Fotos
Gənc arxeoloq və etnoqraf alimlər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini məktəblilərlə birgə qeyd ediblər
May 08 , 2018 | 12:40 / Mühim hadisələr
Oxunma ( 353 )

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası Suraxanı rayonu E.Qaranzadə adına 270 saylı orta məktəbin birgə həmin təhsil müəssisəsinin şagirdləri üçün marifləndirici tədbir təşkil edib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ə.İsgəndərov yubileyin keçirilmə əhəmiyyətindən danışmış və müasir Azərbaycanın, məhz Xalq Cümhuriyyətinin varisi olduğunu vurğulamışdı.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Bəxtiyar Cəlilov çıxışında bildirib, 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Onun sözlərinə görə, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır.

B.Cəlilov, həmçinin, bu kimi tədbirlərin məktəblərdə keçirilməsinin xüsusi əhəmiyyətə malik olmasını da vurğulayıb və Azərbaycan tarixinin şanlı səhifələrindən olan, şərqdə yaranmış ilk demokratik Respiblikanın əhəmiyyəti və onun haqqında şagirdlərə verilən marifləndirici məlumatların, onların vətənə və onun tarixinə olan sevgisinin formalaşmasında müsbət təsir edən amil olduğu qeyd edib.

Sonra tədbirdə iştirak edən t.e.d.,prof. F. Vəliyev və t.ü.f.d. Z.Əmrahov mövzu ilə əlaqədar geniş məruzələr ediblər. Onlar məktəblilərin diqqətinə çatdırıb ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edilib və yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirib.

Alimlər onu da qeyd ediblər ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə keçirilir.

Tədbirdə çıxış edən alimlər məktəb şagirdlərinə AXC-nin fəaliyyəti və həyata keçirdiyi tədbirlər haqqında  dolğun məlumatlar veriblər. Sonda şagirdlərin  AXC-nin qurucuları, dövrün beynəlxalq siyasi vəziyyəti, AXC-nin həyata keçirdiyi mühüm tədbirlər, respublikanın suqutu səbəbləri və s. bu kimi çoxsaylı sualları cavablandırılıb.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.