Gənc alimin yeni kitabı işıq üzü görüb
Okt 01 , 2015 | 11:47 / Elmi nəşrlər
Oxunma ( 3696 )

AMEA M. Füzuli adına Əlyazmalar institunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru, “Qızıl qələm” və “Xalqın nüfuzlu ziyalısı” mükafatları lauratı Əkrəm Bəhram oğlu Həsənovun “Salman əl-Farisinin erkən islam tarixində rolu” adlı elmi monaqrafiyası işıq üzü görmüşdür. Əkrəm Həsənovun nəşr olunan elmi monaqrafiyası islamın ilkin mərhələlərindən müasir dövrümüzə qədər öz aktuallığını qoruyub saxlayan çox ciddi bir mövzuya həsr olunmuşdur. Bu elmi əsər ilahiyyat sahəsində hələ indiyə qədər işlənməyən aktual bir mövzuya həsr olunmuşdur. Monoqrafiyada orta əsr ərəb mənbələri, türk və fars mənbələri, eyni zamanda müasir dövrümüzdə qələmə alınan bir çox zəngin yerli ədəbiyyatlardan istifadə edilmiş və mənbələr əsasında Səlman əl-Farisinin həyatı işıqlandırılmışdır. Mövzu geniş aspektdə işlənmiş, müxtəlif problemlər elmi şəkildə əsaslandırılmış, yeni fikir və mülahizələr irəli sürülmüşdür. İslamın ilkin mərhələləri ilə bağlı yazılmış əsərlərin öyrənilməsi, o dövrün ictimai-siyasi və mədəni həyatı ilə bağlı olan abidələrin araşdırılması, Məhəmməd Peyğəmbər (s) və onun səhabələrinin islamın qələbəsi uğrunda apardıqları mübarizənin tarixi həqiqətlərinin üzə çıxarılması, Peyğəmbərin (s) öz səhabələrinə göstərdiyi hədsiz isti və doğma münasibətinin üzə çıxarılması, islam tarixi ilə bağlı deyilmiş yanlış və qərəzli fikirlərin təkzib edilməsi üçün olduqca vacib məsələlər bu elmi monoqrafiyada öz əksini tapır. XV əsrin görkəmli Misir alimi Əs-Səxavinin “Ət-Təhsil vəl-bəyan fi siyaq qissətis-seyyid Salman” əsəri islamın təbliği, yayılması və qələbəsi uğrunda müharibələrdə böyük fədakarlıqla iştirak etmiş, Məhəmməd Peyğəmbərin (s) ən məşhur və islamda yüksək məqam sahibi olmuş səhabələrindən biri olan Salman əl-Farisinin haqq dinə, islam və onun Peyğəmbəri Məhəmmədə (s) gedən yo¬lunu işıqlandıran 12 rəvayəti əhatə edir. Peyğəmbər (s) səhabələri və ayrı-ayrı şəxslər tərəfindən söylənilmiş və məzmun baxımından biri-birindən fərqlənən bu rəvayətlər indiyədək nə ərəb ölkələrində, nə də başqa ölkələrdə araşdırılmamış, Ə. Həsənov tərəfindən bu fərqli cəhətlərin meydana gəlmə səbəbləri müəyyənləşdirilmişdir. Məhəmməd bin Əbdürrəhman əs-Səxavinin “ət-Təhsil vəl-bəyan fi siyaq qissətis-seyyid Salman” əsəri ilk dəfə olaraq bizim ölkəmizdə tədqiqata cəlb olunmuşdur. Ə. Həsənovun “Ət-Təhsil vəl-bəyan fi siyaq qissətis-seyyid Salman” abidəsinin mövzusunu və mənbələrini araşdıraraq, onun müəllifini müəyyənləşdirmiş və əlyazmasının elmi-paleoqrafik xüsusiyyətlərini vermişdir. Əsərin ərəbcə mətninin mənbələr əsasında tədqiqini həyata keçirərək təshih etmiş, Salman əl-Farisi haqqında verilmiş rəvayətlərin mətninin müqayisəli tədqiqini aparmış və onların mətnləri arasında fərqli cəhətləri və Salman əl-Farisinin erkən islam tarixində rolunu müəyyənləşdirmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.