“60-cı illərdən başlayaraq, ədəbiyyatda yeni poetik tendensiyalar formalaşıb”
Sen 30 , 2015 | 11:18 / Müsahibələr, çıxışlar
Oxunma ( 10982 )

Filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu:
“Həmin dövrün ədəbiyyatşünaslıq baxımından tədqiqi önəm daşıyır”

Layihə çərçivəsində mövzumuz bu dəfə ədəbiyyatşünaslıq, son dövrlərdə Azərbaycanda bu sahənin problemləri, milli ruhlu yaradıcılıq motivləri və bu sahədə aparılan konkret tədqiqatlarla bağlıdır. Bu barədə bizə fikirlərini filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə
Yigitoğlu
bildirir.

Onun fikrincə, 1960-cı illərdən başlayaraq, həm Azərbaycan, həm də Rusiya ədəbiyyatında yeni poetik tendensiyalar formalaşmağa başlayır. Bu baxımdan həmin dövrün ədəbiyyatşünaslıq baxımından tədqiqi önəm daşıyır. Çünki həmin dövrdən əvvəlki illərin ölçülü, bəzən patetik ənənələrə söykənən şeirindən fərqli olaraq həyat həqiqətlərinə yeni rakursdan baxıb yeni, orijinal tərzdə təsvir, təhlil edən, bənzədən, məna verən poeziya yaranmağa başlayır: “Rus ədəbiyyatşünası və tənqidçisi, o cümlədən, “altmışıncılar” sözünün onun tərəfindən ilk dəfə işlədilməsi söylənilən Stanislav Rassadin ədəbi dövrü xarakterizə edərkən yazır: “Altmışıncılar” poeziyası dedikdə, ilk növbədə, bizim bu dövrün zahiri əlamətləri - şairin şairlə, siyasi rejimlə, senzurayla qarşıdurması diqqətimizi cəlb edib. Bütün bunlar, əlbəttə ki, bizim məişətimizi, dramamızı təşkil edir, lakin incəsənətin əsl həyatı bu deyil. Poeziyanın öz hakimiyyəti var, öz senzurası var. O senzura ki, demokratiyanın ifrat dərəcəyə çatıb özbaşınalığa çevrilməsinə və ya demokratiyanın pozulması hallarına yasaqlar qoyur”. Bənzər arayışı, həmçinin Azərbaycan ədəbiyyatının da 1960-cı illər mərhələsinə aid etmək olar. Tədqiqatlar göstərir ki, bu poeziyanın aparıcı estetik tələbi olan müasirlik, özünü bədii fikrin fəlsəfi, psixoloji obrazlılıqla, beynəlxalq mövzuya həssaslıqla, analitik düşüncə tərzi ilə ifadəsində tapırdı. İnqilabi, azad insan pafosu isə lirik “mən”in əvvəllər olduğu kimi əməllərində, gur nitqində deyil, həyat hadisələrinə münasibətində, fərdi qənaətlərində özünü göstərirdi. Buna İsa İsmayılzadə, Ələkbər Salahzadə,Vaqif Cəbrayılzadə, Əli Kərim poeziyası misaldır: “Xüsusən, sətiraltı mənalar, alleqoriya, rəmzlər vasitəsilə milli əsarətin, müstəmləkəçilik təzyiqinin, azadlıq ehtirasının ünvanı gah Afrikaya, gah Kubaya gah Vyetnama yönəlsə də, əslində Azərbaycan həqiqətlərinə aid idi: “Vaqif Səmədoğlunun “Vətən şirin şeydir, şirindir, talan olsa da, şirindir tək-tük şeiri, mahnısı yalan olsa da” və yaxud “Qoy əzilsin əlimdə yumularkən gözlərim, tapılmamış dərmanın reseptitək Türkmənçay müqaviləsi” misraları kimi”. Müsahibin fikrincə, bu dövrün həqiqi ədəbiyyatı yalnız Azərbaycan dilində deyil, həm də Ezop dilində yaradılıb. Bundan başqa, 1990-cı illərə qədərki poeziyada Bəxtiyar Vahabzadənin “Latın dili”, “Anamın kitabı”, Xəlil Rza Ulutürkün “Laylam mənim, nərəm mənim”, “Afrikanın səsi”, Məmməd Arazın “Araz dili”, Sabir Rüstəmxanlının “Sağ ol ana dilim” və s. əsərlər mətnarası, sətiraltı məqamlarla Azərbaycan xalqının və dilinin şanlı tarixini, soykökünü unutmağa qoymurdusa, 1990-cı illərin narahat, artıq dostun dost, düşmənin düşmən kimi üzə çıxdığı vaxtlarda, xalqçılıq, istiqlalçılıq ideyalarının bayraqdarına çevrilir poeziya.
Yaxın tarixə nəzər yetirsək, görünür ki, sovet rejiminin “dissident” adını qoyduğu bu yazıçıların əsas müdafiəçisi isə yenə də Heydər Əliyev olub: “1997-ci ildə Azərbaycan yazıçılarının X qurultayında çıxış edərkən ümumilli lider deyir: “Yaxşı ki, dissident olmusunuz. Əgər dissident olmasaydınız, Azərbaycan xalqında bu milli ruhu, əhvali-ruhiyyəni qaldıra bilməzdiniz. Əgər Bəxtiyar Vahabzadə dissident olmasaydı, Azərbaycan xalqının, gənclərinin şüuruna təsir edə bilməzdi. Əgər Xəlil Rza dissident olmasaydı, onun əsərlərinin təsiri güclü olmazdı. Əgər o vaxtlar onlar təqib olunmayıbsa, başqa yerlərdə olduğu kimi, onları dissident adlandırmayıblarsa, onları nədənsə məhrum etməyiblərsə, demək, bu da bizim nailiyyətimizdir, bu da bizim o vaxtlar, çətin dövrdə apardığımız düzgün siyasətin nəticəsidir”.
Dövrə elə bir rejim hakim idi ki, hətta Vaqif Səmədoğlunun “Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada” misralı məşhur lirik şeirində belə yaşıl rəngə müəyyən mənalar verilir, çapına qadağa qoyulurdu. Yalnız Heydər Əliyevin müdaxilələrindən sonra bu şeir işıq üzü görüb: “Məhz belə yersiz maneələr üzündən V.Səmədoğlu “Günün baxtı” kitabından sonra on il dərc olunmur. Səbəbini isə sonralar müsahibələrində belə izah edir: “Qorxurdum ki, Qlavlitdə mənə deyərlər ki, bu cür yaz və mən də o cür yazmağa başlayardım. Öz içimdə senzorun yaranacağından qorxurdum”.
Onun haqqında Anar yazır: “Vaqif, yaradıcılığının bircə səhifəsini də yaradıcılığı nümayiş etdirmək həvəsinə qurban vermədi. Bu baxımdan aramızda Vaqif hamımızdan çox azad idi. Ona görə ki, hamımızdan az çap olunurdu”.
Bu sahədə tədqiqatlar göstərir ki, V.Səmədoğlunun şeirləri xüsusi başlıqlara bölünmədiyi kimi, xüsusi mövzulara da həsr edilməyib: “O, məqsədli şəkildə mövzu axtarmır. Lakin biz araşdırmamızda məzmun, ideya üzrə konkret nəticələrə gəlmək üçün bu şeirləri təhlil edərək təsnifləşdirməyə çalışdıq: Asketik-fəlsəfi şeirlər, məhəbbət-həsrət şeirləri, Allahla söhbət, ictimai-analitik şeirlər.
V.Səmədoğlu yaradıcılığı haqqında müəllifin bədii konsepsiyası yerinə müəllifin həyat konsepsiyası ifadəsini işlətmək daha məqsədəuyğun olar. Çünki V.Səmədoğlunun şeirləri onun birbaşa öz daxilinin, həyat fəlsəfəsinin, xüsusən də əsas tematika - ömür, ölüm, tənhalıq haqqında fərdi, səmimi qənaətlərinin tərcümanıdır. Buna görə də, onun poeziyasına həzin pessimist, romantik ruh hakimdir. Lirik “mən”in yaşadığı hal-hazırkı əhvali-ruhiyyəni, hiss və düşüncələri, məkanı, həyat hadisələrindən gəldiyi individual, özünəməxsus məntiqi ifadə edir. Dövrünün şairlərindən fərqli olaraq, burada bütöv fikir, aydın ideya, kütləyə xitab edən məzmundan çox, ürəyində özu-özü ilə götür-qoy edən, Allahla danışan, tərəddüdlər, etiraflar edən obraz yaradılıb. Bir sözlə, Vaqif dərdlərini hayqırmır, hıçqırır, çığırmır, xısın-xısın pıçıldayır: Bu sevincək rənglərin mənzərəsindən
yorulmuşam,
bezmişəm yaman.
Gözlərim taqətdən düşüb
alabəzəyə baxmaqdan,
neyləyim, yatmır ürəyimə
rənglərin, boyaların
zildən oxunanları.

Beləcə, tənhalıq, ölüm, məzar, “Ayrılığın ən sıx meşəsində belə aza bilmərəm”, “Ayrılıq gözünə düz baxa bildiyim yeganə dirimdir” deyən ayrılıq mövzusu V.Səmədoğlu poeziyasının əsas motivini təşkil edir. Ədəbiyyatda geniş məna çalarlarına malik olan ölüm-məzar mövzusu şairin bir neçə şeirində bu dünyanın reallıqlarından ayrılıb şeir yazmaq halı ilə qiyaslanır.
Vaqif Səmədoğlu şeirlərinin təhlilindən əldə etdiyimiz nəticələr göstərir ki, bu poeziya sentimental fəlsəfi ədəbiyyata uyğundur. Burada hadisələrin insan mənəviyyatında əks-sədası, hər şeyə hissiyyat prizmasından yanaşılma, təbiəti ideallaşdırıb onu cəmiyyətin eybəcərliklərinə qarşı qoyma, sadə insanın mənəvi aləminin zənginliyinin açılıb göstərilməsi, ədəbi dilin demokratikləşməsi aydın görünən xüsusiyyətlərdir”.
Dramaturji yaradıcılığa isə Vaqif Səmədoğlu 1980-ci illərin sonunda- Azərbaycanın tarixi, çağdaş həqiqətlərinin, istiqlalçılıq ideyasının Azadlıq meydanında olduğu kimi ədəbiyyatda da əks-səda verdiyi o illərdə gəldi. Onun dramaturji yaradıcılığını “Qalib”, “Yayda qartopu oyunu”, “Bəxt üzüyü”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” kimi pyeslər təşkil edir. Dövrün ən məntiqə uyğun, zamana uyğun tələbi tarixi dram idi. İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Nəriman Həsənzadə yaradıcılığına məxsus torpaq, yurd istilaları, erməni ikiüzlülüyü, Tanrıya müraciət və s. tarixi patriotik əsərlər, əsasən, mərkəzdənqaçma süjet strukturuna söykənirdi. Yəni cəmiyyətin, xalqın bəla və konfliktləri xarici, kənar qüvvələrin iştirakı, müdaxilələri ilə cərəyan edir, ideyanın bədii həlli növ-növ xarakterlərin, məkanların vasitəsilə həyata keçirdi.
Araşdırmalar göstərir ki, V.Səmədoğlu dramaturgiyasında isə ilk diqqəti çəkən, burada tarixi süjet yox, müasir cəmiyyət hadisələrinin, əsasən də, dağılan sovet rejiminin satirik yolla ifşasıdır: “Müəllifin pyes qəhrəmanları kəskin müsbət və ya mənfi tiplərə bölünmür. Burada güclü, mətin xarakter də yoxdur. Bizə yaxşı məlum olan “Bəxt üzüyü” pyesinin qəhrəmanları həm yaxşı, həm də gülünc tərəfləri ilə tanıdılır. Müəllif konsepsiyası bu əsərlərdə daha çox, sərxoş, şikəst, dəli, işsiz-yəni hardasa yazıq, marginal obrazların timsalında öz ifadəsini tapır. Poeziyada olduğu kimi, burada da müəllif özünəməxsus həyat fəlsəfəsini 1990-cı illərin dramaturji poetikasına uyğun olaraq güclü, mübariz obraza deyil, cəmiyyət içərisində tənha, bir növ həyata sarıla bilməyən zəif obrazlara həvalə edir. Poeziyada bu xüsusiyyət şeirə lirizm, sentimental ovqat gətirirsə, müasir dramaturgiyada absurd teatrın meyarlarına yaxınlaşır. Absurd teatrın əlaqəsizlik, uyğunsuzluq üzərində qurulmuş süjeti tənha insan, cəmiyyətdəki özgələşmə ideyası ətrafında cərəyan edir. Burada önə sürülən fikir və ya düşüncə açıq-aydın göstərilmədiyi üçün onu hər kəs istədiyi kimi dərk edir”.
Alimin araşdırmasına görə, Səmədoğlunun poeziya və dramaturgiyasının forma, janr, vəzn, sənətkarlıq xüsusiyyətləri, dil-ifadə xüsusiyyətlərinə görə təhlili də bu irsi ehtiva edən bədii bütövlüyü görməyə imkan verir.
İlkin AĞAYEV

http://palitranews.az/news.php?id=43456

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.