Unikal sahələri tədqiq edən gənc alim
Fev 26 , 2015 | 12:07 / Müsahibələr, çıxışlar
Oxunma ( 3503 )
Orxan Abbasov: “Geologiyanın ümdə hədəfləri böyük dərinliklərdə karbohidrogen ehtiyatlarının axtarılması ilə yanaşı, alternativ yanacaq-enerji mənbələrinin geoloji və tətbiqi perspektivlərinin aşkar olunmasıdır”

Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru olan budəfəki müsahibimiz Orxan Abbasov 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) bakalavr, 2004-cü ildə isə magistr pillələrini neftçi geoloq ixtisası üzrə fərqlənmə ilə bitirib. Elə həmin ildə AMEA Geologiya (indiki Geologiya və Geofizika) İnstitutunun Palçıq vulkanizmi şöbəsində aspiranturaya daxil olub. 2008-ci ildə isə "Qobustanın Paleogen-Miosen çöküntülərində yanar şistlərin paylanma qanunauyğunluqları" mövzusunda dissertasiya işini müdafiə edərək, əmək fəaliyyətinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin müvafiq strukturunda elmi işlər üzrə direktor müavini kimi başlayıb. Sonra əmək fəaliyyətini 2009-cu ildən 2011-ci ilə qədər Geologiya İnstitutunda böyük elmi işçi-tərcüməçi (müqavilə əsasında) kimi davam etdirib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. Artıq üç ildən çoxdur ki, həm də institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimi Akademiyanın ictimai fəaliyyətində yaxından iştirak edir.
-Orxan müəllim, təhsil aldığınız ixtisasın və davam etdirdiyiniz elmi sahənin Azərbaycan üçün aktuallığını necə ifadə edərdiniz? Tədqiqat apardığınız elmi sahədə hansı yeniliklərə imza atmısınız, bu yeniliklərin həm Azərbaycan, həm də ümumilikdə dünya elminin inkişafına təsir imkanları barəsində hansı fikirləriniz var?
- Azərbaycanda karbohidrogen ehtiyatlarının zənginliyi, onların istismarı ilə əlaqədar neft sənayesinin mövcud iki əsrlik tarixi, ölkənin bugünkü inkişafında bu resursların rolu və dünyada enerji siyasətinin hazırkı mənzərəsi, zənnimcə, təhsil aldığım ixtisasın və davam etdirdiyim elmi-tədqiqatların aktuallıq dərəcəsini tam ifşa edir. Etiraf edim ki, mən ali məktəbə daxil olmağı hədəfləyərkən geoloq olmağı düşünməmişdim. Düzdür, o vaxtlar Bakının girəcəyində (Bibiheybət buxtasında) neft buruqlarını görəndə neftçi olmağımı arzu edirdim. Amma geoloq haqqında təsəvvürlərim tam başqa idi. Lakin Allahın təqdirilə mən ADNA-nın Geoloji-kəşfiyyat fakültəsinə daxil oldum. Ali təhsil aldıqca, əslində neft sənayesinin inkişafında geologiya elminin rolunu özüm üçün aydınlaşdırmağa başladım. Onu da vurğulayım ki, bu elmi sahə çox mürəkkəb sahədir. Çünki ərslərdir ki, çox görkəmli korifey alimlərimiz Azərbaycan geologiyasını öyrənmiş və bu proses hələ də davam etdirilir. Zaman baxımından, məşğul olduğum elmi sahənin ölkəmiz üçün populyarlığı həmişə aktualdır, ola bilsin ki, yalnız hədəflərin istiqamətləri dövrün tələblərinə uyğun olaraq modifikasiya olunur. Bu gün dünyada olduğu kimi Azərbaycanda da geologiya elminin ümdə hədəfləri daha böyük dərinliklərdə karbohidrogen ehtiyatlarının axtarılması ilə yanaşı, alternativ yanacaq-enerji mənbələrinin geoloji və tətbiqi perspektivlərinin aşkar olunmasıdır. Elə apardığım elmi-tədqiqatların mahiyyətində də qeyd etdiyim hədəflər durur. 
Geologiya İnstitutuna aspirant kimi daxil olanda mənə yanar şistlərin tədqiqinə dair mövzu verdilər. Halbuki ixtisasımla bağlı olan dərsliklərdə şistlərə aid yarım başlıq məlumat verilmişdi. Ümumilikdə, o vaxt bu mövzu ilə əlaqədar bir neçə məqalə tapmaq olardı, ya olmazdı. Bunun da səbəbi zəngin neft-qaz ehtiyatları və böyük neft sənayesi ənənəsinə malik olmağımız idi. Lakin Azərbaycanda digər növ alternativ yanacaq-enerji resursları kimi yanar şistlər, təbii bitumlar, qazhidratlar və s. özünəməxsus inkişaf tapıb. Bunların içində yanar şistlər xüsusi fərqlənir. Belə ki, faktiki olaraq bu tip yanacaq xammal resurslarının heç bir tullantısı olmur. Sonuncu məhsul kimi külündən (yandırıldıqdan sonra) də geniş istifadə olunur. Şistlərə BMT-nın xüsusi qətnaməsilə unkial alternativ yanacaq-enerji və xammal resursu statusu verilib. 
Yanar şistlər - energetikada, qazlaşdırmada, maye yanacaq almada, yandırma yolu ilə istilik elektrik stansiyalarında, neft-kimya məhsullarının əldə olunmasında (benzin, sürtkü yağları, benzol, fenollar, naftalin və s.), Cu, Zn, V, Cr, Mn, Co və s. mikro­elementlərin, tibbi preparatların - ixtiol, naşatır spirtinin, həmçinin yandırıldıqdan sonra onların külündən kənd təsərrüfatında mineral gübrə kimi, tikinti sənayesində isə sement istehsalında, kərpic və istilik keçirməyən plitələrin, kosmetoloji məmulatların və s. hazırlanmasında istifadə olunur . 
Hazırda dünyanın bir sıra ölkələrində bu yanacaq-enerji və xammal ehtiyatlarından - şist qazının alınmasında (ABŞ, Ukrayna, Polşa və s.), kiçik elektrik stansiyaların tikilməsində (Estoniya, Çin, Avstraliya və s.), sement (Almaniya) və gübrə istehsalında (İsveçrə), tibbi ləvazimatların hazırlamasında (Fransa, Rusiya, Çin modeli) və s. məqsədlərlə yararlanırlar. Əldə olunan məlumatlara görə ÇXR-də yanar şistlərdən 45 növ sintetik yanacaq, kimyəvi preparatlar və digər məhsullar hazırlanır.
Dissertasiya mövzum Qobustan yanar şistlərinə həsr olunsa da, indiyədək apardığım tədqiqatlara respublikanın Qusar-Dəvəçi, Quba-Xəzəryanı, Vəndam-Lahic, Abşeron və digər regionlarda inkişaf tapmış şistləri də daxildir. Məlumat üçün qeyd edim ki, ölkədə 80-ə yaxın yanar şist yataq və təzahürləri müəyyənləşdirilib. Yanar şistlərin tədqiqindən alınan elmi nəticələrə görə bəzi elmi yeniliklər alınıb. Belə ki, yanar şist təzahürləri və yataqlarının əmələgəlmə şəraitləri, intişar tapdığı regionun geoloji, tektonik-litofasial xüsusiyyətləri, geokimyəvi səciyyəsi ətraflı araşdırılıb, yanma və piroliz prosesləri təhlil edilmiş, şistlərin üzvi maddə ilə zənginliyi (orta hesabla 30%) öyrənilib. Qeyri-ənənəvi (alternativ) yanacaq-enerji resursları baxımından, yanar şistlərin yeni perspektivli sahələri ayrılıb, təzahür və yataqların proqnoz ehtiyatları hesablanıb. Alternativ yanacaq-enerji və xammal resursları kimi yanar şistlərin kompleks tədqiqat nəticələrinə istinadən onların mümkün (ilkin) istifadə perspektivləri əsaslandırılmış surətdə təklif edilib.
Azərbaycanın yanar şistlərinin əsas geokimyəvi göstəriciləri 16 ölkənin şistləri ilə eyni geokimyəvi parametrlər üzrə müqayisə edilib. Nəticə kimi qeyd etmək olar ki, respublikamızın ərazisində mövcud olan Quba, Diyallı, Böyük və Kiçik Siyəki, Cəngiçay, Cəngidağ və Keçəllər kimi yataqların yanar şistləri yuxarıda adları çəkilən ölkələrdən yalnız Estoniya və Avstraliyanın (Sidney yatağı) şistlərindən keyfiyyətcə cüzi geri qalır. 
İndiyədək yanar şistlərin tədqiqinə dair müəyyən elmi nəticələr əldə olunsa da onların ölkə üzrə istifadə olunması öz həllini tapmayıb. Ümumiyyətlə, neft və qaz tükənən enerji resurslarındandır. İstehsal və istehlak sahələrinin dinamik inkişafı enerji resusrlarına olan davamlı və artan tələbatı daha sürətləndirir. Dünya ölkələri bu məsələdə alternativ enerji resurslarının imkanlarından məharətlə istifadə edir. Lakin Azərbaycanda hələ ki, neft sənayesi dominantlıq edir. Əminliklə deyə bilərəm ki, yaxın gələcəkdə ölkəmiz unikal xüsusiyyətli yanar şistlərin istismarına diqqət yetirəcək. 
Azərbaycan həm də palçıq vulkanlarının dünya üzrə ən çox inkişaf tapdığı unikal ölkələrdəndir. İndiyədək yanar şistlər palçıq vulkanlarının intişar etdiyi neftli-qazlı rayonlar da daxil olmaqla həm yerüstü çıxışlar və həm də 200 m dərinlik (qazıma yolu ilə) üzrə tədqiq olunub. Lakin palçıq vulkanların yer səthinə çıxartdığı süxurlar 6-8 km dərinlikdən gətirilir və həmin tullantılar arasında üzvi maddələrlə zəngin, Paleogen-Miosen yaşlı yanar şistlər müəyyənləşdirilib. Belə süxurların ilkin laboratoriya analizləri gələcəkdə həmin palçıq vulkanlarının yerləşdikləri əraziləri daha dərin çöküntülərdə (paleogen-miosen) karbohidrogen yataqlarının axtarılması nöqteyi-nəzərindən tədqiqini şərtləndirir. Qeyd olunan vacib amillər gələcəkdə ölkənin yanar şist ehtiyatının yenidən qiymətləndirilməsi və Azərbaycan (əsasən Qobustan rayonunda) üçün qeyri-ənənəvi sayılan “şist qazı”nın tədqiqi məsələsini aktuallaşdırır. Bu yeni elmi problematik məsələni xüsusi diqqətdə saxlayırıq.
Bundan başqa, tədqiqat obyektimə digər növ alternativ enerji mənbəyi - təbii bitumların yanar şistlər kimi öyrənilməsi də daxildir. Yanar şist və təbii bitumların 120-yə yaxın təzahür və yataqlarının müxtəlif istiqamətlərdə tədqiqi tərəfimizdən davam etdirilir. Azərbaycanın Milli Atlasında nəşr olunan “Azərbaycanın təbii bitum və yanar şistləri” xəritəsi də ilk dəfə tərəfimizdən tərtib olunub.
Yuxarıda qeyd etdiyim elmi məsələlər müasir dünya geologiyasının əsas tədqiqat istiqamətlərini əhatə edir. Enerji resurslarının idxalçısı kimi Azərbaycanda bu yöndə aparılan tədqiqatlar təkcə ölkə üçün deyil, beynəlxalq səviyyədə xüsusi aktuallıq və əhəmiyyət kəsb edir. 
İlkin AĞAYEV

 

"Palitra" qəzeti

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.