Fotos
AMEA-da görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirəsinə həsr olunan tədbir keçirilib
Apr 30 , 2018 | 01:41 / Mühüm hadisələr
Oxunma ( 1917 )

Aprelin 30-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunan tədbir keçirilib.

Elm, təhsil və səhiyyə işçilərinin iştirak etdiyi tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alim Zərifə Əliyevanın Azərbaycan tibb elminin, xüsusi ilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafına verdiyi dəyərli töhfələrdən danışıb. Bildirib ki, akademik Zərifə Əliyeva təbabətdə öz dəstxəti olan novator alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib.

Akademik A.Əlizadə qeyd edib ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanımın şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub, gözlərinə işıq verilib. O, istedadlı alim, tanınmış ictimai xadim olmaqla yanaşı, gözəl həyat yoldaşı, qayğıkeş ana olub: “Görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım müasir Azərbaycan tarixində mühüm yeri olan iki prezidentin həyatında vacib rol oynayıb. Ulu öndər Heydər Əliyevin yaxın silahdaşı, Prezident İlham Əliyevin tərbiyəçisi olub”.

Çıxışının sonunda AMEA rəhbəri ömürlərə sevinc, gözlərə nur bəxş edən Zərifə xanım Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıb.

Sonra çıxış edən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov görkəmli oftalmoloq alim Zərifə Əliyevanın zəngin həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən danışıb, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini diqqətə çatdırıb.

“Zərifə xanımın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxcəhətlidir” – deyən akademik Ə.Əmiraslanov dünya şöhrətli alimin çoxşaxəli elmi yaradıcılığının 12 monoqrafiya, 160-dan çox elmi iş, bir ixtira və 12 səmərələşdirici təklifdə əksini tapdığını bildirib. Onun sözlərinə görə, bu tədqiqatlar yalnız göz xəstəliklərinin müxtəlif bölmələrini əhatə edən elmi işlərdən deyil, həm də problemin həllinə xüsusi yanaşmadan ibarətdir.

Ə.Əmiraslanov ölkəmizdə ilk dəfə görmə orqanının peşə xəstəlikləri ilə Zərifə Əliyevanın məşğul olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, görkəmli alimin ən böyük uğuru onun yaratdığı elmi məktəbin davam etməsidir. Zərifə Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzində tələbələri onun əməllərini uğurla davam etdirirlər.

Daha sonra Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımov çıxış edərək görkəmli akademikin XX əsr Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolundan danışıb.

Böyük elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini yüksəklərə qaldıran görkəmli alimin əvəzsiz xidmətlərini xüsusi qeyd edən mərkəzin direktoru deyib ki, o, Azərbaycanın cənub rayonlarında əhali arasında geniş yayılmış traxoma xəstəliyinə qarşı aparılan bütün mübarizə tədbirlərində fəallıq göstərib, peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində də tədqiqatlar aparıb.

“Zərifə xanımın elmi fəaliyyətinin istiqamətləri öz aktuallığını itirməyib və müasir oftalmoloqlar üçün çox faydalıdır. Azərbaycan oftalmologiyasının bugünkü inkişafı kilinik və elmi baxımdan Zərifə xanımın adı ilə bağlıdır və onun elmi istiqamətlərinin tərkib hissəsidir. O, Azərbaycan oftalmologiyasını bütün dünyada tanıdıb", - deyə E.Qasımov bildirib.

Rəhbərlik etdiyi qurum haqqında məlumat verən E.Qasımov bildirib ki, 1977-ci ildə Zərifə xanım Əliyeva bu mərkəzin Bakıda tikilməsinə dair təşəbbüslər göstərib. O, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin açılışında dövlət başçısı da iştirak etdiyini diqqətə çatdırıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Fiziologiya İnstitutunun direktoru, b.e.d. Ulduz Həşimova və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistrantı Gülnar Abdullayeva çıxış edərək bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr etmiş Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən danışıblar.

Konfransın sonunda görkəmli alimin həyat və fəaliyyətinə həsr olunan filmi nümayiş etdirilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.