“Xaricdə tədqiqat və təhsil imkanlarından səmərəli istifadə olunmalıdır”
Fev 27 , 2015 | 12:09 / Müsahibələr, çıxışlar
Oxunma ( 3235 )

Orxan Abbasov: “Azərbaycan alimlərinin daha əvvəl söylədikləri fikirlər hələ indi xarici alimlər tərəfindən təsdiqlənir”
Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru olan budəfəki müsahibimiz Orxan Abbasov 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) bakalavr, 2004-cü ildə isə magistr pillələrini neftçi geoloq ixtisası üzrə fərqlənmə ilə bitirib. Elə həmin ildə AMEA Geologiya (indiki Geologiya və Geofizika) İnstitutunun Palçıq vulkanizmi şöbəsində aspiranturaya daxil olub. 2008-ci ildə isə "Qobustanın Paleogen-Miosen çöküntülərində yanar şistlərin paylanma qanunauyğunluqları" mövzusunda dissertasiya işini müdafiə edərək, əmək fəaliyyətinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin müvafiq strukturunda elmi işlər üzrə direktor müavini kimi başlayıb. Sonra əmək fəaliyyətini 2009-dan 2011-ci ilə qədər Geologiya İnstitutunda böyük elmi işçi-tərcüməçi (müqavilə əsasında) kimi davam etdirib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. Artıq üç ildən çoxdur ki, həm də İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimi Akademiyanın ictimai fəaliyyətində yaxından iştirak edir. O.Abbasovla layihə çərçivəsində növbəti müsahibəni oxuculara təqdim edirik.

-Sizin sahə üzrə xarici ölkələrdə aparılan tədqiqatlarla Azərbaycandakı oxşar tədqiqatlar arasında hansı fərqli və ümumi cəhətlər var?
-Bəzi xarici ölkələrdə yanar şist, təbii bitumların öyrənilməsi və tətbiqilə üzun müddətdir məşğul olunur. Təkcə ABŞ-da şist sənayesinin əsrlik tarixi var. Polşa və Ukrayna şist qazının alınması istiqamətində xeyli irəliləyib. 
Azərbaycanda isə yanar şistlərin öyrənilməsi istiqamətində daha əvvəl aparılmış işlərdə nə vahid bir strategiya, nə də sistem olmayıb. Yalnız ayrı-ayrı müəlliflərin fərdi tədqiqatları səviyyəsində təşəbbüslər göstərilib. Təsəvvür edin ki, ərsəyə gətirdiyim dissertasiya, yanar şistlərin geologiyasına dair ilk elmi işdir. Belə olduqda, fundamental elmi müqayisələrdən söhbət gedə bilməz. Əlbəttə, aparılan son tədqiqatlar xarici ölkələrin elmi yanaşmalarına istinadan yerinə yetirilib. Düşünürəm ki, bu məsələ dövlət proqramı səviyyəsində həll olunmalıdır. İndiyədək əldə olunmuş elmi nəticələrin tətbiqi xüsusiyyətləri nəzərə alınmalıdır. Neft və qaz ehtiyatlarına qənaət etmək məqsədilə yanar şist ehtiyatlarından istifadədə Estoniya modelindən yararlanmaq məqsədəuyğun olardı. Şist ehtiyatlarımız və onların öyrənilmiş geokimyəvi xüsusiyyətləri buna tam imkan verir. 
Eyni fikirləri təbii bitumlar üçün də demək olar. Təkcə Abşeron yarımadasının Qırməki yatağında min tonlarla bitumlu qum - ağır neft ehtiyatları var. Bundan başqa, qədim neft yataqları ərazilərində böyük ehtiyata malik neftli torpaq sahələri güclü neft fontanı zamanı yatağın yerləşdiyi ərazilərdə yaranıb. Balaxanı, Binəqədi, Lökbatan və digər mədənlərdə indiyə qədər neftlə çirklənmiş torpaqları müşahidə etmək olar. Bəzi yerlərdə neftli torpağın qalınlığı 1 metrə çatır. Hesablamalar göstərir ki, 10 mədən sahəsində həmin torpaqlar emal olunarsa, 60 mln tondan çox neft alına bilər. Ekoloji baxımdan da bu emal əhəmiyyətlidir. Torpaqlar neftdən təmizlənir və rekultivasiya olunur. Belə bir təcrübə Kanadada mövcuddur. 
Bitumlu qumlardan alınan asfalt yol örtüyü üçün istifadə edilə bilər. Bundan başqa, bitumlar müxtəlif neft məhsullarının - benzin, liqroin, sürtgü yağları və s. üçün xammaldır. Ağır fraksaiya hesab olunan mazutun isə elektrik enerjisi istehsalında istifadə olunması təcrübəsi də məlumdur.
Palçıq vulkanları istiqamətində aparılan tədqiqatlara gəldikdə isə fəxrlə deyə bilərik ki, Azərbaycan alimlərinin daha əvvəl söylədikləri fikirlər hələ indi xarici alimlər tərəfindən təsdiqlənir. Bu elmimizin nailiyyətidir. Biz şöbəmizdə, həm də “Dünya palçıq vulkanları” atlasını üç dildə hazırlayırıq. Bu yaxınlarda Italiyada nəşr olunacaq əsərin hazırlanmasına beş il vaxt sərf olunub. Böyük həcmdə materiallar təhlil olunub. Əsər dünya geologiyasında nadir elmi-tədqiqat işidir. 
Ümumiyyətlə, düşünürəm ki, fərqli imkanlar və maraqlar çərçivəsində ümumi bir müqayisə aparmaq çətindir. 
-Məşğul olduğunuz sahə üzrə Azərbaycan elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?
- Geologiya elmi sahəsində Azərbaycanın bizdən oncə sanballı məktəbi olub. Həmişə postsovet məkanında bir sıra neft yataqlarının aşkarlanması və istismarında geoloqlarımızın böyük zəhməti haqqında bəhs olunur. Elə indi də həmin məktəb yaşayır. İnstitutumuzda geologiyanın fundamental və tətbiqi problemlərilə uzun müddətdir məşğul olunur. Müasir elmi-texniki baza ilə təchiz olunmuş təşkilatımız bir sıra yerli və xarici neft şirkətlərilə müştərək tədqiqatlar aparır. Şəxsən mən “BP”, “Statoil”, “Total” və s. nüfuzlu şirkətlərin əməkdaşlarıyla həmin tədqiqatların bəzilərində iştirak etmişəm. Əlbəttə, bugünkü geologiya elminin nailyyətlərində AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rolu danılmazdır. İslahatlara gəlincə, bu istiqamətdə tədrici addımlar atılır. Məhz bu islahatlar nəticəsində aparıcı şirkətlərin geoloqları yerli alimlərlə eynistauslu əməkdaşlığa həmişə maraqlıdırlar . 
-Bir gənc alim kimi təhsil və elmlə bağlı hansı fikir və təklifləriniz ola bilər?
- Elm sferasında uğurlu təhsilin təzahürü, alınan elmi nailiyyətlərlə ölçülür. Düşünürəm ki, baza təhsili güclü olan elm adamının naliyyətləri də sanballı olur. Etiraf etməliyik ki, bu məsələ ilə əlaqədar müəyyən problemlər mövcuddur. Təsadüfi deyil ki, hazırda Akademiyada aparılan gələcək kadr siyasəti təhsil səviyyəsində həll olunmağa yönəlib. Yeni hədəflər əsasında, AMEA-da Gənc Alim və Mütəxəssislər Şurasının, daha sonra Elm və Təhsil İdarəsinin təsis olunmasının qayəsində də belə mühüm məsələlərin həlli durur. Geologiya və Geofizika İnstitutu daxil olmaqla, Akademiyanın 7 institutunda baza kafedralarının yaradılması, görkəmli alimlərin tədrisə cəlb olunması, yalnız intellektual hazır, elmi-tədqiqatlara adaptasiya olunmuş gələcək alimlərin yetişdirilməsinə hesablanıb. Heç şübhə etmirəm ki, bu işlərin ümumi koordinasiyasını həyata keçirən yeni qurum gənc alimlərimizlə birlikdə nəzərdə tutulmuş məqsədlərinə çata biləcəklər. 
-Xaricdə təhsil alan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz?
- Yeni elmi baxışların Azərbaycan elminə miqrasiyası baxımından, xaricdə təhsil alan gənclərimizin üzərinə böyük yük düşür. Sevindirici haldır ki, əvvəlki illərə nisbətən indi belə gənclərin sayı daha çoxdur. Beynəlxalq təcrübənın yerli gənclər arasında təbliği və onların düzgün istiqamətləndirilməsi indiki halda vacib amildir. Bu gün xaricdə tədqiqat aparmaq və təhsil almaq imkanları genişdir. Bir sıra yerli və xarici fondların fəaliyyəti gənclərimizin xaricdə təhsil almaq imkanlarını daha yaxın və real edir. Çalışmaq lazımdır ki, bu imkanlardan məqsədəmüvafiq istifadə olunsun. Bu həm onların və həm də elmimizin inkişafına rəvac verəcək.
-Azərbaycan elminin inkişafı naminə gələcək elmi-ictimai fəaliyyətinizlə bağlı hansı planlarınız var?
-Yuxarıda qeyd olunduğu kimi mən həm də Şura sədri kimi ictimai fəaliyyət göstərirəm. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyət strategiyasının əsas məqsədi mən daxil olmaqla, Akademiyanın elmi gəncliyinin inkişafına tövfə verməkdir. Şuranın ümimi planına uyğun olaraq çalışırıq ki, fəaliyyətimiz Akademiya rəhbərliyinin gənclər üçün müəyyənləşdirdiyi konsepsiya ilə üst-üstə düşsün. Bunun üçün lazım olan imkanlar tədrici olaraq yaradılmaqdadır. Şuranın təsis olunmağından artıq bir il ötür. Keçən bir il bizim üçün bir sınaq dövrü idi. Əlbəttə, təcrübə baxımından gələcək fəaliyyətimizin daha qənaətbəxş təşkil olunmasında qazandığımız təcrübənin də öz rolu olacaq.
Şəxsən mənə gəldikdə, gələcəklə bağlı növbəti əsas hədəfim ilk olaraq elmlər doktorluğu dissertasıyamı tezliklə yerinə yetirməkdir. 
İlkin Ağayev

"Palitra" qəzeti

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.