Fotos
“Geologiya və geofizikanın müasir problemlərinin həllində informasiya texnologiyaları” mövzusunda VII beynəlxalq elmi konfrans işə başlayıb
Okt 15 , 2018 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 2172 )

Oktyabrın 15-də AMEA Mərkəzi Elmi Kitabxanasında “Geologiya və geofizikanın müasir problemlərinin həllində informasiya texnologiyaları” mövzusunda VII beynəlxalq elmi konfrans işə başlayıb.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun yaradılmasının 80 illiyinə həsr olunan konfransın işində dünyanın 18 ölkəsindən 140-dan çox gənc tədqiqatçı iştirak edir.

Tədbirdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək son illər ölkədə dövlətin əsas prioritetləri sırasında gənclər siyasətinin xüsusi önəm daşıdığını vurğulayıb. O, konfransın əsas məqsədinin dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, Yer elmləri sahəsində ortaq problemləri müzakirə etmək və onların həll yolları üçün təkliflər irəli sürmək olduğunu bildirib.

Prezident İlham Əliyevin: “Azərbaycan digər sahələrdə olduğu kimi, dövlətin elm siyasəti sahəsində də lider olmalıdır” – sözlərini xatırladan akademik F.Qədirov geologiya və geofizika sahəsində çalışan gənclərin müasir elmi yanaşma və metodologiyaları mənimsəmək imkanlarının artırılması baxımından tədbirin əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.

Sonra çıxış edən Geologiya və Geofizika İnstitutunun Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri, akademik Əkpər Feyzullayev gənclərin elmə marağının artırılması və tədqiqat işlərinə cəlb olunmasının vacibliyini qeyd edib. O, konfransda aparılacaq müzakirələrin gənclərin gələcək fəaliyyəti üçün müsbət rol oynayacağını diqqətə çatdırıb.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov Azərbaycan elminin inkişafında və dünya elminə inteqrasiyasında gənc alimlərin rolundan bəhs edib. Şura sədri mütəmadi olaraq hər iki ildən bir təşkil olunan beynəlxalq tədbirin gənc alimlərin yer elmləri sahəsində apardıqları elmi tədqiqat təcrübələrinin artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Geologiya və Geofizika İnstitutunun Gənc Alimlər Şurasının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov konfransın alimlərimizin xarici həmkarları ilə birgə əldə etdikləri elmi yeniliklər barədə geniş formatlı platformada müzakirələr aparmalarına şərait yaratdığını vurğulayıb. Qeyd edib ki, tədbir çərçivəsində ilk dəfə Yer elmləri sahəsində tanınmış alimlərin iştirakı ilə "ustad dərsi" formatında elmi seminarlar təşkil olunacaq. 

Daha sonra BP-nin səlahiyyətli nümayəndəsi Arzu Cavadova və Almaniyanın Martin Lüter Universitetinin professoru İan Lörç təmsil etdikləri müəssisələrin fəaliyyətinə dair təqdimatla çıxış ediblər.

Konfransda dörd panel üzrə gənclərin müxtəlif mövzularda elmi məruzələri dinlənilib, müzakirələr aparılıb.

Tədbir oktyabrın 18-dək davam edəcək.

Qeyd edək ki, beynəlxalq konfransa BP, TOTAL və SOCAR maliyyə dəstəyi verir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.