmi nəticələrin nüfuzlu beynəlxalq nəşrlərdə çap edilməsinin zəruriliyini önə çəkib.

A.Əlizadə AMEA-nın əsas hədəflərindən birinin də gənclərin elmi və təşkilati fəaliyyətinə dəstək vermək, onları yüksəkixtisaslı peşəkar kadr kimi yetişdirməkdən ibarət olduğunu qeyd edib. Son zamanlar elm və təhsilin inteqrasiyasının sürətləndiyini deyən AMEA rəhbəri gənc tədqiqatçıları bu prosesdə fəal iştirak etməyə çağırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra AMEA-nın elmi bölmələri üzrə doktoranturaya qəbul olunmuş 37 tədqiqatçının mövzusu ətrafında müzakirələr aparılıb, doktorantlara gələcəkdə müvafiq elmi sahələrin perspektiv inkişafı üçün əhəmiyyətli mövzulara üstünlük vermələri tövsiyə edilib.

Müzakirələrdən sonra bəzilərində dəyişiklik olunmaqla doktorantların mövzuları təsdiq edilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.