Fotos
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası institutlarda monitorinqlərə başlamışdır
Mart 06 , 2014 | 05:00 / Monitorinq
Oxunma ( 901 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası akademiyanın institut və təşkilatlarında çalışan gənc alim və mütəxəssislərin fəaliyyəti, onlara yaradılmış şəraitlə yaxından tanış olmaq, mövcud problemlərini dinləmək məqsədilə monitorinqlərə başlamışdır.

Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, bu məqsədlə AMEA –nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanovun rəhbərliyi ilə şura üzvləri Botanika İnstitutunda olmuşlar.

Görüşdə Famin Salmanov çıxış edərək gündəlikdə duran məsələləri və şuranın üzərinə düşən vəzifələri diqqətə çatdırmışdır. Bildirilmişdir ki, AMEA-da Azərbaycan elminin inkişafı naminə həyata keçirilən islahatların başlıca məqsədlərindən biri də gənclərin elmi fəaliyyətinin stimullaşdırması, onların elmin inkişafındakı rolunun artırılması, sosial rifahının yaxşılandırılmasıdır.

Monitorinq qrupunun rəhbəri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev şuranın irəli sürdüyü təkliflərin gənclərin elmi, intellektual inkişafında aparıcı rol oynayacağına ümid etdiyini bildirmişdir.

Görüşdə institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aida Dadaşova elmi müəssisədə çalışan gənclərin fəaliyyətindən danışaraq, gənc kadrlara üstünlük verildiyini, institut tərəfindən gənclərin daha geniş miqyasda elmi və elmi-təşkilatı fəaliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirmişdir.

Tədbirdə çıxış edənlər gənclərin iştirakı ilə beynəlxalq konfransların keçirilməsi, gənc mütəxəssislər üçün nəzərdə tutulmuş yay-qış məktəblərinin təşkili, institutlarda xarici dil kurslarının həyata keçirilməsi, gənc alimlərin elmi fəaliyyətinin nəticələrinin sosial şəbəkələrdə geniş təbliğinin təşkili və digər təkliflər irəli sürmüşlər.

Görüşdə gənc alim və mütəxəssislərin sualları cavablandırılmış, onlara təklif və tövsiyələr verilmişdir.

Daha sonra AMEA –nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri institutun direktoru, biologiya elmlər doktoru, professor Validə Əlizadə ilə görüşmüşlər.

Validə Əlizadə gənc alimlərə rəhbərlik etdiyi institutun tarixi, elmi fəaliyyəti və istiqamətləri, beynəlxalq miqyasda aparılan elmi layihələr haqqında ətraflı məlumat vermişdir.

İnstitutun direktoru Azərbaycanın gənc alimlərinin dünya elm məkanına inteqrasiya olunmasının Botanika İnstitutunun da başlıca hədəflərindən olduğunu diqqətə çatdırmışdır.

Sonda şura üzvləri institutun müasir avadanlıqla təchiz edilmiş Herbari Fondunun yeni herbari otaqları və materialları ilə tanış olmuşlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.