Fotos
Qubada AMEA Gənc alim və mütəxəssislərin iştirakı ilə elmi-praktik konfrans keçirilmişdir
Apr 09 , 2018 | 03:28 / Mühim hadisələr
Oxunma ( 499 )

6 aprel 2018-ci il tarixində Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü ilə əlaqədar, ölkəmizdə keçirilən silsilə tədbirlərə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı AMEA Gənc Alim və Mütəxəssislər Şurası ilə birgə Nazirliyin qurumlarında fəaliyyət gostərən həmkarlar ittifaqı komitə sədrlərinin bir qrupunun, gənc alim və tədqiqatçıların iştirakı ilə Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil etmişdir.

Ziyarətçilər ilk növbədə, erməni vəhşiliyinin əyani sübutu olan kütləvi məzarlığa baş çəkərək faciə qurbanlarının məzarları üzərinə qərənfillər qoymuşlar. Daha sonra memorial muzey kompleksinə baş çəkən ziyarətçilər burada soyqırıma aid olan sənədli eksponatlarla tanış olmuşlar.

Sonra Quba Soyqırımı Memorial Kompleksinin zalında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə respublikanın gənc alim və tədqiqatçılarının iştirakı ilə “Azərbaycanlıların soyqırımı - 100 il” mövzusunda elmi-pratik konfrans keçirilmişdir.

Soyqırım qurbanlarının və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunduqdan sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov elmi-praktik konfransın işini açıq elan edərək ermənilərin tarix boyu Azərbaycan xalqının başına gətirdiyi qanlı müsibətlərə geniş nəzər salmışdır. Həmçinin, soyqırımı qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi və xalqın milli yaddaşının bərpası və tarixi həqiqətlərin aşkarlanması sahəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi işlərdən geniş söhbət açmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək XX əsrdə baş verən ən dəhşətli faciələrdən biri kimi tariximizə həkk olunmuş "31 mart - Azərbaycanlıların Soyqırımı Günü"nün miqyası və coğrafiyası baxımından bu faciələrin içində ən amansızı, Qubada olan məzarlığın soydaşlarımızın başına gətirilən müsibətin əyani təzahürü və tarixi gerçəklik olduğunu bildirmişdir.

Fövqəladə Hallar Nazirliyi Aparatı Katibliyinin rəis müavini Ziya Hacılı “Azərbaycan xalqının milli yaddaşının qorunması və tarixi gərçəkliyin bərpasında 1918-ci il soyqırımı hadisələrinin tarixi-siyasi əhəmiyyətinin təhlili” mövzusunda çıxış edərək soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin Azərbaycan xalqının qan yaddaşının bərpa olunması baxımından əhəmiyyəti rol oynadığını qeyd etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavidan Qasımlı, Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafarzadə, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitunun ədəbi tənqid şöbəsinin doktorantı Gülnar Qasımlı və digər natiqlərin 1918-ci il soyqırımə hadisələri və erməni vandalizmi haqqında geniş çıxışları ilə konfrans işini davam etdirmişdir.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.