Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri elmi konfransda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzə edib
Dek 10 , 2015 | 11:27 / Mühüm hadisələr
Oxunma ( 3353 )

AMEA-da “Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik təlimi və müasirlik” mövzusunda elmi konfrans keçirilib

 Dekabrın 10-da AMEA Rəyasət Heyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik təlimi və müasirlik” mövzusunda elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Bildirilib ki, bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın inkişafı və dünyada tanıdılmasında tarixi addımlar atıb. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyev Azərbaycan elminin, təhsilinin inkişafında böyük xidmətlər göstərib. AMEA-nın inkişafının böyük bir mərhələsi ulu öndərin adı ilə birbaşa bağlıdır. Akademiyada Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, dilinin, milli mənəvi dəyərlərinin tədqiqi istiqamətindəki araşdırmaların aparılmasında da görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti mühüm rol oynayıb. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə akademiyanın mühüm elmi problemlərinin həllində, alimlərin mükafatlandırılmasında, onların dünya elminin ön sıralarında mövqe tutmasında, elmin maddi-texniki bazasının möhkəmləndirilməsində, elmi işçilərin rifahının yaxşılaşdırılmasında böyük rol oynayıb. Hələ keçmiş SSRİ rəhbərliyində çalışdığı vaxtlarda Azərbaycanın və xalqımızın bütün sahələrdə inkişafı görkəmli dövlət xadiminin daim diqqətində olub. Xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkəmizi məhv olmaq və parçalanmaq təhlükəsindən xilas etdi.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” mövzusunda məruzə ilə çıxış edib. Ulu öndərin müasir müstəqil dövlətimizin yaranmasında, inkişafında və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən danışan akademik İ.Həbibbəyli görkəmli şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycanın daxili və xarici siyasət xəttinin əsaslarını qoyduğunu, inkişaf strategiyasını müəyyənləşdirdiyini vurğulayıb.

Ulu öndər Heydər Əliyevin XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdiyi ən böyük vətəndaş, dahi şəxsiyyət, müdrik siyasi xadim, əbədi lider olduğunu söyləyən AMEA-nın vitse-prezidenti bildirib ki, ümummilli liderin respublikamızın gələcəyi naminə göstərdiyi böyük fəaliyyətinin nəticələri zaman keçdikcə daha aydın şəkildə görünməkdədir. Çünki bu fəaliyyət xalqın gələcəyi üçün uzaqgörənliklə düşünülüb, ən yüksək dəyərlər səviyyəsində qiymətləndirilib və milli inkişafın strateji proqramı kimi qəbul olunub. Hazırda ulu öndərin milli quruculuq proqramı, bütün sahələrdə uğurlu siyasəti Prezident İlham Əliyev tərəfindən zamana və şəraitə uyğun olaraq qətiyyətlə həyata keçirilir.

Akademik İ.Həbibbəyli qeyd edib ki, ümummilli liderin dövlətçilik təlimi birbaşa xalqımıza, onun potensialına, rifah halının yaxşılaşdırılmasına yönəldilib. Ulu öndərin müdrik və uzaqgörən siyasəti, Heydər Əliyev təlimi ölkəmizi dünyada tanıtmaq üçün böyük strateji vəzifələrin həyata keçirilməsinə əsaslanır. Azərbaycanın dövlətçilik tarixində, eyni zamanda, Heydər Əliyev məktəbi də yaranıb. Bu məktəb Azərbaycan dövləti və xalqı üçün böyük mirasdır. Bu məktəbin prinsip və ənənələri müasir və gələcək dövr üçün, xalqımızın müstəqil dövlətdə yaşamasını və inkişaf etməsini həm nəzəri-ideoloji cəhətlərini özündə əks etdirir, həm də təcrübi əsasları ortaya qoyur.

Vurğulanıb ki, ulu öndərin dövlətçilik təliminin əsasında azərbaycançılıq təlimi dayanırdı. Görkəmli dövlət xadiminin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub. Sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır.

Tədbirdə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, Azərbaycan Tibb Universitetinin dosenti Nağdəli Zamanovun “Heydər Əliyev və natiqlik sənəti”, AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Famin Salmanovun “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında məruzələri dinlənilib. Məruzələrdə dünya şöhrətli siyasətçi Heydər Əliyevin xalqımızın, dövlətimizin, Azərbaycan elminin, gəncliyinin inkişafındakı tarixi xidmətlərindən söz açılıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.