Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurası elmi bölmələrin hesabatına başladı
Dek 24 , 2015 | 05:00 / Mühüm hadisələr
Oxunma ( 4601 )

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının elmi bölmələrinin 2015-ci il üzrə illik hesabatına həsr olunan yığıncaq keçirildi. Giriş nitqi ilə çıxış edən Şuranın sədri, dosent Famin Salmanov bildirdi ki, ilk olaraq Fizika-Riyaziyyat və Texnika, Biologiya-tibb və Aqrar Elmlər bölmələrinin hesabat məruzələri dinləniləcək. O qeyd etdi ki, 2014-cü il kimi bu il də Şuranın elmi və ictimai fəaliyyətində mühüm işlər görülüb və böyük nailiyyətlər əldə olunub. F.Salmanov elmin təbliği istiqamətində həm ənənəvi layihələr davam etdirilmiş, həm də yeni-yeni qeyri-ənənvi layihələrə start verilib.

Şura sədri, 2015-ci il üzrə Fəaliyyət Planında nəzərdə tutulan bütün tədbirlərin tam şəkildə həyata keçirildiyini və bu işlərdə ayrı-ayrı bölmələrə daxil olan institutların yerli şuralarının da əhəmiyyətli rol oynadığını söylədi.

Sonra Fizika-Riyaziyyat və Texnika bölməsinin rəhbəri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova, Aqrar elmlər bölməsinin rəhbəri, dosent İzzət Talıbov və Biologiya və tibb elmləri bölməsinin rəhbəri Aida Dadaşova məruzələrində bildirdilər ki,  institutların yerli şuraları hesabat ilində müxtəlif istiqamətlərdə fəaliyyət göstərib. İl ərzində həm elmin təbliği, həm həvəsləndirmə tədbirləri olaraq, müsabiqə, olimpiyada və bilik yarışların keçirilməsində fəallıq göstəriblər. Onlar qeyd etdilər ki, institut şuraları həm spesifik tədbirlər təşkil ediblər, eyni zamanda Akademiyanın beynəlxalq və respublika əhəmiyyətli tədbirlərində yaxından iştirak edirlər.

Hər bir məruzə ətrafında suallar cavablandırıldı, rəy və təkliflər bildirildi.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.