Fotos
AMEA Rəyasət Heyətinin yeni tərkibdə ilk iclasında bir sıra mühüm məsələlər müzakirə olunub
İyn 29 , 2018 | 06:27 / Mühim hadisələr
Oxunma ( 2081 )

İyunun 29-da AMEA Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilib. 

Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə keçirilmiş müsabiqənin qaliblərinə mükafatları təqdim edib. Müsabiqənin nəticələrinə əsasən 14 gənc alim mükafatlandırılıb.

Sonra “Magistr – 2018” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.

İclasda müzakirəyə çıxarılan ilk elmi-təşkilati məsələ 2018-2023-cü illərdə AMEA-nın qarşısında duran vəzifələr haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik Akif Əlizadə bildirib ki, AMEA-da elmi-texniki potensialın daha da inkişaf etdirilməsi, elm, təhsil və iqtisadiyyat arasında əlaqələrin gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Qeyd edib ki, AMEA beynəlxalq elmi əlaqələrin genişləndirilməsini, nanotexnologiyalar, kiber-fiziki sistemlər, süni intellekt eləcə də başqa elm sahələrində tədqiqat proqramlarının işlənməsini və elmin inkişafı üçün mühüm tədbirlərin həyata keçirilməsini başlıca hədəf kimi qarşıya qoymalıdır.

AMEA rəhbəri “Azərbaycan elminin inkişaf doktrinası” layihəsindən də danışıb. Layihədə elmin idarə edilməsi, təşkili və maliyyələşdirilməsi sistemlərinin təkmilləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların prioritetlərinin ölkənin sosial-iqtisadi, mədəni-ictimai problemlərinin həllinə yönəldilməsi, elmlə təhsilin inteqrasiyası, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib.

Gündəlikdə yer alan növbəti məsələ AMEA Rəyasət Heyəti üzvləri arasında vəzifə bölgüsü ilə bağlı olub. Akademiyanın iyunun 8-də keçirilən Ümumi yığıncağında seçilmiş AMEA-nın prezidenti və AMEA Rəyasət Heyətinin yeni tərkibdə üzvləri arasında vəzifə bölgüsü qərarla təsdiq edilib.

Sonra AMEA-nın professorlarının koordinasiya şurasının yaradılması məsələsi müzakirə olunub. Bildirilib ki, şuranın yaradılmasında məqsəd AMEA-nın professorları üçün müəyyən edilmiş vəzifələrin icrasını təmin etmək, həmçinin AMEA professorlarının Akademiyanın elmi və elmi-təşkilati həyatında daha yaxından iştirakına nail olmaqdır. İclasın qərarına əsasən şura yaradılıb. Onun əsasnaməsinin hazırlanması barədə tapşırıq verilib.

Növbəti məsələ AMEA Rəyasət Heyətinin fəaliyyətinin səmərəliliyinin artırılması haqqında olub. Məsələ ilə bağlı çıxış edən AMEA rəhbəri fəaliyyətin müasir tələblər səviyyəsində təkmilləşdirilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu bildirib. Akademik müzakirəyə təqdim edilən məsələlərin AMEA Nizamnaməsi ilə müəyyən edilmiş Rəyasət Heyətinin fəaliyyət istiqamətlərinə, müasir dünyanın elmi çağırışlarına, ölkəmizin elmi fəaliyyət sahəsində həyata keçirdiyi siyasətə, Akadmemiyada həyata keçirilən islahatların prinsiplərinə uyğun olmasının vacibliyini vurğulayıb.

Daha sonra Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin 14 noyabr 2017-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə bir sıra tapşırıqlar verilib.

Digər qərarla AMEA-nın Geologiya və Geofizika İnstitutunun Elmi şurasının tərkibinə qismən dəyişiklik edib. Bundan əlavə, Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi şurasının yeni tərkibi təsdiq edilib.

Sonda bir sıra kadr məsələlərinə baxılıb. 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.