Fotos
“Elmi məqalənin nüfuzlu jurnalda nəşrə hazırlanması” mövzusunda seminar keçirilib
Dek 04 , 2018 | 04:15 / Mühim hadisələr
Oxunma ( 85 )

“Springer Nature” beynəlxalq nəşriyyatı və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) təşkilatçılığı ilə “Elmi məqalənin nüfuzlu jurnalda nəşrə hazırlanması” mövzusunda birgə müəllif seminarı keçirilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) baş tutan tədbirdə akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları, Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri, gənc alimlər, mütəxəssislər, həmçinin doktorant, dissertant və magistrlər iştirak edib.

Seminarı EİF-in icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev açaraq ölkəmizdə aparılan elmi tədqiqatların beynəlxalq miqyasda önəmindən, Azərbaycan elminin dünyada təbliğindən, alimlərimizin elmi nəticələrinin aparıcı impakt faktorlu jurnallarda çapı üçün yaradılan şəraitdən danışıb.

O, elmi məqalələrin müasir standartlara uyğun, lakonik və dolğun şəkildə yazılmasının xüsusi önəm kəsb etdiyini, “Springer Nature” şirkəti ilə əməkdaşlığın Azərbaycan alimlərinə faydalı olacağını bildirib.

Son illərdə dünyada alimləri aldatmaq və pullarını mənimsəmək məqsədilə "yırtıcı jurnallar"ın üzə çıxdığını deyən E.Babayev tədqiqatçıları bu məsələdə diqqətli olmağa, məqalələrini tanınmış jurnallarda dərc etdirməyə çağırıb.

EİF-in icraçı direktoru Azərbaycan alimlərinin məqalələrinin düzgün tərtibi, eləcə də nüfuzlu jurnalların seçilməsi istiqamətində maarifləndirici seminarların mütəmadi keçiriləcəyini söyləyib.

Tədbirdə çıxış edən MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova Elmin İnkişafı Fondu ilə Milli Rəqəmsal Yaddaş Bazasının zənginləşdirilməsi istiqamətində əməkdaşlıq etdiklərini qeyd edib.

Seminarın mövzusunun əhəmiyyətli olduğunu deyən L.İmanova 2014-cü ildə 20, 2015-ci ildə isə 60 məqalənin şirkətin ekspertlərinin təkrar qiymətləndirilməsi zamanı “Springer” elmi bazasından çıxarıldığını bildirib və alimləri məqalə hazırlayan zaman diqqətli olmağa səsləyib.

Daha sonra “Springer Nature” şirkətinin Lisenziyalaşdırma müdiri Merve Okur Karagülle təmsil etdiyi qurumun profili, Azərbaycanda tədqiqatların nəticələri, eləcə də Azərbaycan və “Springer Nature” əməkdaşlığının perspektivləri haqqında çıxış edib. O, “Springer Nature”nin tədqiqatçıların, tələbələrin, müəllimlərin və mütəxəssislərin ehtiyaclarına xidmət edən dünyanın ən aparıcı akademik və tədris nəşriyyatı olduğunu söyləyib. Qeyd edib ki, hər il nəşriyyata 1 milyona yaxın məqalə təqdim olunur və onlardan 300 mini 3 min jurnal və 13 min kitabda işıq üzü görür.

M.O.Karagüllə çıxışında Azərbaycandan “Springer Nature” nəşriyyatına ən çox məqalənin fizika, kimya və riyaziyyat sahələrindən təqdim edildiyini söyləyib. Bundan əlavə, ölkəmizdən nəşriyyata ən çox məqalənin Azərbaycan Milli Elmlər Akademiyasının alimləri tərəfindən göndərildiyini, növbəti yerlərdə isə Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin qərarlaşdığını bildirib.

Seminarda, o cümlədən “Springer Nature” şirkətinin satış direktoru Şahin Girayisə iki sessiya ərzində effektiv əlaqələndirici olmağın yolları və məqalə əlyazmasının çapa hazırlanması, həmçinin düzgün elmi jurnal seçimi və elmi məqalənin çap üçün təqdim olunma prosesi haqqında təlim keçib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.