AMEA Gənc Alim və Mütəxəssislər Şurası bölgələrdə elmin təbliği və təşviqinə dair layihəni davam etdirir
May 19 , 2014 | 08:22 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2800 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası regionlarda elmin təbliği layihəsi çərçivəsində tələbələr üçün "Ən son elmi nailiyyətlərimiz" mövzusunda təşkil etdiyi elmi seminarların miqyasını genişləndirir.

Gənc alimlər 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə "Açıq qapı" günləri çərçivəsində Şəki şəhərindəki tarixi sənət əsəri, dünya abidələri siyahısına daxil edilmiş Şəki xan sarayında olmuşlar.

Səfərin növbəti günü ənənəvi olaraq ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarət ilə başlamışdır. Şəki şəhərindəki Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra gənc alimlər Azərbaycan Müəllimlər İnstitutunun filialında Yeni Azərbaycan Partiyası Şəki şəhər təşkilatı gənclərinin iştirakı ilə layihənin proqramına uyğun olaraq, tələbələr üçün təşkil olunan seminarda iştirak etmişlər.

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, geologiya-mineralogiya elmləri doktoru Zəkəriyyə Əlizadə ilk dəfə olaraq gənc alimlər tərəfindən respublika üzrə regionlarda elmin təbliği istiqamətində göstərilən təşəbbüsü təqdirəlayiq hal hesab etmişdir.

Yeni Azərbaycan Partiyası Şəki şəhər gənclər təşkilatı gənclər birliyinin sədri Daşqın Mikayılov rəhbərlik etdiyi qurumun gənclərlə bağlı gördüyü işlər haqqında məlumat vermiş, bu layihənin region gənclərinin elmə cəlb olunmasında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov seminarın təşkili ilə bağlı iştirakçılara ümumi məlumat vermişdir. O qeyd etmişdir ki, yeni təsis olunmuş Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə AMEA-da istedadlı gənclərin elmə cəlb olunması istiqamətində müxtəlif qeyri-ənənəvi layihələr reallaşdırılır. Bu tədbirlərdən ən mühümü regionlarda təhsil alan tələbələr arasında maarifləndirmə xarakterli elmi seminarların keçirilməsidir.

Seminarda "Palçıq vulkanları Azərbaycanın milli sərvətidir", "Böyük Qafqazın cənub yamacında baş verən təhlükəli morfodinamiki proseslər", "Seysmoloji tədqiqatlarda müasir yanaşmaların tətbiqi", "Kənd təsərrüfatında erroziyaya qarşı mübarizə tədbirləri və mütərəqqi suvarma texnologiyaları", "Blok texnologiyasının təhsildə tətbiqi məsələləri" mövzularında məruzələr dinlənilmişdir.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.