Fotos
Azərbaycan məktəbliləri Türkiyədə keçirilən OKSEF-2018 beynəlxalq layihə olimpiyadasında böyük uğura imza atıblar
İyn 13 , 2018 | 08:37 / Elmi müsabiqələr
Oxunma ( 5521 )

04-10 iyun 2018-ci il tarixlərdə Türkiyənin İzmir şəhərində "OKSEF-2018" məktəblilərin beynəlxalq elmi ideya və layihə olimpiyadası keçirilib. Nümayəndə Heyətinin üzvi, AMEA Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayevin verdiyi məlumata görə, dünyanın 38 ölkəsindən 120 nəfər iştirakçısının 60 layihə ilə qatıldığı bu möhtəbər tədbirdə ölkəmizi 3 qrup nümayəndə heyəti təmsil edib. Müsabiqənin biologiya kateqoriyası üzrə Avropa-Azərbaycan məktəbinin 10-cu sinif IB kurrikulumu üzrə təhsil alan Ülvi Cabbarov və Fuad Xasıyev (Elmi rəhbər Elvin Abdullayev) qızıl, həmin məktəbin 10-cu sinif şagirdləri - Samir Məmmədov, Yasəmən Həsənzadə (Elmi rəhbər Mələk Əzizova) və Nizami rayonu 251 saylı orta məktəbin 10-cu sinif şagirdi Cavad Cəbrayılov (Elmi rəhbər dosent Əfsun Sucayev) bürünc medala layiq görülməklə, 100 faizlik nəticə göstəriblər.

O qeyd etdi ki, müsabiqəyə ümumilikdə 452 layihə təqdim olunub. Bir neçə mərhələli ekspertizadan keçən 60 layihə olimpiyadanın final mərhələsinə vəsiqə qazanılıb.

Ə.Sucayev vurğulayıb ki, final mərhələsində ekspert dəyərləndirilməsi ingilis dilində olmaqla 5 dəqiqə poster, 12 dəqiqəlik slaytla şifahi təqdimatdan ibarət olub. Qiymətləndirmə üzrə hər kateqoriya üzrə 4 beynəlxalq ekspert iştirak edib. Onlar layihəni və müəlliflərin çıxışlarını qiymətləndirib, məktəblilər layihə ilə bağlı sualları cavablandırıblar.

Yekunda qaliblərə diplom, medal və xatirə hədiyələri, bütün iştirakçılara isdə sertifikat təqdim olunub.

Müsabiqə çərçivəsində layihə iştirakçılarının təmsil olunduğu ölkələr haqqında qısametrajlı film və milli-mədəniyyət nümunələri nümayiş olunub.

Məlumat üçün qeyd edək ki, Nizami rayonu 251 saylı orta məktəbin 10-cu sinif şagirdi Cavad Cəbrayılov kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayevin elmi rəhbərliyi, kimya üzrə fəlsəfə doktoru Nəzər Nəzərovun təcrübi rəhbərliyi altında 2017/2018-ci il müddətində AMEA Aşqarlar Kimya İnstitutunda “Müxtəlif xəstəliklərə səbəb olan patoloji proseslərə qarşı rol oynayan yeni inhibitorların yaradılması” adlı layihəni yerinə yetirib, təcrübi işləri “İnstitutun “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasında həyata keçirib.

Onu da bildirək ki, 13 ildir keçirilən bu beynəlxlaq olimpiyadanın əsas məqsədi istedadlı, yaradıcı məktəbliləri elmi və texnoloji araşdırmalar aparmağa həvəsləndirmək, elmi və mədəni mübadilə etmək üçün bütün dünyada eyni yaş qrupundan gəncləri bir araya gətirmək, gənclərin elmi araşdırmalar əsnasında etik qaydaları öyrənməyə və onların yaradıcılıq imkanlarını inkişaf etdirməkdən ibarətdir.

Qeyd edək ki, bu müsabiqə müxtəlif adlar altında ABŞ, İngiltərə, Rusiya, Argentina, İtaliya, İspaniya, Meksika və sair ölkələrdə keçirilir.

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.