Fotos
AMEA-da test texnologiyaların tətbiqinə başlanıldı
İyl 03 , 2015 | 01:00 / Mühim hadisələr
Oxunma ( 954 )

      Məlumdur ki, AMEA prezidenti, akademik Akif Əlizadə 9 iyun 2015-ci il tarixdə “AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar olaraq, iyulun 3-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda işgüzar seminar-müşavirə keçirildi.

     Akademiyanın elmi müəssisələrinin direktorları, elmi işlər üzrə direktor müavinləri, elmi katibləri, test suallarının hazırlanmasına bilavasitə məsul olan şəxslər, AMEA bölmələrinin elmi katibləri və KİV nümayəndələrinin iştirak etdiyi tədbirin təşkilatçıları AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi və AMEA İnformasiya Texnologiyaları İnstitutu idi.

     Tədbiri giriş sözü ilə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev açdı. O, AMEA Rəyasət Heyətinin 4 mart 2015-ci il tarixli qərarını xatırladaraq, AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları zamanı xarici dil biliklərinin qiymətləndirilməsi üçün yeni tələblərin müəyyən edildiyini bildirdi.

AMEA-nın akademik-katibi imtahanların test texnologiyaları əsasında həyata keçirilməsilə əlaqədar olaraq akademiyanın elmi müəssisələri, elmi bölmələri, o cümlədən alim və mütəxəssislərininin qarşısında AMEA prezidenti tərəfindən xüsusi vəzifələrin qoyulduğunu diqqətə çatdırdı. Alimin sözlərinə görə, oktyabrın 1-dək ixtisas imtahanları üzrə test tapşırıqları tərtib olunmalı, eyni zamanda fəlsəfə və xarici dillər üzrə informasiya-kommunikasiya texnologiyalarının köməyi ilə xüsusi proqramlar hazırlanmalıdır. O, qarşıya qoyulan vəzifələrin tez bir zamanda həyata keçirilməsi baxımından bu görüşün mühüm əhəmiyyət kəsb etdiyini dilə gətirdi.

R.Əliquliyev 2013-cü ildən etibarən İnformasiya Texnologiyaları İnstitutunda informatika üzrə elektron-test sisteminin fəaliyyət göstərdiyini vurğulayaraq doktorant və dissertantların qısa bir müddət ərzində şəffaf şəkildə imtahan verdiklərini, onların biliklərinin obyektiv olaraq qiymətləndirildiyini diqqətə çatdırdı.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı, proqramçı Raqif İsmayılov “Test texnologiyaları: cari vəziyyət, yanaşmalar və mövcud təcrübə” adlı məruzə ilə çıxış etdi. Bu gün ölkənin təhsil sistemində test texnologiyalarından geniş istifadə olunduğunu bildirən məruzəçi bu texnologiyaların bilik səviyyəsinin müəyyənləşdirilməsində mühüm rol oynadığını söylədi. Test üsulunun dünyada ilk dəfə 1969-cu, Azərbaycanda isə 1992-ci ildən tətbiq olunduğunu diqqətə çatdırdı.

Daha sonra hazırda geniş tətbiq olunan test sistemi ilə bağlı videoçarx nümayiş olundu.

Tədbirdə çıxış edən “GRBS” MMC-nin nümayəndəsi Pərvanə Əliyeva TOEFL (Test of English as a Foreign Language) və IELTS (International English Language Testing System) proqramları üzrə doktoranturaya qəbul və doktorluq imtahanları haqqında ətraflı məlumat verdi. Bildirdi ki, IELTS proqramı ingilis dilinin istifadə olunduğu ölkələrdə təhsil almaq və işləmək istəyən namizədlərin ingilis dili biliyinin 4 meyar – “dinləmək”, “oxumaq”, “yazmaq” və “danışmaq” üzrə qiymətləndirilməsi üçün müəyyənləşdirilmiş imtahandır.

P.Əliyeva bildirdi ki, dünyanın 500 test mərkəzində həyata keçirilən IELTS imtahanlarında iştirakçılar 9 ballıq sistemlə qiymətləndirilir. IELTS imtahanının 2 formada – “Akademik” (bakalavriat, yaxud magistratura pilləsində ingilis dilində bilik qabiliyyətinin yoxlanılması üçün) və “Ümumi təlim” (bakalavriat pilləsindən aşağı səviyyədə öyrənmək, yaxud işləmək məqsədi ilə ingilisdilli ölkələrə getmək üçün) təşkil edildiyini qeyd edən məruzəçi IELTS-in “British Council”, Başqa Dildə Danışanlar üçün İngilis Kembric Univeristeti (ESOL) və Avstraliya Universitetlərinin Beynəlxalq İnkişaf Proqramı Təşkilatı (IDP) kimi 3 böyük qurum tərəfindən yaradılmış dil imtahan proqramı olduğunu diqqətə çatdırdı.

Sonda məruzələr ətrafında müzakirələr aparıldı, bir sıra suallar cavablandırıldı, rəy və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.