Fotos
Gənc alimlər beynəlxalq təşkilatları ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azadlığa qovuşmasına dəstək olmağa çağırdı!!!
İyl 23 , 2018 | 03:16 /
Oxunma ( 2954 )
Dağlıq Qarabağ münaqişəsinin başlandığı vaxtdan etibarən Ermənistanın beynəlxalq humanitar hüquq normalarını pozmaq kimi davamlı cəhdləri, bu istiqamətdə formalaşdırdığı qeyri-ənənəvi siyasi tendensiya Ermənistan-Azərbaycan arasında davam edən müharibə dövründə əsirlikdə, girovda olan və itkin düşən soydaşlarımızın aqibəti haqqında pozitiv nəticələrə ümid etmək arzularımızı xeyli azaltmışdır. Ermənistanın beynəlxalq humanitar hüquq normalarına hörmətsiz yanaşması, müharibə qaydalarına və adi insani dəyərlərə hörmətsizlik edərək şəhid olmuş Azərbaycan hərbçilərinə qarşı qeyri-insani davranışı, həmçinin məqsədyönlü şəkildə mülki əhalini hədəfə alması haqqında təsdiqini tapmış məlumatlar olduqca çoxdur və müharibə davam etdikcə belə acı nəticələrinin şahidi olmaqdayıq.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən aparılmış araşdırmanın nəticələrinə istinadən,  itkin düşmüş və girov götürülmüş şəxslərin sayının 2007-ci il ərzində 4354 nəfər olduğu aşkar edilmişdir. Onlardan 3504 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir. Yalnız  9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 446-ı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. 2008-ci il ərzində Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə aparılan araşdırmalar nəticəsində əsir və girov götürülmüş azərbaycanlılardan daha 170 nəfərinin taleyi ilə bağlı məlumatlar aydınlaşdırılıb. Onların hazırda sağ olduğu məlum olub. Sonrakı illərdə də bu siyahıda yer alan şəxslərin daha bir qisminin taleyinə aydınlıq gətirilib. 2012-ci ilə olan rəsmi məlumatlara görə əsir, itkin və girov düşmüş şəxslərin sayı 4030 nəfər təşkil edib. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) isə Qarabağ müharibəsi zamanı 4600 nəfər itkin düşmüş şəxslər kimi qeydə alıb.
BQXK 2012-ci ildən etibarən itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün Azərbaycan və Ermənistanla birgə yeni proqramın icrasına başlayıb. Əsir və itkin düşmüş azərbaycanlıların sayı barədə Azərbaycan tərəfindən təqdim olunan sənədlər beynəlxalq təşkilatlara təqdim olunub. BMT-nin İnsan Hüquqları Şurasının 2008-ci ilin fevralında keçirilmiş VII sessiyasında silahlı münaqişələr zamanı itkin düşmüş azərbaycanlıların problemi ilə bağlı Azərbaycan nümayəndə heyətinin irəli sürdüyü Qətnamə layihəsi 38 ölkənin yekdil rəyi ilə qəbul edilib. Qətnamədə Qarabağ münaqişəsi tərəflərinin itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək üçün BQXK ilə hərtərəfli əməkdaşlıq etməsi barədə çağırış öz əksini tapıb.
Bütün yerli və beynəlxalq səviyyəli təşəbbüslərə baxmayaraq, erməni tərəfi irəli sürülən humanitar çağırışlara məhəl qoymayıb. Həmçinin Ermənistan və işğal altındakı Azərbaycan ərazilərində əsir və girovların gizli düşərgələrdə qul kimi saxlanıldığına dair məlumatların araşdırılmasına şərait yaratmayıb. Sağ qalan əsirlər və girovlar barədə məlumatların araşdırılması ilə bağlı BQXK ilə əməkdaşlıq təklif etsə də, təcavüzkar tərəf dəfələrlə bundan imtina edib. 
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında toplanmış faktlar Ermənistanda əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı münasibətdə beynəlxalq hüquq normalarını tapdaladığını, o cümlədən “müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının həyata və ya şəxsiyyətə qəsd etmək, hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və ya işgəncə vermək, insan ləyaqətinə toxunmaq kimi tələblərini kobud surətdə pozduğunu sübut edir. Ermənistan AŞPA-nın 1416 saylı Qətnaməsini yerinə yetirməyərək işğal altındakı Azərbaycan torpaqlarını azad etmir: Ermənistan tərəfindən girov götürülən azərbaycanlılar - Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar əməllər həyata keçiriblər.
Ermənistanın KİV-də Kəlbəcərin Şaplar kəndində dünyaya gələn, hazırda Rusiya vətəndaşı olan Dilqəm Əsgərovu ələ keçirdiklərini əks etdirən video görüntülər yayılmışdır. Dilqəm Əsgərov və Şahbaz Quliyev uzun illərdir ki, Kəlbəcərə gedir, Ermənistanın işğal etdiyi doğma yurd yerlərindən video çəkilişlər edirdilər. Düşmən tərəf bu şəxslərin diversant olduğu barədə məlumatlar yayır, onları ermənilərin ölümündə suçlayır. Halbuki onların tək cinayəti, bu torpaqlara təhlükəli olsa belə getməyə vadar edən yeganə səbəb öz doğma torpaqlarına qovuşmaq həsrəti idi…
Sadalanan faktları və reallıqları nəzərə alaraq biz gənc alimlər Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasını, Avropa Şurası Parlament Assambleyasını, həmçinin bu sahədə nüfuzu və təcrübəsi olan digər aidiyyəti birlikləri öz imkanlarından və səlayihətlərindən istifadə etməklə, Ermənistanın vəhşi təcavüzü nəticəsində Azərbaycan torpaqlarında girov və əsir götürülmüş soydaşlarımızın, o cümlədən Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azadlığa çıxmaları üçün bu məsələyə sərt münasibətlərini göstərmələrini və mülki vətəndaşlarımızın hürriyəti üçün zəruri addımları atmalarını tələb edirik!
  
 AMEA Gənc Alim və Mütəxəssislər Şurası

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.