Fotos
Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan elmi müsabiqəyə yekun vuruldu
İyn 01 , 2018 | 12:46 / Elmi müsabiqələr
Oxunma ( 6043 )

01 iyun 2018-ci il tarixdə AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan gənc mütəxəssislər arasında elan olunan gənclər üçün “Akademik Əli Quliyev mükafat"ı və "Ən yaxşı elmi məruzə" müsabiqəsi qaliblərinin mükafatlandırılması tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə açan AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev bildirdi ki, son illər Akademiyada gənclərin elmi-ictimai fəallığı nəzərə çarpır: “Bu da təbii ki, Akademiya rəhbərliyinin gənc elm adamlarına olan diqqət və qayğısından irəli gəlir. Bunun məntiqi nəticəsidir ki, həm elmlər doktorluğu, həm də fəlsəfə doktorluğu üzrə müdafiə edib elmi ad və dərəcə qazananların sayında artım baş verib”.

V.Fərzəliyev dedi ki, Aşqarlar Kimyası İnstitutunda çalışan gənc alim və mütəxəssisləri daha yüksək səviyyəli elmi tədqiqatlara həvəsləndirmək üçün keçirilən istər adlı mükafat, istərsə də elmi müsabiqələr artıq ənənəvi hal alıb: "Bu isə imkan verir ki, gənc tədqiqatçılar həm maddi dəstək ala bilsinlər, eyni zamanda elmi məruzə etmək, elmi məqalə yazmaq vərdişlərinə yiyələnə bilsinlər, sözün əsl mənasında sabahın əsl istedadlı alimi kimi yetişsin”.

Akademik qeyd etdi ki, artıq 5 ildir tətbiq olunan bu təcrübə demək olar ki özünü doğruldur: “Çünki ildən ilə müsabiqəyə maraq göstərən gənclərin sayı artmaqla, onların elmi məruzələrini keyfiyyəti və təqdimatları da maraqlı alınır”.

AEMA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov qeyd etdi ki, gənc tədqiqatçılar arasında sağlam elmi rəqabət yaratmaq baxımından müsabiqələr çox uğurlu və beynəlxalq təcrübədir: “Sevindirici haldır ki, Akademiya rəhbərliyi ildən ilə gənc alimlər arasında keçirilən elmi müsabiqələrin həm sayını, həm də çeşidini artırıb. Məsələn, 35 yaşa qədər elmlər doktoru olan gənc alimlərə 5 min manat mükafatın verilməsi, xarici, nüfuzlu jurnallarda məqalələri dərc olunan gənc tədqiqatçıların da ildə bir dəfə mükafatlandırılması, 30 yaşa qədər doktorantlar və magistrlər arasında keçirilən müsabiqələr gənclərimizin elmə marağını artırıb”.

F.Salmanov qeyd etdi ki, Akademiya rəhbərliyinin bu siyasətinə yerli institut və təşkilatların, o cümlədən Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının “gənclər üçün akademik Əli Quliyev mükafat”ı və “Ən yaxşı elmi məruzə adlı ənənəvi müsabiqələrlə dəstək verməsini yüksək qiymətləndirmək olar.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev çıxışında qeyd etdi ki, bu dəfə müsabiqə əlamətdar yubiley hadisəsinə həsr olunub. Onun sözlərinə görə  bu il müstəqil vətənimizin şanlı və şərəfli tarixinə qızıl hərflərlə yazılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bir əsr tamam oldu: “100 il bundan öncə məhz bu şanlı tarixi bir gündə müsəlman dünyasınının ilk parlamentli demoktratik respublikasının təməli qoyuldu. Bu gözəlliyi minbir zəhmət və əziyyətlə bizlərə yaşadan ulu babalarımızı böyük rəhmət və sayqı ilə anmaq, ruhları qarşısında baş əymək fikrimcə hamının borcudur. Aşqarlar Kimyası İnstitutu əməkdaşları onların gənc mütəxəssisləri olaraq biz də hesab etdik ki, ölkə rəhbərinin məlum sərəncamından irəli gələn vəzifələr çərçivəsində belə bir elmi müsabiqə keçirək. Hesab edirəm ki, bu müsabiqədə iştirak edənlər və qaliblər illər ötsə də fəxr edəcəklər ki, belə bir şanlı tarixə həsr olunan bir müsabiqədə iştirak edib və fərqlənib”.

Hər iki müsabiqədən söz salan Şura sədri vurğuladı ki, bu dəfə də əvvəlki kimi namizədlərin seçimi zamanı məruzənin mövzusunun aktuallığı, əldə olunan nəticələrin elmi və praktikliyi, məruzəçinin sualları cavablandırması səviyyəsi və mövzu ilə əlaqədar dərc etdiyi elmi əsərlər kimi bir neçə əsas meyar müəyyənləşdirilmişdir. O vurğuladı ki, istər gənclər üçün “Akademik Əli Quliyev adına mükafat”, istərsə də “Ən yaxşı elmi məruzə” müsabiqəsinin qaliblərinin seçilməsi zamanı ekspert dəyərləndirilməsi şəffaf aparılıb.

Müsabiqə Komisiyasının üzvi, k.ü.f.d. Şahmərdan Əliyev qaliblərin seçilməsi meyarları və qiymətləndirmə, eləcə də məruzə təqdimatlarında müşahidə etdiyi üstünlüklərdən danışdı.

Sonda qaliblərə diplomlar təqdim olundu.

Qeyd edək ki, hər iki müsabiqə üzrə Ekspertlər Şurası üzvlərinin yekdil qərarı ilə “124” balla 10 saylı laboratoriyanın doktorantı Mənsurə Hüseynova müsabiqənin I yerinə, “119” balla 7 saylı laboratoriyanın kiçik elmi işçisi Lalə Mahmudova və “94” balla 3 saylı laboratoriyanın disertantı Günay İsmayılova müsabiqənin II yerinə, və “90” balla 1 saylı laboratoriyanın kiçik elmi işçisi Xədicə Məmmədyarova və “88” balla 11 saylı laboratoriyanın elmi işçisi Aida Yusifova müsabiqənin III yerinə, 7 saylı laboratoriyanın disertantı Ulduz Cəfərova isə müsabiqənin həvəsləndirmə mükafatına, son bir ildəki elmi nailiyyətlərinə görə isə, 6 saylı laboratoriyanın disertantı Könül Qəhrəmanova gənclər üçün “Akademik Əli Quliyev adına mükafat”ına layiq görülmüşlər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.