Fotos
"Sabahın alimləri" ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində fərqləniblər
May 29 , 2018 | 03:00 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2430 )

Dünyanın ən böyük şagird elmi müsabiqəsi hesab olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisini “Kiçik Nobel mükafatı” müsabiqəsi də adlandırırlar.

Təsadüfi deyil ki, 20-dən artıq Nobel mükafatı laureatı hələ məktəb illərində bu müsabiqədə iştirak edib və qalib olublar. Müsabiqənin qalibi 75 min ABŞ dolları məbləğində “Qordon Mur” mükafatına layiq görülür.

1997-ci ildən keçirilən sərgiyə qatılmaq üçün hər il müxtəlif ölkələrdən 7 milyona yaxın məktəbli müraciət edir. Ölkəmizi bu sərgidə təmsil edən məktəblilər “Sabahın alimləri” müsabiqəsində seçilir.

Cari ilin 13-18 may tarixlərində ABŞ-da İntel Fondunun təşkilatçılığı ilə növbəti Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirilib. Beynəlxalq sərgiyə dünyanın 75 ölkəsindən 1800-dən çox məktəbli qatılıb.

Azərbaycanı bu nüfuzlu müsabiqədə 2018-ci ilin fevral ayında ölkə üzrə keçirilən “Sabahın alimləri” müsabiqəsinin qalibləri - akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri - Əliağa Abdullayev və Adnan Bünyatov fizika-astronomiya bölməsi üzrə, Cavid Hüseynzadə və Ceyla Hüseynzadə kompüter elmləri, Fidan İbrahimova biologiya, Bakı şəhəri 238 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Hacıyev isə ekologiya və ətraf mühitin idarə olunması bölmələri üzrə layihələrlə təmsil ediblər.

Akademik Zərifə Əliyeva adına Liseyin X sinif şagirdi Cavid Hüseynzadə və həmin liseyin IX sinif şagirdi Ceyla Hüseynzadənin “TreLop” layihəsi proqramlaşdırma sahəsində mükəmməl layihə kimi Oracle Akademiyasının beş min ABŞ dolları məbləğində mükafatına layiq görülüb.

Həmçinin AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşları, professor Rövşən Xəlilov və b.ü.f.d. Aygün Nəsibovanın rəhbərliyi ilə A.Bünyatovun və Ə.Abdullayevin hazırladıqları “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” adlı layihə “BMT-nin dayanıqlı inkişaf hədəfi” nominasiyasında YUNESCO-nun nəzdində Ukrayna Milli Mərkəzi - Kiçik Elmi Akademiyası tərəfindən mühüm tədqiqat kimi 3-cü yerə və 1000 ABŞ dolları məbləğində xüsusi mükafata layiq görülüb. Bundan əlavə, onlara medal və sertifikat təqdim edilib.

Əldə edilən müvəffəqiyyət onlara ABŞ universitetlərində təhsil almaq üçün geniş imkanlar yaradır. Belə ki, məktəblilər artıq Pensilvaniya Texnologiya Kolleci, Missuri Universiteti və Stony Brook Universiteti kimi ABŞ-ın nüfuzlu təhsil ocaqlarında təhsillərini davam etdirmək üçün təkliflər alıblar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.