Prezident gənclərə önəmli çağırışlar etdi
Fev 03 , 2019 | 09:15 / Müsahibələr, çıxışlar
Oxunma ( 2252 )

2 Fevral Gənclər Günü həmişə olduğu kimi, bu il də dövlət səviyyəsində qeyd edildi. Fevralın 1-də Bakı Konqres Mərkəzində Gənclər Gününə həsr olunmuş respublika toplantısı keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak etdilər. Toplantıda iştirak edən gənc alimlərdən mexanika-riyaziyyat üzrə fəlsəfə doktoru Emin Bağırov təəssüratını belə ifadə etdi:
– Belə vacib əhəmiyyətli tədbirdə iştirak etmək və təəssüratları bölüşmək çox xoş bir hissdir. Çünki gənclərə dövlətin diqqət və qayğısının bir daha canlı şahidi oldum. ­Prezident İlham Əliyevin, Birinci-vitse prezident Mehriban xanım Əliyevanın Azərbaycan gəncləri gününə həsr olunmuş respublika toplantısında iştirak etməsi, ölkə rəhbərinin geniş, əhatəli nitq söyləməsi bu sahəyə verilən dəyərin göstəricisidir. 
Dövlət başçısı nitqində gənclər gününün tarixi, gənclər siyasətinin əhəmiyyəti, gələcək perspektivləri barədə vacib məsələlərə toxundu. Gənclərin dövlət strukturlarında irəli çəkilməsi, idarəetmə prosesinə cəlb edilməsi, onların təcrübələrinin artırılması, gənc alimlərimizə dəstək göstərilməsi və digər prinsipial məsələlər dövlət başçısının çıxışında mühüm yer tuturdu. O qeyd etdi ki, gənc alimlərimiz müxtəlif sahələrdə bizim elmi potensialımızı gücləndirirlər. Ölkəmizdə bir neçə il bundan əvvəl Elmin İnkişafı Fondu, Gənclər Fondu yaradılmışdır. Bu fondlar vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır. Yəni, bizim gənclərimiz bu gün cəmiyyətdə çox fəal rol oynayırlar və əlbəttə ki, gələcəkdə siz ölkəmizi idarə edəcəksiniz. Ona görə bir daha demək istəyirəm ki, ilk növbədə, milli vətənpərvərlik yüksək səviyyədə olmalıdır. Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır. Biz xoşbəxtik ki, müstəqillik dövründə yaşayırıq. 
Prezident vurğuladı ki, bizim gənclərimiz Azərbaycanın dövlət müstəqilliyini həmişə hər şeydən üstün tutmalıdır. Müstəqilliyi qorumaq üçün mütləq bilik, savad, vətənpərvərlik və milli təfəkkür olmalıdır. 
Dövlət başçısının çıxışında əsas məqamlardan biri də gənclərə çağırış etməsi oldu. O bildirdi ki, bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır. Biz isə əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq və ilk növbədə, bu gün həll edə bilmədiyimiz məsələləri həll etməliyik, nöqsanları, problemləri aradan qaldırmalıyıq. Əlbəttə ki, gənclər bu sahədə bizim ən birinci yardımçılar ola bilərlər və olmalıdırlar. Ona görə ictimai nəzarətin gücləndirilməsi çox önəmli məsələdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, mütləq ictimai nəzarət olmalıdır. Çünki ictimai nəzarət olan yerdə işlər daha yaxşı gedir. Ona görə mən gəncləri bu məsələyə diqqət yetirməyə dəvət edirəm. 
Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə gənclərinin hərərəfli inkişafında, onların rifahının, intellektual imkanlarının genişləndirilməsində maraqlıdır.

 

Anar TURAN,
“Xalq qəzeti”

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.