Fotos
AMEA nümayəndə heyəti Astanada Gənc alimlərin Beynəlxalq Forumunda
Avg 09 , 2018 | 10:53 / Mühüm hadisələr
Oxunma ( 2109 )

8-11 avqust 2018-ci il tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində «BURABAY FORUM: beynəlxalq əməkdaşlıq» adlı Gənc alimlərin Beynəlxalq Forumu keçirilir. Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondu və həmin Fondun Elmi Şurasının təşkilatçılığı ilə baş tutan bu möhtəbər elmi tədbirdə Qazaxıstan dövlət orqanlarının rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, MDB respublikalarının Gənc Alimlər şuralarının sədrləri və gənc alimlərdən ibarət 8 ölkənin 100-dən çox nümayəndələri iştirak edir.

Ölkəmizi bu forumda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f-r.ü.f.d., dosent Famin Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti - AMEA Elm və Təhsil İdarəsinin rəis müavini, t.ü.f.d., dosent Hüseyn Hüseynov, AMEA Elm və Təhsil İdarəsinin Elmi-analitik şöbənin rəisi Fail Kazımov təmsil edir.

Astana Nazarbayev Mərkəzində öz işinə başlayan Forumun ilk günündə tədbir iştirakçıları sərgi salonunda nümayiş olunan gənc alimlərin elmi işləri ilə tanış olublar.

Açılış mərasimində giriş nitqi ilə çıxış edən Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondunun icraçı direktoru Kanat Cumbaev forumun əsas məqsədinin sərhəd əməkdaşlıq çərçivəsində Qazaxıstan Respublikası ilə MDB-nin digər ölkələrinin elm və təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, o cümlədən iştirakçı ölkələrin alimlərinin beynəlxalq səviyyədə apardıqları elmi-nəzəri və praktiki tədqiqatların ümumiləşdirilməsi və sistemləşdirilməsi istiqamətində fikir mübadiləsinin aparılması və yaxın gələcək üçün perspektiv planların müəyyənləşdirilməsi olduğunu qeyd edib. Onun sözlərinə görə bu elmi tədbir elm mütəxəssisləri üçün təkcə multidissiplinar (fənlərarası) əməkdaşlıq platforması deyil, həm də nüfuzlu alimlərin bir araya gətirilməsi üçün görüş yeri kimi seçilib.

Fond rəhbəri qeyd edib ki, 3 gün ərzində müasir tədqiqatın ən aktual məsələləri müzakirə ediləcək və bu prioritet sahələr üçün gələcək inkişaf yollarının müəyyənləşdirilməsi planlaşdırılır. Bu yolla Qazaxıstan Respublikası və MDB ölkələrinin təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi üçün ümid, və gələcəkdə birgə tədqiqat həyata keçirmək mümkün olacaq.

Forumun plenar iclasında AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f-r.ü.f.d., dosent Famin Salmanov "Azərbaycanda elmi gəncliyin inkişaf strategiyası və Şuranın fəaliyyəti" mövzusunda məruzə edib. O, çıxışında respublikamızda elm sahəsində son illər aparılan islahatlar, Azərbaycan elminin dünya elminə inteqrasiyası, elm-təhsil-innovasiya vəhdətinin yaradılması, elmə həvəsləndirmə tədbirləri, gənc alimlərimizin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və bu istiqamətdə rəhbərlik etdiyi Şuranın gördüyü işlər və bundan sonra nəzərdə tutulan fəaliyyət planları haqqında məlumat verib.

Tədbirin növbəti günlərində "Təhsil və elm inteqrasiyası: təcrübə və perspektivlər" və "MDB ölkələrində qlobal elmi və texnoloji problemlərin həllində gənclərin rolu" mövzularında təşkil edilən panel müzakirələrində bir araya gələn ev sahibi respublikanın dövlət orqanlarının rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, MDB respublikalarının Gənc Alimlər şuralarının sədrləri və gənc alimlər geniş fikir mübadiləsi aparıblar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.