AMEA BOTANİKA İNSTİTUTU YENI UĞURA İMZA ATIB
Dek 16 , 2015 | 12:01 /
Oxunma ( 4046 )

AMEA Botanika Institutu ilə Berlin-Dahlem Botanika Bağı və Botanika Muzeyi (BBBM, Almaniya) arasında imzalanmış Razılaşma Memorandumu çərçivəsində Volksvagen Fondunun dəstəyilə 2011-2015-ci illərdə həyata keçirilən "Qafqazda bitki müxtəlifliyinin saxlanması metodlarının işlənib hazırlanması" layihəsinin birinci mərhələsi uğurla başa çatmışdır.

Layihə Botanika İnstitutunun inkişafında və beynəlxalq əlaqələrinin gücləndirilməsində əhəmiyyətli rol oynamışdır. Layihə çərçivəsində İnstitutun Herbari Fondunun infrastrukturunda yenidənqurma işlərinə başlanılmış və sonradan Fondda bu işlər AMEA-nın dəstəyilə tamamlanmışdır. İnstitutun gənc mütəxəsissləri və doktorantları BBBM-də biologiyanın müasir sahələri olan molekulyar sistematika, mühafizə genetikası və biomüxtəlifliyin informatikası üzrə təhsil almış və Azərbaycanın bəzi relikt, nadir və itmə təhlükəsində olan ağac növlərinin (Zelkova, Gleditsia, Pterocarya və s.) müasir statusunun təyini üzrə elmi tədqiqatlar aparmış, alman alimlərlə birlikdə impact faktorlu jurnallarda elmi məqalələr dərc etdirmişlər. Layihə, həmçinin, İnstitutun dəyərli herbari nümumələrinin beynəlxalq virtual herbari məlumat bazasına daxil edilməsi üçün imkanlar yaratmışdır. Alman və Azərbaycan botaniklərinin Respublikanın müxtəlif regionlarına çöl tədqiqatlarının təşkili ü ç ü n Volksvagen Fondu tərəfindən İnstituta Mitsubishi Pajero markalı nəqliyyat vasitəsi də hədiyyə edilmişdir. 2014-cü ilin may-fevral aylarında BBBM-də layihə üzrə əldə edilmiş elmi nəticələrin və həmçinin, Qafqazın tarixi, mədəniyyəti və təbiətini ətraflı əks etdirən “Qara dəniz və Xəzər dənizi arasında bitki müxtəlifliyi” mövzusunda Sərgi təşkil edilmiş və Avropa ziyarətçilərinin ixtiyarına verilmişdir.

Layihənin birinci mərhələsinin uğurlu nəticələri Volksvagen Fondu tərəfindən yüksək qiymətləndirilmiş və tədqiqatların 2016-cı ildən davam etdirilməsi üçün layihənin ikinci mərhələsi də Fond tərəfindən dəstəyə layiq görülmüşdür. Yeni mərhələdə də Azərbaycanlı gənc botaniklərin müasir elm sahələri üzrə yetişdirilməsi və yerli bitki növlərinin molekulyar səviyyədə tədqiqi nəzərdə tutulur.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.