Fotos
AMEA BOTANİKA İNSTİTUTU VƏ MƏRKƏZİ NƏBATAT BAĞININ GƏNC ALİMLƏRİ TƏLƏBƏLƏRİ “CANLI ALƏMƏ SƏYAHƏT”Ə APARIBLAR
Dek 17 , 2015 | 03:42 /
Oxunma ( 3623 )

MEA Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Canlı aləmə səyahət” mövzusunda elmi seminar təşkil olunub. Nəzəri və praktiki hissədən ibarət olan seminarda Xəzər  Universitetinin Biologiya müəllimliyi üzrə təhsil alan III kurs tələbələri və müəllim kollektivi iştirak edib.
Seminarı giriş sözü ilə açan Botanika İnstitunun direktoru, AMEA-nın müxbir üzvü Validə  Əlizadə iştirakçıları salamlayaraq görüşdən məmnunluğunu bildirib.  V.Əlizadə tələbələrə İnstitutda aparılan innovativ elmi-tədqiqat işləri, beynəlxalq əlaqələr və qrant layihələr haqqında məlumat verib.
Seminarın nəzəri hissəsində Botanika İnstitutunun GAMŞ-nın sədri Aida Dadaşova “Botanika İnstitutu və onun fəaliyyətində gənclərin rolu” mövzunda çıxış edib, son illərdə institutda aparılan yenidənqurma işləri və gənclərə yaradılan şəraitdən danışıb. A.Dadaşova İnstitutun rəhbərliyi tərəfindən gənc kadrlara önəm verildiyini, onların beynəlxalq seminar, treyninq, layihə və ekspedisiyalarda iştirakı ilə yanaşı  elmi-təşkilatı işlərdə də fəallığını qeyd edib.
Mərkəzi Nəbatat Bağının elmi işçisi Jalə Dənziyeva “Mərkəzi Nəbatat Bağının inkişaf tarixi və fəaliyyəti” mövzunda çıxış edərək təşkilatın tarixi, strukturu, elmi fəaliyyəti və istiqaməti, tədqiqat obyektləri və s. yeniliklər haqqında tələbələrə ətraflı məlumat verib.
Mərkəzi Nəbatat Bağının GAMŞ-nın sədri, doktorant  Fərid Seyfullayev “Dendroxronologiya elmi və onun tətbiq sahələri” mövzusunda məruzə edib. Dendroxronologiya sahəsi üzrə Azərbaycanda ilk mütəxəssis olan F.Seyfullayev bu elm haqqında məlumat verərək, onun əhəmiyyətindən, dünyadakı müasir vəziyyətindən, tətbiq sahələrindən danışıb və apardığı tədqiqat işindən nümunələr göstərib. Mövzu tələbələrin böyük marağına səbəb olub, yaranan sulallar üzrə geniş müzakirə aparılıb.

Praktiki hissə zamanı tələbələr İnstitutun zəngin Herbari Fondunda olublar. Ali bitkilərin sistematikası şöbəsinin elmi işçisi, doktorant Şəhla  Mirzəyeva tələbələrə Fondda saxlanılan dəyərli tip nümunələri, onların saxlanılma şəraiti, və rəqəmsallaşdırılaraq Avropa məlumat bazasına daxil edilməsi haqqda əyani vasitələrdən istifadə etməklə məlumat verib. Gənc mütəxəssis Xanım Həsənova tələbələri muzeydə nümayiş olunan “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgi və interaktiv xəritə ilə tanış edib, Hirkan meşələrinin on klassik relikt ağac növünün yayılma əraziləri haqqında ətraflı məlumat verib. Həmçinin, tələbələr müasir laboratoriya  avadanlıqlarların iş prinsipi ilə tanış olublar.
Seminar tələbələrin Botanika Bağının canlı kolleksiyasına ziyarəti ilə başa çatıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.