Azərbaycanlı gəncin Fransadakı uğurları
Sen 03 , 2015 | 12:00 / Müsahibələr, çıxışlar
Oxunma ( 3147 )

Emil Hacıyev: “Düzgün təhsil, daxili mədəniyyət insanın cəmiyyət üçün yararlı bir şəxs kimi formalaşmasında əsas şərtlərdır”
İnsanın elm və təhsilə yiyələnməsi onun karyera yolunda irəliləməsində vacib amildir. Bu sanki ona öz yolunda işıq saçır. Elə müsahibimiz Emil Hacıyev də aldığı güclü təhsil sayəsində az yaşda böyük nailiyyətlər əldə edib. Qeyd edək ki, Emil Hacıyev Naxçıvanda anadan olub. Amma onun ailəsi 30 ildən çoxdur ki, Rusiyada yaşayır. Müsahibimiz Rusiyada böyüyüb, ali təhsil alıb. Magistr təhsilinə isə Fransada yiyələnib. O, Parisin Ali Kommersiya Məktəbinə (ESCP EUROPE) qəbul olan ilk azərbaycanlıdır.
-Az yaşda nəyin əsasında bu mərtəbəyə qalxıbsız?
-İnsan istədiyi hər bir şeyə nail ola bilər. Bu, mənim üçün boş sözlər deyil, bu, mənim həyata baxışım və kredoma çevrilmiş bir şüardır. Orta məktəbi qızıl medalla bitirdim. Oksford təqaüdü laureatı olaraq mən həmişə yaxşılığa, uğura doğru irəliləmişəm. Bakalavr səviyyəsi aldıqdan sonra mən öz professional karyeramı “Microsoft” və “Unicredit” bank kimi beynəlxalq kompaniyalarda davam etdirmişəm. Karyeramdakı uğurlara nail olmağıma baxmayaraq, mənim ən böyük arzularımdan biri də Fransanın Sorbona Universitetində təhsil almaq idi. İqtisadiyyat üzrə magistr proqramına daxil olub və əhəmiyyətli nəzəri biliklərə yiyələndikdən sonra, düşündüm ki, dayanmaq olmaz. Maliyyə bazarının perspektivlərini öyrəndikdən sonra, mən belə qərara gəldim ki, keçmiş Sovet məkanında korporativ maliyyə və investisiya bankçılığı üzrə təcrübəli mütəxəssislər azdır. Mən xüsusi maliyyə proqrammı üzrə Parisdəki Ali Kommersiya Məktəbinə (ESCP EUROPE) daxil oldum. Hal-hazırda bu proqram “Financial Times” reytinqinə görə dünyada üçüncü yerdə durur. Aldığım biliklərə görə mən hal-hazırda bank sektorundayam və M&A (Birləşmə və Satınalmalar) müqavilələriylə məşğul oluram. Bizim bankımız biznesin qiymətləndirilməsini, kompaniyalara investorlar axtarışında kömək və maliyyə birjasına çıxış kimi xidmət göstərir.
Əlbəttə, aldığım yaxşı təhsilə, istək və prinsiplərimə baxmayaraq, bütün bu nailiyyətlər valideynlərimin və dostlarımın köməyi və səyinin nəticəsidir. Həmçinin Leyla xanım Əliyeva və onun rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) komandası ilə çalışdığım qiymətsiz illərə, yığdığım təcrübəyə görədir. Mən əminəm ki, hər hansı şəxsin inkişafında, onun uğurlarında ictimai fəaliyyətin rolu mühümdür. 
-Dünya iqtisadiyyatı bu gün nə dərəcədə nəzəri əsaslar üzərində qurulub? 
-Bugünkü dünya iqtisadiyyatı bizim təsəvvürümüzdə öyrəşdiyimiz kimi klassik nəzəriyyə kimi qala bilməz. Bunun səbəbi ölkələrin siyasi maraqları və xüsusi ilə də supergüclərdir. Məsələn, geosiyasi baxımdan faydalı və iqtisadi layihələr daha bahalı və uzunmüddətliləri ilə əvəz olunur. Eyni zamanda dünyada gedən müharibələr və çevrilişlər artımın qarşısını alır. Bugünkü reallıq budur ki, ölkələr bu sarsıntıdan sonra 5-10 il işləməlidir ki, eyni səviyyəyə gəlib çıxa bilsinlər. 
Ümumi danışsaq analitiklər dünya iqtisadiyyatının böhrandan çıxmasına və bərpasına inanırlar, lakin hal-hazırda gedən proseslər əks haldan danışır. Yunanıstandakı proseslər, ötən ay Çində yuanın düşməsi, ABŞ bazarında artımın olmaması, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar və ümumiyyətlə, dünyada işsizliyin yüksək olması, bunu deməyə əsas verir. Statistikaya qayıtsaq,OECD ölkələrində təklif olunan işlərin təxminən 40 faizi müvəqqəti işlərdir.
Buna görə də, bu şəraitdə ideal bir cıxış yolu ancaq iqtisadiyyatın diversifikasiyasıdır. Əmək, kapital və sərvətlər: dövlət və ya özəl şirkətin inkişafı üçün məhz bu üç komponent tələb olunur. Əgər Azərbaycanı nəzərə alsaq, əhalinin böyük bir, faizi gənclərdən ibarətdir, bu çox pozitiv haldır. Buna görə də bu şəraitdə dövlət və ya özəl şirkətlərin yaradılması, həmçinin yeni iş yerlərinin açılması işini daha da sürətləndirmək mühümdür. Artımda olan sənayelərə nəzər salsaq bunların içində informasiya, telekommunikasiya, aşağı qiymət (low-cost) turizm və əczaçılığı qeyd edərdim. Bu sektorlarda yaxın illərdə böyük inkişaf olduğuna inanıram. Dövlət səviyyəsində biznes inkubatorlar və start-upların çoxalmasını da dəstəkləyirəm.
- Siz, demək olar ki, Azərbaycandan kənarda yaşayıbsız. Qürbətdə azərbaycanlı olmaq nə dərəcədə asandır?
- Təəssüf ki, Azərbaycanda heç vaxt yaşamamışam. Ailəmiz çoxdan Rusiyaya köçüb. Vətənə sevgim mənə məhz anamdan keçib. Anam Azərbaycanın gözəl guşələrindən biri olan Naxçıvanda doğulub boya-başa çatıb. Mən də Naxçıvanda dünyaya gəlmişəm. Biz ailəvi tez-tez Azərbaycana gəlirdik və o anları həyatımda ən gözəl, unudulmaz günlər kimi xatırlayıram. Qürbətdə yaşayıb azərbaycanlı olmaq, Azərbaycanı təmsil etmək çox çətin və məsuliyyətli bir işdir. Məsuliyyətlidir ona görə ki, olduğun yerdə insanlar sənin ölkənin mədəniyyətini, tarixini, ənənələrini bilmək, yaxından tanış olmaq istəyir. Əsas da bunu Fransada çox hiss edirəm. Mən hər zaman bu hisslərimi qürurla, həyəcanla bölüşürəm. Fransızlar təbiətən hər şeylə maraqlanan insanlardır. Bizim ölkəmiz onlar üçün maraq dairəsidir. Lakin Maıson de L`Azərbaıdjan Assosiasiyasının və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində xaricilərin bizim ölkəmizə marağı daha da artır. 
-Ümumiyyətlə, sizi Vətənə bağlayan nədir? 
-Vətənlə məni bağlayan uşaqlıq xatirələrimdir. Vətənimin hər qarışı gözəldir, özünəməxsusdur. Xaricdə yaşamağıma baxmayaraq, ölkəmizdə baş verən bütün hadisələri izləyib xəbərdar oluram. Azərbaycanda çoxlu qohumlarımız və dostlarım var. Mən onlarla internet vasitəsi ilə əlaqə saxlayıram. Həmçinin Azərbaycanın klassik musiqisini, muğamlarımızı, bəstəkar mahnılarını çox sevirəm və dinləyirəm. Bu, mənə musiqi müəllimi olan babamdan keçib. 
Vətənimlə məni bağlayan çox şeylər var. Məsələn, ənənəvi bayramlarımızı eyni ilə vətənimizdə keçirdiyimiz kimi qeyd edirik. Dostlarım mənə hər zaman şirniyyat, Şəki paxlavası, şəkərbura, şorqoğalı göndərirlər. Mən dostlarımın sevgisini, istiliyini hiss edirəm. Burdakı fransız dostlarım artıq bizim mətbəxlə tanışdırlar. Qürbətdə olmağımıza baxmayaraq, Vətənimin sevincinə, kədərinə Vətəndə olduğumuz kimi şərik oluruq. Mən Vətənimin uğuruna sevinməyə bilmərəm. Məhz bu il ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də məni bir azərbaycanlı olaraq daha da qürurlandırdı. Azərbaycanlı olmağımla bir daha fəxr etdim.
-Sizcə, gənclərin intellektual səviyyəsinin yüksəldilməsi üçün nələr edilməlidir?
-Hesab edirəm ki, intellektual inkişaf insanlarla olduğun mühitdən, ailədə aldığın tərbiyədən və təhsildən asılıdır. Beləliklə, insanın dünyagörüşü, xarici ölkələrlə əlaqələri cəmiyyətin inkişafı üçün vacibdir. Avropada yaşadığım müddətdə mənim fikirlərim və dünyagörüşüm dəyişib. Öz mədəniyyətimizi və kökümüzü qorumaqla yanaşı, biz yeni-yeni ünsiyyətlər qurub, mümkün qədər öyrənməli və yeni uğurlar əldə etməliyik.
Mənə elə gəlir ki, insanın içində oxumağa, təhsilə sevgi uşaqlıqdan kök salmalıdır. Böyük yaşda artıq insanı nəyəsə məcbur etmək, nəyisə öyrətmək və ona nəyisə aşılamaq çətindir. Hər şey uşaqlıqdan başlayır. 
Ümumiyyətlə, cəmiyyəti tək ziyalılardan yaratmaq mümkün deyil. Cəmiyyətin inkişafı üçün tək ziyalı olmaq kifayət etmir. Bizə həm idmançı, həm fəhlə, həm də elmi işçi lazımdır. Odur ki, düzgün təhsil, daxili mədəniyyət, insanın cəmiyyət üçün yararlı bir şəxs kimi formalaşmasında əsas şərtlərdır. İnsan öz gələcəyini özü seçir. Həyata keçitmək üçün ideya və təşəbbüslər çoxdur. Bunların içində, məsələn, ali təhsil üçün rəqəmsal kitabxanaların yaradılması, “e-books” və digər layihələrin təbliğ olunmasının tərəfdarıyam.
-Perspektivdə hansı layihələriniz gözlənilir?
-Mənim üçün ən əhəmiyyətli olan öz sahəmdə yaxşı ekspert olmaqdır; korporativ maliyyə, davamlı, daim yeni bazarlar və sənaye araşdırmaq üçün lazım olan mühüm şərait və s. Hər dəfə inkişaf etdikcə hiss edirsən ki, bir addım da irəli getmisən. Bu isə sənin uğurundur. Bu, insanı daha da ürəkləndirir, yeni-yeni işlər görməyə, layihələr həyata keçirməyə sövq edir. Əlbəttə ki, arzularım bitmir, perspektivli bank sektorunda işləmək və nə vaxtsa öz bankımı yaratmaq arzusundayam.
Fuad Hüseynzadə

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.