Fotos
“Elm sahəsində sağlam rəqabət mühiti təmin olunmalıdır”
Dek 16 , 2015 | 12:11 / Müsahibələr, çıxışlar
Oxunma ( 5154 )

Zümrüd Şabanova:“Elmlə məşğul olan gənclərimiz, zamanı və imkanı yaxşı dəyərləndirməklə Azərbaycan elminin beynəlmiləlləşdirilməsi prosesinə töhfə verməlidirlər”

Layihə çərçivəsində müsahibimiz gənc alim, kimya üzrə fəlsəfə doktoru Zümrüd Şabanovadır.

- Mən - Şabanova Zümrüd Abdulmütəllib qızı 24 fevral 1982-ci ildə Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində ziyalı ailəsində anadan olmuşam. 2004-cü ildə BDU-nin Kimya fakültəsinin bakalavr, 2006-cı ildə isə “Neft və qaz emalı” ixtisası üzrə magistratura pilləsini bitirmişəm. 2010-cu ildə kimyəvi kinetika və kataliz ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam. 2012-ci ildə elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul olunmuşam. 2011-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər günü” ilə əlaqədar elm sahəsində əldə etdiyim nailiyyətlərə görə “Gənclər mükafatı” ilə təltif edilmişəm. Hal-hazırda AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Seolit katalizi” laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışıram.
- Təhsil aldığınız və ya tədqiqat apardığınız sahə barəsində hansı fikirləriniz var?
- Hazırda bütün dünyada kimya sənayesi məhsulları isiehsalının 60%-dən çoxu, kimya proseslərinin isə 90%-dən çoxu katalitik sintez üsullarının tətbiqi ilə aparılır. 21-ci əsr kimya sənayesində isə bu rəqəmlərin daha da yüksək olacağı gözlənilir. İlk növbədə yeni yüksək səmərəliliyə malik katalizatorların istifadəsilə ekoloji təhlükəsiz proseslər yaratmaqla neft-kimya proseslərində xammal kimi işlədilən maddələrin qiymətli son məhsullara çevrilməsinə yönəlmiş tədqiqatların genişləndirilməsi və dərinləşdirilməsi zəruridir. Müxtəlif sənayə prosesləri üçün yeni yüksək səmərəliliyə və seçiciliyə malik seolit tərkibli heterogen katalizatorların yaraldılması, ekoloji cəhətdən əlverişli texnologiyalarda istifadə oluna bilən yeni polifunksional yüksək aktiv metalkompleks katalizatorlarının işlənib hazırlanması katalizin yaxın gələcək üçün zəruri olan inkişaf istiqamətlərindən biridir. XX əsrin sonuna yaxın (son 25-30 ildə) katalizatorların reaksiya mühitində ("in situ") tədqiqinə imkan verən bir sıra yeni üsullar işlənib hazırlandı. XXI əsrin birinci yarısında bu üsulların təkmilləşdirilməsi və geniş tətbiqi ilə yanaşı, yeni elmi yanaşmalara əsaslanan digər səmərəli "in situ" tədqiqat üsulları işlənib hazırlanacaq və kataliz praktikasında tətbiq olunacaq.
- Bu sahə üzrə xarici ölkələrdə aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar arasında hansı fərqli və ümumi cəhətlər var?
- Maraqlı sualdır. XX əsrin sonuna yaxın katalizatorların reaksiya mühitində ("in situ") tədqiqinə imkan verən bir sıra yeni üsullar işlənib hazırlanıb. Onlardan Mesbauer spektroskopiyası, genişlənmiş rentgen adsorbsiya zərif quruluş spektroskopiyası (EXAFS), kombinə olunmuş EXAFS və rentgen-difraksiya (XRD) spektroskopiyası, infraqırmızı Furye transformasiya (FTİR) spektroskopiyası, yüksək həssaslığa malik elektron mikroskopiya (HREM), bərk cisimlərin nüvə maqnit spektroskopiyası, "in situ" izləyici Tunelləşdirmə mikroskopiyası ( Scanning Tunneling Microscopy) (STM) və s. göstərmək olar. Təəssüflə qeyd etmək lazımdır ki, belə qabaqcıl fiziki-kimyəvi üsulların Azərbaycan elmi-tədqiqat mərkəzlərində istifadəsi çox aşağı səviyyədədir. Bununla əlaqədar olaraq qabaqcıl və perspektiv tədqiqat üsulları ilə təchiz olunmuş xüsusi laboratoriyaların yaradılması və bunun üçün lazım olan maliyyə vəsaitinin ayrılması vacib məsələlərdən biridir. Onu qeyd etməliyəm ki, Azərbaycan sürətlə inkişaf edən gənc dövlətdir və dövlətimiz tərəfindən Azərbaycanda kimya elminin inkişafına çox ciddi diqqət və qayğı göstərilir. Lakin qeyd etmək istərdim ki, kataliz sahəsində Azərbaycan alimlərinin əldə etdiyi nəticələr heç də xarici alimlərin işlərindən geri qalmır. Son dövrlər məqalələr yazarkən, mövzunun aktuallığını qurarkən Avropa elmindən, tədqiqat aparma üsulundan yararlanmağa çalışırıq. Onların təcrübəsini Azərbaycan elmində tətbiq edirik və bu da son dövrlər getdikcə özünü göstərir. Ötən əsrin əvvəllərindən başlayaraq kimya elminin, xüsusilə də neft kimyasının, sənaye kimyasının və üzvi sintezin inkişafında Azərbaycan alimləri xüsusi rol oynamış, böyük bir məktəbin əsasını qoymuşlar. Onların elmi araşdırmaları sayəsində benzolun sulfat turşusu ilə alkilləşməsi vasitəsilə kumolun alınma prosesi İkinci Dünya müharibəsi illərində cəbhəni yüksək oktanlı benzinlə təmin edib. Hazırda AMEA-da kimyaçı alimlərin apardıqları tədqiqatların mühüm istiqamətlərindən biri multidissiplinar xarakterli elmi tədqiqatlardır. Bu da başadüşüləndir. Son illər elmdə əldə olunan ən mühüm nəticələr məhz fənlərarası elmlərin qovşağında əldə edilir. Müxtəlif elmlərin sərhədində aparılan araşdırmalar yüksək elmi-təcrübi əhəmiyyət daşımaqla yanaşı, yeni elmi-tədqiqat istiqamətlərinin yaranmasına şərait yaradır. Məhz belə istiqamətlərin olması elmin bir sıra fundamental və tətbiqi problemlərinin həllində müsbət nəticə verir. Hazırda kimya elminin Azərbaycanın sosial-iqtisadi inkişafında iştirakı tamamilə yeni modellər əsasında qurulmaqdadır. Azərbaycan kimya elminin prioritet istiqamətlərindən biri kimi Sumqayıt Kimya Sənaye Parkının yaradılmasında kimyaçı alimlərin iştirakının genişləndirilməsi qarşıya bir vəzifə kimi qoyulub. Azərbaycan iqtisadiyyatı üçün böyük perspektivlər vəd edən bu layihənin reallaşdırılması Xəzər və Aralıq dənizləri ilə əhatə olunan böyük bir regionda Azərbaycanın kimya və neft-kimya sənayesindəki önəmli mövqeyini təmin edəcək. Kompleksin qurulmasında AMEA-nın kimyaçı alimləri öz bilik və bacarıqları, zəngin elmi təcrübələri ilə yaxından iştirak edəcəklər və artıq bu prosesə start verilib.
- Təhsil aldığınız ixtisasın və elmi sahənin Azərbaycan üçün aktuallığını necə ifadə edərdiniz?
- Ümumi olaraq yuxarıda qeyd etdim. Lakin konkret olaraq hal-hazırda apardığım elmi tədqiqat işinin Azərbaycan üçün aktuallığını qeyd etmək istərdim. Ucuz təbii xammal əsasında effektiv proseslərin həyata keçirilməsi sənaye katalizinin əsas məsələlərindən hesab olunur. Bakı neftinin müxtəlif fraksiyalarının tərkibində naften karbohidrogenlərinin miqdarının çox olması, bu karbohidrogenlərin müxtəlif qiymətli məhsulların alınmasında xammal qismində geniş tətbiq edilməsinə obyektiv zəmin yaradır. Bu baxımdan naften karbohidrogenlərindən ilkin xammal kimi istifadə olunmaqla sənayenin və kənd təsərrüfatının bir çox sahələrində geniş tətbiq olunan qiymətli üzvi birləşmələrin - tsiklik dienlərin alınması kifayət qədər aktualdır. Digər tərəfdən Azərbaycan Respublikası ərazisi unikal quruluş xüsusiyyətlərinə, yüksək termiki və kimyəvi davamlılığa malik olan təbii seolitlərin zəngin yataqlarına malik olduğundan, onlar əsasında naften karbohidrogenlərinin oksidləşdirici dehidrogenləşmə reaksiyaları üçün effektiv katalitik sistemlərin sintezi elmi-praktiki və iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edir.
- Elm sahəsində hansı islahatlara ehtiyac var?
- Hesab edirəm ki, təhsil sahəsində olduğu kimi, elm sahəsində də ciddi islahatlara ehtiyac var. Respublikamızın təhsil müəssisələrində kimya ixtisası alan tələbələrin elmi-nəzəri hazırlığı ilə yanaşı, onların praktik hazırlığına diqqətin artırılmasını zəruri sayıram. Doğrudur, son zamanlar təhsil və elm müəssisələrinin maddi-texniki bazası ən müasir avadanlıqlarla təmin olunur və bu da elm və təhsilin inkişafına çox mühüm təsir göstərməyə bilməz. Eyni zamanda, bu imkan yaradır ki, sözügedən ixtisas üzrə təhsil alan tələbələr praktik hazırlıq məsələlərində aktivləşsinlər. Bununla belə, onların praktiki hazırlıq səviyyəsinin artırılmasını və bununla bağlı intensiv proqramlar həyata keçirilməsinin lazım gəldiyini düşünürəm. Belə olarsa, onlar daha yüksək səviyyədə ixtisaslarına aid biliklərə yiyələnə və elmin inkişafına daha çox töhfələrini verə bilərlər. Azərbaycanda elmin, ali təhsilin, iqtisadiyyatın birliyi yaradılmalıdır. “Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir...” - konseptual fikrinin əsasında elm və təhsilin iqtisadiyyatla inteqrasiyası, elmin inkişaf yollarının aydın strategiyası dayanır.
Bütün hallarda elmi fəaliyyətlə məşğul olan alimlər stimullaşdırılmalı, bu sahədə sağlam rəqabət mühiti təmin olunmalıdır. Ən başlıca iki amil var. Elmin, təhsilin bazasını inkişaf etdirmək və həmin sahədə işləyənlərin sosial təminatını yaxşılaşdırmaq. Əgər işçi öz fəaliyyətində maraqlı deyilsə, yəni fəaliyyəti maddi cəhətdən onu qane etmirsə, o, heç zaman öz potensialından tam istifadə etməyəcək. Yəni elmin inkişafı üçün gənc alimlərin maddi təminatının yaxşılaşdırılmasına, mənzil problemlərinin həll edilməsinə çalışılmalıdır. Elm sahəsində stimul yaratmaq, burada nəzarəti gücləndirmək lazımdır. Düşünürəm ki, gələcəkdə islahat aparılacaq, alimlərin maaşı bazar şərtlərinə uyğunlaşdırılacaq, alimlərin bu və ya digər problemləri həll olunacaq, arzuları gerçəkləşəcək.
- Bu ixtisasınız yönündə Azərbaycan təhsilində və ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?
- Prezident İlham Əliyevin son illər elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğı, xalqımız üçün son dərəcə əhəmiyyətli olan hər iki sahə ilə bağlı qəbul etdiyi qərarlar ölkəmizdə elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanlar yaradıb. Bu imkanlardan səmərəli istifadə etməklə AMEA-da elmlə təhsilin vəhdətinin təmin edilməsi, kadr hazırlığı sisteminin müasir standartlara uyğun olaraq təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi, multidissiplinar biliklərin tədris olunması, eləcə də AMEA-da magistratura təhsilinin təşkili kimi mühüm işlər görülür. Qeyd etmək istəyirəm ki, hal-hazırda AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda üç nəfər gənc magistr pilləsində təhsil alır. Digər tərəfdən, elmin inkişafı üçün ən əsas addım bunun məktəb dövrlərindən təbliğ edilməsi və gənclərin elmə marağının artırılmasıdır. Elm və texnikanın müasir inkişaf səviyyəsi, elmdə inteqrasiyanın inkişafı təhsilin həm məzmununu, həm də onun öyrədilmə metodlarını təkmilləşdirməyi öyrədir.
- Xaricdə təhsil alan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz?
- Xaricdə yaşayan hər bir azərbaycanlı ölkəmizi təmsil edir. Yaxşı olar ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz səylərini əsirgəməsinlər. Yenicə inkişaf mərhələsinə qədəm qoymuş ölkələrin, o cümlədən də Azərbaycanın təkcə elmdə deyil, bütün sahələrdə xarici təcrübəyə ehtiyacı böyükdür. Bu təcrübəni mənimsəyən və onun tətbiqinə nail olmaq imkanlarına malik olan qüvvə və potensial məhz gənclərdə hasil olunub. Bu gün Azərbaycan hökuməti gənclərimiz üçün belə bir şəraiti yaradıb. Göstərilən etimada uyğun olaraq, elmlə məşğul olan gənclərimiz çalışmalıdır ki, zamanı və imkanı yaxşı dəyərləndirməklə Azərbaycan elminin ümumi beynəlmiləlləşdirilməsi prosesinə töhfə verə bilsin. Ən əsas tövsiyəm odur ki, xarici ölkələrə nə üçün getdiklərini unutmadan, mükəmməl təhsil alsınlar, elmi bazalarını təkmilləşdirsinlər, vətənə qayıdıb öz bilik və bacarıqları ilə Azərbaycan elminin inkişafına kömək etsinlər. Bu cür elmi mübadilə Azərbaycan elminin daha yüksək səviyyələrə çatdırılmasına kömək edəcək.
- Gələcək plan və fəaliyyətinizlə bağlı nələri bölüşərdiniz?
- Təbii ki, yaşımdan irəli gələrək mənim gələcək hədəflərim də çoxdur. Əsas məqsədim elmi fəaliyyətimi daha da yüksəltməklə ən yüksək elmi dərəcəyə nail olmaq və apardığım tədqiqat işlərinin yekunu olaraq praktik tətbiqə nail olmaqla həm Azərbaycan elminə, həm də iqtisadiyyatına töhfə verməkdir.
İlkin AĞAYEV

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.