Fotos
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi hesabat verdi
Yan 16 , 2019 | 04:19 / Mühüm hadisələr
Oxunma ( 1848 )

Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov bölmənin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Akademik hesabat ilində fundamental və tətbiqi tədqiqatların Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında 2014-2020-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin prioritet istiqamətləri"nə uyğun həyata keçirildiyini bildirib.

Bir sıra statistik məlumatları nəzərə çatdıran N.Məmmədov hesabat ilində bölmənin müəssisələrində 18 problemə aid 83 mövzu üzrə 329 tədqiqat işinin aparıldığını deyib: “12 mövzu və 148 iş artıq tamamlanıb. Bölmə üzrə ümumilikdə 76 qrant alınıb, onlardan 25-i xarici ölkələrdən alimlərlə birgə əldə olunub. Həmçinin bömənin müəssisələri 22 patent alıb”. 2018-ci ildə alimlərin 1156 məqaləsinin dərc olunduğunu vurğulayan akademik onlardan 713-nün xarici elmi jurnallarda, 454-nün Web of Science və Scopus bazalarına daxil olan impakt faktorlu jurnal və konfrans materiallarında yer aldığını qeyd edib. Əməkdaşların əsərlərinə 11689 istinadın olunduğunu söyləyib.

İclasda qeyd olunub ki, bölmədə kondensə olunmuş hal fizikası, optoelektronikanın fiziki-texniki əsasları, nüvə və yüksək enerjilər fizikası, harmonik və qeyri-harmonik analiz, optimal idarəetmə nəzəriyyəsi, qeyri-xətti dinamika məsələlərində idarəetmənin vizuallaşdırmasının kompüter texnologiyaları, deformasiya olunan bərk cism, maye və qaz mexanikasının nəzəri və tətbiqi problemləri, idarəetmədə identifikasiya texnologiyaları, siqnalların tanınması və texniki diaqnostika sistemləri, qəzaların monitorinqi və proqnozlaşdırılması sistemləri, intelektual qərar qəbuletmə texnologiyaları, süni intellekt texnologiyaları və sistemləri, idarəetmənin nəzəri problemləri, teletrafik nəzəriyyəsi, texniki obyektlərin, ekoloji, sosial-iqtisadi proseslərin modelləşdirilməsi yönündə tədqiqatlar aparılıb. Həmçinin Big Data analitikası texnologiyalarının aktual elmi-nəzəri problemləri, informasiya təhlükəsizliyinin təmin olunması problemləri, bulud texnologiyaları, elektron dövlətin formalaşması problemləri, elektron elmin, elektron tibbin formalaşmasının elmi-nəzəri problemləri, proqram mühəndisliyinin, elmmetriyanın elmi-nəzəri problemləri, informasiya və bilik iqtisadiyyatının, internetşünaslığın formalaşmasının müxtəlif aspektli problemləri, kiberfiziki sistemlərin tədqiqi, elektron təhsilin elmi-nəzəri problemləri və s. istiqamətlərdə mühim işlər görülüb. Bundan başqa, süni intellekt və sosioinformasiya texnologiyaları, terminoloji informatikanın formalaşması problemləri, radiasiya materialşünaslığı və radiasiya texnologiyaları, nüvə və radiasiya təhlükəsizliyi, radioekologiya, radiobiologiya və ekoloji təmiz energetika, səma cisimlərinin fizika və dinamikası, molekulyar və hüceyrə biofizikası texnologiyaları və onlarda gedən proseslərin riyazi modelləşdirilməsi kimi elmi istiqamətlərdə tədqiqat işləri aparılıb və bir sıra mühüm elmi nəticələr əldə edilib.

Hesabat ilində elm və təhsilin inteqrasiyası sahəsində görülən işlərdən danışan N.Məmmədov bildirib ki, hazırda bölmədə 60 doktorant təhsil alır. Ötən il doktoranturaya 13 yeni doktorant qəbul olunub, 19 doktorant isə təhsilini başa vurub.

2018-ci ildə bölmənin bütün institutlarında magistraturaya qəbulun keçirildiyini deyən bölmə rəhbəri 24 magistrantın qəbul olduğunu, hazırda 46 magistrantın təhsil aldığını bildirib. N.Məmmədov onu da əlavə edib ki, ali təhsil müəssisələrinin 200-dən artıq müəllim və tələbə heyəti il ərzində institutlarda ixtisasartırma və istehsalat təcrübəsi keçiblər. Bölmənin alimləri həm respublikamızın, həm də bir sıra xarici ölkənin universitetlərində professor kimi pedaqoji fəaliyyətlə məşğul olur, mühazirələr oxuyur, ixtisas kursları aparır, bakalavr və magistr işlərinə elmi rəhbərlik edirlər.

İclasda vurğulanıb ki, e-elm və e-təhsilin şəbəkə infrastrukturları – AzScienceNet və AzEduNet inteqrasiya olunub, internet (GEANT) şəbəkəsinə çıxış təmin edilib və beləliklə Azərbaycan alimlərinin Avropanın elm və təhsil qurumları ilə onlayn əməkdaşlığı üçün geniş imkanlar yaranıb.

Akademik-katib həmçinin bölməyə daxil olan elmi-müəssisə və təşkilatların maddi-texniki bazasının yenilənməsi və informasiya təminatı sisteminin təkmilləşdirilməsi yönündə mühim işlərin görüldüyünü söyləyib.

Məruzəsində Viki-mühitin Azərbaycanla bağlı zəruri məlumatlarla zənginləşdirilməsi, onların qorunması və inkişafında bölmənin institut və təşkilatlarının fəal iştirakının təmin edildiyini diqqətə çatdıran N.Məmmədov hazırda bölmənin bütün institutlarında Viki-qrupların fəaliyyət göstərdiyini, ötən il ərzində 1000-dən artıq məqalə və məlumatın yerləşdirildiyini bildirib.

Hesabat məruzəsində beynəlxalq və respublika səviyyəli konfransların keçirildiyi, Azərbaycan və ingilis dillərində çap olunmuş jurnallarda ölkəmizlə yanaşı, xarici müəlliflərin də məqalələrinin nəşr edildiyi bildirilib. Qeyd edilib ki, hesabat ilində bölmə əməkdaşlarının 2-si xaricdə olmaqla 10 monoqrafiyası, 8-i xaricdə olmaqla 19 kitabı, 16 dərslik və 17 elmi-kütləvi nəşri işıq üzü görüb.

İclasda qeyd olunub ki, hesabat ili ərzində bölmənin beynəlxalq əlaqələri də genişlənib. Bölmənin institutları xarici ölkələrin 200-dən artıq tanınmış elm və təhsil qurumu ilə əməkdaşlıq əlaqələri qurub, birgə tədqiqat işləri və layihələr icra ediblər. Qeyd olunub ki, hazırda 20 Azərbaycan alimi Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) çalışır. BNTİ ilə birgə tədqiqat aparan alimlərin əksəriyyəti BNTİ metodikası əsasında tədqiqatlarını AMEA institutlarında aparır və qısamüddətli ezamiyyətlər çərçivəsində Dubnaya səfər edirlər.

İclasda bölməyə daxil olan hər bir elmi müəssisə və təşkilatlardan alimlər mühüm elmi nəticələrə dair məlumatları iştirakçıların diqqətinə çatdırıblar.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb və hesabat təsdiq olunub. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə mühüm nəticələr Akademiyanın illik hesabatına daxil edilib. Elmi-tədqiqat, təhsil və təcrübi işlərin səviyyəsini artırmaq üçün müxtəlif təkliflər verilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.