Biliklər iqtisadıyyatının formalaşmasına elmi gənclik böyük töhfə verəcək
Mart 05 , 2015 | 12:15 / Müsahibələr, çıxışlar
Oxunma ( 3106 )

Faiq Məmmədov: “Kreativ gəncliyə müəyyən istiqamət verməklə daha uğurlu nəticələr əldə etmək olar”
Kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov 2002-ci ildə müdafiə edib, 2006-cı ildə dosent elmi adını alıb. 2008-ci ildə Gənclər günü ilə əlaqədar AR Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər mükafatı” ilə təltif edilib. 2012-ci ildə elmlər doktoru pilləsi üzrə doktoranturaya qəbul olunmuş, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Keçid metallarının xalkogenidləri” laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışır. Həm də institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimi ictimai işlərdə yaxından iştirak edir.

-Faiq müəllim, kimya sahəsində aparılan elmi tədqiqatların hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Hazırda multidissiplinar xarakterli elmi tədqiqatlar geniş yer verilir. Bu da başadüşüləndir. Son illər elmdə əldə olunan ən mühüm nəticələr məhz fənlərarası elmlərin qovşağında əldə edilir. Müxtəlif elmlərin sərhədində aparılan araşdırmalar yüksək elmi-təcrübi əhəmiyyət daşımaqla yanaşı, yeni elmi-tədqiqat istiqamətlərinin yaranmasına şərait yaradır. Məhz belə istiqamətlərin olması elmin bir sıra fundamental və tətbiqi problemlərinin həllində müsbət nəticə verir. Bu amili nəzərə alan çalışdığım Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutununda da aparılan son elmi-tədqiqat işlərində multidissiplinar yanaşma nəzərə çarpır, müxtəlif elm sahələrində tətbiq oluna bilən maddələrin alınmasına üstünlük verilir. Onu da qeyd edim ki, qeyri-üzvi kimya, fizika və materialşünaslığın qovşağında elmi tədqiqatların aparılması prioritet istiqamətlərdən biri kimi yüksək texnologiyalar üçün qabaqcıl materialların alınmasının elmi əsaslarının yaradılmasıdır. Bu materiallara Günəş enerjisi çeviriciləri üçün daha effektiv materiallar, o cümlədən yeni sinif yarımkeçirici-ferromaqnetiklər və termo­elektirklər daxildir. 
- Sizin apardığınız elmi tədqiqatların Azərbaycan elminin inkişafına hansı töhfələri var?
- Hal-hazırda kimya sahəsində AMEA-nın təsdiq etdiyi prioritet istiqamətlərə uyğun olaraq elmi-tədqiqat işləri aparılır və bu tədqiqatlar son vaxtlar daha da intensiv xarakter daşıyır. Bunun əsas səbəbi son zamanlar AMEA-nın kimya pofilli institutlarının maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində görülən işlərdir. Belə ki, əksər institutlar müasir cihaz və avadanlıqlarla təmin olunub və bu proses davam etdirilir. Demək olar ki, bu yanaşma da öz müsbət nəticəsini verir. Mənim məşğul olduğum sahəyə gəldikdə onu deyə bilərəm ki, Günəş enerjisindən faydalı şəkildə istifadə olunması məsələsi inkişaf etmiş ölkələrin xüsusi maraq dairəsindədir və bu tipli tədqiqatlara artıq milyonlarla dollar vəsait xərclənir. Günəş şüasının elektrik və istilik enerjisinə ekoloji təmiz çevrilməsi məsələsi maraq doğurur və hamı başa düşür ki, Günəş enerjisi bəşəriyyətin əbədi enerji mənbəyidir və ondan enerji mənbəyi kimi istifadə olunması maye karbohidrogen ehtiyatlarına qənaət etməklə yanaşı, çirklənməkdə olan ekoloji durumu da yaxşılaşdırmaq olar. Tükənməz Günəş enerjisini elektrik və digər alternativ növlərinə çevrilməsinə yeni nəsil yüksək fotohəssaslığa malik yarımkeçiricilərin alınması ilə nail olmaq olar. Bu istiqamətdə hazırda bizim şöbədə də geniş elmi-tədqiqat işləri aparılır və alınan bəzi nəticələr patentləşdirilib.
- İnstitutunuzda gənclərin elmə həvəslənməsi üçün hansı tədbirlər həyata keçirirsiniz?
- Elmlər Akademiyasının tərkib hissəsi olaraq bizim institutda da, gənclərin elmə marağının artırılması məqsədilə bir sıra stimullaşdırıcı tədbirlər görülür. Belə ki, Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü və İnstitut rəhbərliyinin dəstəyi ilə institutda görkəmli kimyaçı akademik Murtuza Nağıyev adına mükafat təsis edilib. Bu mükafat ildə bir dəfə uğurlu elmi fəaliyyətilə fərqlənən gənclərə diplom və pul mükafarı olmaqla təqdim edilir. Digər tərəfdən yüksək reytinqli jurnallarda məqalə dərc etdirən gənclərə ilin sonunda ayrıca olaraq mükafat verilir.
- Bu sahədə maneələr hansılardır, hansı əlavə işlərin görülməsini məqsədəuyğun sayırsınız?
- Akademiyada çalışan gənclərin əsas problemi onların sosial-məişət məsələlərinin həllidir. Qeyd olunan problem həllini tapsa ,düşünürəm ki, akademiya gəncliyi elmdə öz sözünü deyəcək. Başqa bir problem elmi elektron bazalara çıxışın olmamasıdır ki, elmi gənclik özündə ən son informasiyaları daşıyan bu bazalarda olan məlumatlardan kifayət qədər yararlana bilmir. 
- Akademiyada elmlə təhsilin vəhdətinin yaradılması hansı problemləri həll edəcək?
- Son illər elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanlar yaranmışdır. Bu imkanlardan səmərəli istifadə etməklə AMEA-da elmlə təhsilin vəhdətinin təmin edilməsi məsələsi gündəmdədir. Bir sözlə, elmlə təhsilin vəhdət şəklində inkişaf etdirilməsi hədəflənib. Artıq Azərbaycanın elmi siyasətini həyata keçirən əsas qurum kimi Akademiya bu istiqamətdə ciddi işlərə start verib. Beləliklə, elmlə təhsilin vəhdəti üçün AMEA institutlarında baza kafedraları yaradılır. Elmi-tədqiqat müəssisələrində magistratura pilləsinin yaradılması ilə bağlı təşəbbüs də bununla bağlı olub. Tələbələr Akademiyaya dəvət edilərək institutların laboratoriyalarında işlə təmin edilir. Məqsəd tələbənin alimin yanında işləməsinə şərait yaradaraq onun həm fərdi şəkildə inkişaf etməsinə, həm də elmin ən ümdə problemlərinin həllinə qatılmasına nail olmaqdır. Bu addım səmərə verməkdədir.

“Akademiyada çalışan gənclərin əsas problemi onların sosial-məişət məsələlərinin həllidir. Qeyd olunan problem həllini tapsa, düşünürəm ki, akademiya gəncliyi elmdə öz sözünü deyəcək”. 


Onu da qeyd edim ki, artıq bu istiqamətdə də əməli işlər öz məntiqi nəticəsini verməkdədir. Belə ki, Elmlər Akademiyasında artıq magistratura təhsilinin təşkili haqqında qərar verilib və bu il 7 ixtisas üzrə magistraturaya qəbulun aparılması nəzərdə tutulub. Digər tərəfdən AMEA-da liseyin yaradılması istiqamətində də işlər görülür. Bu işlərin görülməsində əsas məqsəd elmlə təhsilin səmərəli inteqrasiyasını təmin etmək, kadr hazırlığının müasir standartlara uyğun təkmilləşdirilməsi, respublikanın yüksəkixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatını ödəməkdən ibarətdir. 
- Yetişməkdə olan elmi gənclik Azərbaycanda biliklər iqtisadiyyatının formalaşmasında həlledici rol oynaya biləcək?
- Bu gün elmi-texniki sferada yüksək nailiyyətlərin əldə olunması, müasir informasiya texnologiyalarının insanların intellektual fəaliyyətinin bütün sahələrinə nüfuz etməsi informasiya cəmiyyətinin bərqərar olunmasında, insanların həyat səviyyəsinin yüksəldilməsində başlıca şərtdir. Prezident İlham Əliyev tərəfindən irəli sürülən “Azərbaycanın qara qızılının yüksək intellektli insan resurslarına çevrilməsi prosesinin həyata keçirilməsi” ideyası da bu məqsədə xidmət edən amildir. Yeri gəlmişkən, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”ndan irəli gələn məsələlər elmi gənclik qarşısında konkret vəzifələr qoyub. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ixrac yönümlü iqtisadi model əsas götürülüb və nəzərdə tutulur ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi qeyri-neft ixracının artımına səbəb olacaq. Qeyri-neft sənayesinin sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yaradacaq.
Uzunmüddətli davamlı iqtisadi inkişafı təmin etmək, “bilik iqtisadiyyatı”nı formalaşdırmaq, elmtutumlu texnologiya, məhsul (işlər, xidmətlər) yaradılmasını sürətləndirmək məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən birini təşkil edəcək. Bununla əlaqədar olaraq, elmin inkişafı yerli və qlobal xüsusiyyətlər nəzərə alınmaqla prioritetləşdiriləcək və mütərəqqi dünya elminə səmərəli inteqrasiya prosesi davam etdiriləcək. Elmi infrastruktur təkmilləşdiriləcək, maddi-texniki baza müasirləşdiriləcək. Eyni zamanda, elmin maliyyələşdirilməsinə dövlət büdcəsi resursları ilə yanaşı, digər mənbələrin də cəlb olunması stimullaşdırılacaq ki, bu da, son nəticədə, elmi fəaliyyətlə məşğul olan işçilərin, o cümlədən gənclərin sosial müdafiəsini gücləndirəcək. 
- Akademiyanın əvvəlki gəncliyi ilə indiki gəncliyi arasında hansı oxşar və fərqləri görürsünüz?
- İndiki gənclik daha kreativdir və daha çox informasiyaya malikdir. Onları elmə həvəsləndirib yönləndirmək ,onlara elmi istiqamət vermək kifayət edər ki, uğurlu nəticələrə imza atsınlar. Bilirsiniz ki , son vaxtlar Akademiyada aparılan islahatlar, Akademiya rəhbərliyinin gənclərə böyük önəm verməsi, gənclərdə elmə marağı əhəmiyyətli dərəcədə artırıb. Bu da sonda Azərbaycan elminin inkişafına gətirib çıxaracaq.
İlkin AĞAYEV

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.