AMEA-nın 2 institutunun direktoru dəyişdirilib
İyn 24 , 2015 | 04:00 / Mühim hadisələr
Oxunma ( 1450 )

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Gündəlikdə məruzə olunan birinci məsələ “Nanomateriallar sahəsində aparılan tədqiqatlar, tətbiqlər və perspektivlər” mövzusunda olub.

Məruzədə “QS World University Rankings” reytinqinə görə BDU-nin yenidən dünyanın 700 top universitetinin, Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən tərtib edilən dünyanın ən yaxşı 2000 universitetinin siyahısına düşməsindən, Müstəqil Dövlətlər Birliyinə üzv ölkələr üzrə 153 universitet arasında aparılan sorğuya əsasən 40-cı pillədə qərarlaşmasından bəhs olunub.


Bakı Dövlət Universitetinin alimləri tərəfindən hər il ümumi dəyəri 5-7 milyon dollar olan 80-dən çox layihənin həyata keçirildiyini deyən akademik A. Məhərrəmov bunların yarıdan çoxunun beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən innovativ layihələr olduğuna diqqət çəkib. Akademik onu da bildirib ki, innovativ istiqamət kimi prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda bünövrəsi qoyulan nanotexnologiya üzrə  BDU-da artıq 10 ildir ki, intensiv işlər aparılır: “2005-ci ildə BDU-da “Nanoaraşdırmalar mərkəzi” yaradılıb, bir il sonra isə bu istiqamətdə təhsili təşkil etmək məqsədi ilə “Nanomaterialların kimyəvi fizikası” kafedrası yaradılıb və bir sıra istiqamətlərdə uğurlu tədqiqat işləri aparılmağa başlanılıb”.

Sonra çıxış edən fizika üzrə elmlər doktoru Məhəmmədəli Ramazanov isə bildirib ki, nanotexnologiya istiqamətində aparılan işlərin nəticələri “Thomson Reuters” agentliyinin siyahısına daxil olan yüksək impakt faktorlu jurnallarda 74 məqalədə öz əksini tapıb.

 

Tədqiqat işlərinin nəticələrindən  ABŞ-da "Perspektiv nanokompozitlər, onların növləri, xassələri və tətbiqləri” adlı  monoqrafiya çap edilib,  Azərbaycan dilində “Nanotexnologiya” dərsliyi hazırlanıb, “Laboratoriya kitabları dərc edilib, 12 fəndən proqramlar yaradılıb, 3 ixtisasdan – nanohissəciklərin fizikası, nanomaterialların fiziki kimyası və nanobiotexnologiya istiqamətində magistr proqramları hazırlanıb, həmçinin bu istiqamətlərdə universitetdə magistr hazırlığına başlanılıb. Doktorantura pilləsində isə hazırda nanohissəciklərin fizikası və texnologiyası, nanokimya istiqamətlərində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə kadr hazırlığı həyata keçirilir.

İclasda bir sıra kadr dəyişikliyi edilib. Belə ki, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev və Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov tutduqları vəzifədən azad ediliblər.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsinə AMEA-nın müxbir üzvü Namiq Cəlilov, Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsinə isə Oqtay Səmədov təyin olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.