AMEA Kimya Problemləri üzrə Elmi Şuranın iclası keçirilib
Mart 29 , 2018 | 12:27 / Mühim hadisələr
Oxunma ( 133 )
28 mart 2018-ci il tarixində M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda  AMEA-nın Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Kimya Problemləri üzrə Elmi Şurasının (KPEŞ)   iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı açaraq bildirdi ki, bu il Şurada 6 məruzənin dinlənilməsi nəzərdə tutulur və məqsədəuyğun hesab edilən işlər dinlənilmək üçün AMEA Rəyasət Heyətinə təqdim olunacaq. Bu gün M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitunun laboratoriya müdiri, kimya üzrə elmlər doktoru, professor  Nizami Zeynalovun “Polimer hidrogellər dərman maddələrinin daşınması və gen terapiyasında effektiv vector kimi” adlı məruzəsi dinləniləcək. Sonra söz məruzəçiyə verildi. 
Professor  Nizami Zeynalov polimer hidrogellər, onların  dərman maddələrinin daşınmasında və gen terapiyasında  istifadəsi haqqında dünya miqyasında və laboratoriyada aparılan işlərdən, alınmış nətıcələrdən danışdı. 
  Natiq bildirdi ki, hazırda  tibbdə dərman maddələrinin uzun müddətli təsirinə nail olmaq üçün  daşıyıcı kimi polimer gellərdən istifadə olunması aktual bir məsələdir. Məlumdur ki, aşağı molekul kütləli dərmanlar orqanizmdə uzunmüddət qala bilmirlər, onlar ya sürətlə xaric olunur, yaxud metobolizmə uğrayırlar. Ona görə də nəticəyə nail olmaq üçün dərman preparatlarının artıq miqdarda və ya onların təkrarən qəbul edilməsi lazım gəlir. Orqanizmdə bioloji aktiv birləşmələr özlərinin fiziki-kimyəvi xassələrinə uyğun olaraq yayılırlar və ancaq çox nadir hallarda daxil edilmiş dərmanların 10%-ə qədəri zədələnmiş orqanlara təsir göstərə bilirlər. Bioloji aktiv birləşmələrin polimer daşıyıcılara immobilizə olunması onların farmakoloji xüsusiyyətlərini yaxşılaşdırır, təsir müddətini və aktivliyini artırır, toksiki təsirini azaldır, zədələnmiş orqanlara təsir qüvvəsini çoxaldır və hətta saxlanılma zamanı stabilliyini artırır. Professor qeyd etdi ki, Azərbaycan Dövlət Tibb Universiteti ilə birgə bu sahədə aparılan  tədqiqatlarda mühüm nəticələr əldə olunmuşdur. Belə ki, doksorubisinin  immobilizə olunması üçün poliakril turşusu və poli-N-vinilpirrolidon əsasında yeni yaddaşa malik polimer hidrogellər sintez olunmuş, onların sorbsiya qabiliyyəti öyrənilmiş və yüksək sorbsiya qabiliyyətinə malik olduqlarım müəyyən olunmuşdur.Polimer hidrogellərdə immobolizə olunmuş doksorubisinin müxtəlif Ph-larda, 37 (C-də geldən ayrılması prosesini zamandan asılılığı tədqiq edilmiş və müəyyən edilmişdir ki, polimerdən doksorubisin müəyyən zaman müddətində kiçik porsiyalarla ayrılır. Nəticədə bu tip polimerlərin istifadəsi ilə şiş xəstəliklərinin eksperimental müalicəsində doksorubisinin terapevtik dozasını xeyli azaltmaq mümkün olacaqdır.
Sonra məruzə ətrafında geniş müzakirələr aparıldı və məruzənin Rəyasət Heyətinə təqdim olunması qərara alındı.
 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.