“Gənc alimlərin intellektual səviyyəsinin yüksəldilməsinə, onların beynəlxalq əməkdaşlığına dəstək vermək məqsədimizdir”
Noy 04 , 2015 | 12:08 / Müsahibələr, çıxışlar
Oxunma ( 2708 )

Famin Salmanov: “Beynəlxalq forumu təşkil etməklə, gənc tədqiqatçılarımızın əldə etdikləri nəticələrin beynəlxalq miqyasda müzakirəsini həyata keçirən münbit şəraitin yaradılmasına vəsilə
olduq”


Xəbər verildiyi kimi, bu həftə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaranmasının 70 illiyinə həsr olunan “Akademik Elm Həftəliyi - 2015” Beynəlxalq Multidissiplinar Forum öz işinə başladı. AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkil etdiyi bu tədbir AMEA-nın 70 illiyinə ən böyük töhfə kimi dəyərləndirilir. Bu tədbir digər ənənəvi tədbirlərdən öz interaktivliyi ilə fərqləndi. Belə ki, forum çərçivəsində interaktiv müzakirələr təşkil olunub ki, bu da akademiyada tədbirlərin təşkilində innovativlik kimi qəbul edilir.
Burada məqsəd respublikada fəaliyyət göstərən elmi-tədqiqat və təhsil müəssisələri, müvafiq nazirlikləri, elmin inkişafına dəstək verən fondları, sahibkarlıq subyektləri və media nümayəndələrini bir araya gətirmək, onlarla müştərək faydalı və gələcək əməkdaşlığa nail olmaqdır. Xüsusən, müzakirə üçün olduqca aktual olan “Akademik startaplar: nəyi nailiyyət hesab edək?”, “Elmin inkişafında mövcud fondların rolu”, “İnnovativ ideyalar və perspektivlər” kimi mövzuların seçilməsi və bu prosesə ölkəmizin tanınmış elm, ictimaiyyət və KİV nümayəndələrinin cəlb olunması vacib məqamlar kimi vurğulana bilər. İndiki dövrdə xüsusi əhəmiyyət kəsb edən multidissiplinar elmi prioritet istiqamətlər üzrə beynəlxalq səviyyəli müzakirələrin təşkili və gənclərin bu diskussiyalarda fəal iştirakını təmin etmək məqsədilə beynəlxalq konfransın keçirilməsi bu forumun əhəmiyyətindən xəbər verir.
Qeyd edək ki, forumun işində bir sıra ölkələrdən gənc alimlər və elmi tədqiqatçılar da qatılıb. Forum və onun önəmi, elmimizin inkişafında rolu və gənc alimlərimizin öz xarici həmkarları ilə ünsiyyəti, elmi diskussiya və mübadilə baxımından faydaları barəsində bizə fikirlərini layihə çərçivəsində AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov bildirdi.
Onun fikrincə, “Akademik Elm həftəliyi-2015” Multidissiplinar Forumun keçirilməsinin əsas məqsədi gənc alim və mütəxəssislərin intellektual səviyyəsinin yüksəldilməsinə, onların beynəlxalq əməkdaşlığına dəstək verməkdir: “Ona görə Forumun ilk iş günündə interaktiv müzakirə təşkil etməyi məqsədəuyğun hesab etdik. Bu müzakirəyə də ilk növbədə Akademiya gəncləri üçün maraq doğuran priroritet mövzular seçilmişdi. Forumun ikinci iş günündə keçirilmiş beynəlxalq konfransda isə 22 ölkədən 300-ə yaxın gənc alim və mütəxəssis qatılmışdı. Noyabrın 3-4 tarixlərində baş tutmuş seksiya iclaslarında ümumilikdə 150 məruzə dinlənildi.
- Bu forumun keçirilməsində məqsəd nədir? Onun önəmini və nəticələrini necə qiymətləndirirsiniz?
- Məlum olduğu kimi, ölkəmizin əsas elmi mərkəzi olan, AMEA-nın, bu il təsis edilməsinin 70 ili tamam olur. Ölkədə, milli sərvət kimi elmi-intellektual potensialın formalaşdırılmasında, dövrün tələblərindən irəli gələn strateji elmi istiqamətlərin müəyyənləşdirilməsində və ən müxtəlif sahələr üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında akademiyamızın müstəsna rolu olub. Yarandığı vaxtdan etibarən, ötən fəaliyyəti müddəti ərzində mühüm elmi nailiyyətlər qazanılıb, elmi məktəblərin qurulmasına müvəffəq olunub, beynəlxalq elmi strukturlara uğurla inteqrasiya edilib. Hazırda, 3 mindən artıq gənc bu elm ocağında çalışır. Onların fəaliyyətini koordinasiya edən - Gənc Alim və Mütəxəssislər Şurası da təsis olunarkən onun prioritet istiqamətlərinə uyğun, Azərbaycanın elmi gəncliyinin inkişafına yönəlik fəaliyyət strategiyası əsas hədəf kimi irəli sürülmüşdü.
Bu inkişafı şərtləndirən əsas amillər: gənclərin elmi-innovativ layihələrinin dəstəklənməsinə nail olmaq, qlobal elmi cəmiyyətlərə inteqrasiyanı sürətləndirmək və eyni zamanda, onları uzlaşan məqsədlər naminə bir araya gətirmək idi. Müəyyən mənada gənclər təşkilatı kimi bu istiqamətdə müxtəlif layihələrimiz olub və onlar ümumi məqsədə çatmaqda gənclərimiz üçün yeni imkanlar yaradıb.
Keçirdiyimiz AMEA-nın 70 illiyinə həsr olunan “Akademik elm həftəliyi - 2015” Multidissiplinar Forumu, demək olar ki, Şuranın ümumi məqsədlərini özündə birləşdirən, onların reallaşmasını hədəfləyən ilk təşəbbüs və reallaşdıra bilən qeyri-ənənəvi bir layihədir.
Forumda, akademiyanın tarixində ilk dəfə olaraq təşkil olunacaq interaktiv müzakirələr Azərbaycanda fəaliyyət göstərən müxtəlif müvafiq təşkilatların: təhsil, elm, biznes, media və s. subyektlərin bir arada gənclərlə birbaşa təmasını gerçəkləşdirdi. Əlbəttə, bu müzakirələrin ümdə məqsədi gənc alimlərimizin eynitipli suallarını cavablandıra biləcək aidiyyəti təşkilatların nümayəndələri ilə, məhz elə gənclərin diskussiyasını təmin etmək, elmi-innovativ ideyaların tətbiqində gələcək perspektivlərin müzakirəsinə nail olmaq idi ki, bunu da həyata keçirə bildik.
Forumun digər məqsədi gənc tədqiqatçılarımızın əldə etdikləri nəticələrin beynəlxalq miqyasda, daha böyük auditoriyalarda müzakirəsini həyata keçirən beynəlxalq konfrasın ərsəyə gətirilməsi idi. Hesab edirəm ki, bu forumu təşkil etməklə, gənc tədqiqatçılarımıza bu baxımdan münbit şəraitin yaradılmasına vəsilə olduq.
-Sizin bu yöndə gənc tədqiqatçıların, alimlərin motivasiyalarını və bilgilərini artırmaqla bağlı onlara hansı tövsiyələriniz ola bilər?
- Mən, ümumiyyətlə, bütün gəncləri yaradılan bu cür fürsətlərdən istifadə etməyə çağırıram. Əziz gənc tədqiqatçılar, eləcə də elmlənmək istəyən gənclər, bu cür elmi tədbirlər sizin bir çox suallara cavab tapa biləcəyiniz tədbirlərdir. Siz bu cür tədbirlərdə iştirak etməklə, həmin suallarınızın cavabını, məhz mütəxəssislərdən eşitmək imkanı qazanırsınız.
-Forumun təşkil edilməsində və keçirilməsində daha hansı qurumların dəstəyini qeyd edərdiniz?
- Mən ilk növbədə, daim bizə verdiyi böyük dəstəyə görə AMEA-nın rəhbərliyinə, hörmətli Akif müəllimə bir daha təşəkkür edirəm. Əmin edirəm ki, Gənc Alim və Mütəxəssislər Şurası, akademiya rəhbərliyinin arzuladığı ideyaları gələcək fəaliyyətində də addım-addım reallaşdıracaq!

http://palitranews.az/news.php?id=45235

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.