Azərbaycanın böyük kimyaşı alimi vəfat edib
Yan 20 , 2019 | 04:52 / İdman yarışları
Oxunma ( 2583 )
Azərbaycan elmi ictimaiyətinə böyük itki üz verib. Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasının professoru, AMEA Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə elmlər doktoru, böyük kimyaçı alim, dəyərli elm adamı, səmimi və mehriban insan İdris Əhmədov vəfat edib.
İdris Məcid oğlu Əhmədov 1938-ci il oktyabrın 1-də qədim Azərbaycan torpağı olan Dərələyəz qəzasında anadan olmuşdur. 1956-cı ildə Şərur rayonu Oğlan-Qala kənd məktəbini qızıl medalla bitirmişdir. Həmin ildə bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsində qəbul olunmuş, 1961-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1961-64-cü illərdə Azərbaycan Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda akademik Y.Məmmədəliyevin rəhbərlik etdiyi laboratoriyanın aspirantı olmuşdur.Aspiranturanı bitirdikdən sonra, 1964-74-cü illərdə həmin institutda kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1974-93-cü illərdə indiki Azərbaycan EA Polimer Materialları İnstitutunda “Optiki aktiv birləşmələr” laboratoriyasına rəhbərlik etmişdir. 1966-cı ildə “Tərkibində halogen saxlayan yeni silisium-üzvi birləşmələr” mövzusunda namizədlik, 1986-cı ildə isə, (4+2) “Tsiklobirləşmə reaksiyalarında yeni maddələrin sintezi və tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1987-ci ildə “Üzvi kimya” ixtisası üzrə professor adını almışdır. 1993-cü ildən indiyə qədər türkiyə Respublikası, Ankara şəhərində Orta Doğu Texniki Universitetinin Kimya Bölməsində professor vəzifəsində çalışmışdır.
Professor İ.M.Əhmədov molekulunda halogen saxlayan silisium, bioloji fəal selen-üzvi, optiki aktiv üzvi birləşmələrin və optiki aktiv katalizatorların sintezi və onların Dils-Alder reaksiyasında tətbiqi sahəsində elmi-tədqiqatlar aparmışdır. Onun tərəfindən ilk dəfə olaraq 1973-cü ildə optiki aktiv Lyuis turşusu (1-metilmentolun BF3 ilə kompleksi) sintez edilmiş və Dils-Alder reaksiyaları tətbiq edilərək qeyri-aktiv maddələrdən optiki aktiv adduktların alınmasının əsası qoyulmuşdur. O, müəyyən etmişdir ki, BF3 katalizatorunun iştirakı ilə aparılan assimetrik Dils-Alder reaksiyasının selektivliyi (96%) və optiki çıxımı (80%) xeyli artır. O, həmin katalizatorun iştirakı ilə terpinol və 1,8-sineol kimi çox mühüm təbii birləşmələrin alınmasının yeni üsulunu işləyib hazırlamışdır. Onun tərəfindən ilk dəfə hexsaxlortsikopentadien əsasında bioloji aktiv inseksid sintez edilmiş və onun mütləq konfiqurasiyası öyrənilmişdir.
 
Müəyyən edilmişdir ki, termiki və katalitik şəraitində sintez olunmuş maddələr öz mütləq konfiqurasiyalarına görə bir-birindən fərqlənir. (R) konfiqurasiyalı addukt bioloji aktiv olduğu halda, (S) konfiqurasiyalı isə qeyri-aktivdir. alınmış nəticələr əsasında assimetrik Dils-Alder reaksiyasında əvvəlcədən mütləq konfiqurasiyası müəyyən edilə bilən optiki aktiv maddələrin məqsədyönlü sintezinin startegiyası hazırlanmış və əldə edilmiş nailiyyətlər bir çox monoqrafiyalara daxil edilmişdir. Onun yuxarıda qeyd edilən istiqamətdə apardığı tədqiqatların nəticələri 215 elmi əsərdə, o cümlədən 45 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 1 elmlər doktoru, 8 elmlər namizədi hazırlanmışdır.
O, dəfələrlə Beynəlxalq və Ümumittifaq səviyyəsində keçirilən simpozium və konfranslarda iştirak etmiş və öz elmi nəticələrini kimyaçı həmkarlarının nəzərinə çatdırılmışdır.
Professor İ.M.Əhmədov Türkiyənin üzvi kimya sahəsində tanınmış professorlarından Ayhan Dəmir, Cahangir Tanyeli və Metin Balçı ilə birlikdə elmi-tədqiqat işləri aparmışdır. O, onlarla doktorluq və magistr dərəcəsi alan elmi işçilərə rəhbərlik etmişdir və bu sahədə elmi və pedoqoji fəaliyyətini davam etdirir. Hal-hazırda Bakı Dövlət Universitetində “Üzvi-kimya kafedrası”nda professor, eyni zamanda AMEA Aşqarlar Kimyası İnstitutnda aparıcı elmi işçi vəzifəsində çalışırdı.
Məlumat üçün bildirək ki, İdris müəllim "qanlı 20 yanvar" faicəsinin ağır acısını yaşamış bir insan olmuşdu. Belə ki, 1990-cı ilvyanvarın 24-də vəhşiləşmiş, qəddar sovet tankçıları tərəfindən Azərbay­canın görkəmli kimyaçı alimlərinin minik maşının əzib keçmiş və avtomobildə olan kimya elmləri doktorları İbrahim İbrahimov, İsmayıl Mursaqulov, Svetlana Məmmədovanın ölümünə, İdris Əhmədov və Parlaq Mustafayevanın ağır yaralanmasına səbəb olmuşdur. Uzun müddətli müalicədən sonra sağalan İdris müəllim məhz o dəhşətli hadisədən 29 il sonra dünyasını dəyişdi.
Allah rəhmət eləsin, Qəbri nurla dolsun!!!

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.