20 Yanvar şəhidlərinin ruhuna ithaf
Yan 20 , 2016 | 10:19 / Müsahibələr, çıxışlar
Oxunma ( 3041 )

Aynurə Paşayeva, 
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi

Vətən uğrunda qurbanlar verdiyi minlərlə igidlərin qanı bahasına öz müqəddəsliyini qazanır. Bu gün bizim milli vətənpərvərlik hissimizi yaşadan, şəhərin ən görkənli nöqtəsində ucalan and yerimiz var -Şəhidlər xiyabanı! Vətənin müstəqilliyi, istiqlalı uğrunda öz canlarından keçmiş 20 Yanvar faciənin qurbanlarının şərəflə, qürurla uyuduğu məkan-Şəhidlər xiyabanı!
Bu gün əbədiyaşar şəhidlərimizin ruhu şaddır. Ona görə ki, uğrunda canlarını fəda verdiyi o vətən torpağı üzərində onların xatirəsini əziz tutan, matəmlərini hüzn günü kimi qeyd edən övladlar yetişir. Çox təəssüflər olsun ki, Azərbaycan uğurlarını, nailiyyətlərini dünyaya tanıtsa da, zəfər və qələbə səsini dünyaya bəyan etməkdə çətinlik çəkir. Bu tək bizi narahat etmir. Eyni zamanda vətənindən nigaran qalan şəhid ruhlarını da düşündürür. 
Bizi arxadan qılınclayıb, torpaqlarımıza əl uzadıb sahib çıxamağa çalışanlar, minlərlə insanı yurd-yuvasından didərgin salıb, minlərlə uşağı atasız-anasız qoyan naxələflər də bizə qarşı yad olan insanlar olmadı. Vaxtilə haqq-salam edib duz-çörək kəsdiyimiz, dostluq edib sədaqət göstərdiyimiz, ölümdən, təqibdən xilas etdiyimiz, böyük səxavət göstərib ana torpağımızdan yer verdiyimiz nankor qonşumuz ermənilər oldu. Biz Üzeyir ürəkli, Cabbar zənguləli, Bülbül nəfəsli, hər daşında min bir sərvət yatan Qarabağı itirdik.
Biz tarixin kəhkaşanlı döyüş səhnəsində qalib gəlmiş, məğlubedilməz qəhrəmanlar nəslinin yetirmələriyik. Acizliyini bəndənin qarşısında deyil, Allahın qarşısında dərk edən bir xalqın övladlarıyıq. Biz həmin o azərbaycanlılarıq ki, İkinci Dünya müharibəsinin qələbəsində mühüm rol oynayan qırıcı təyyarələr üçün keyfiyyətli yüksək oktanlı benzin kəşf edən akademik Yusif Məmmədəliyev kimi, dünya elminin inqilabı hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsinin, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoyan “Z-çevirmə” nəzəriyyəsinin banisi Lütfi Zadələr bəxş eləmiş bir millətin övladlarıyıq. Biz həmin o azərbaycanlılarıq ki, dünya ədəbiyyatı xəzinəsinə Nizami, Füzuli, Sabir, Mirzə Cəlil və adları saydıqca bitib tükənmək bilməyən, sonsuz sayda dühalar bəxş etmiş bir millətin övladlarıyıq. 
Hamımız tez-tez vacibliyi vurğulanan “Vətəni sevmək, vətəni qorumaq” kimi ifadələr eşidirik. Əlbəttə, “Vətəni sevmək imandandır” buyurmuş müqəddəs Peyğəmbərimiz. Amma vətən məhəbbəti vətənə qarşı olan sevgi etirafı ilə kifayətlənmir. İstər, bütün türk dünyasının istiqlal şairi olan, Türkiyə Cümhuriyyətinin dövlət himninə öz sözlərini həkk etdirən Mehmet Akif Ərsoyun “İstiqlal marşında”:
Kim bu cənnət vətənin uğruna olmaz ki fəda?
Şühəda fışqıracaq torpağı sıxsan, şühəda!
Canı, cananı, bütün varımı alsın da xuda,
Etməsin tək vətənimdən məni dünyada cüda.
Şeiri olsun, ya da Midhad Camal Quntayın: 
Bayraqları bayraq yapan üstündəki qandır;
Torpaq, əgər uğrunda ölən varsa, vətəndir!
Fərqi yoxdur, sonda yenə də Abbas Səhhətin qənaətlərinə gəlib çıxırıq:
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Tarixin keşməkeşli səhifələrəni vərəqləyib, M.A.Ərsoyun təbirincə desək, şühədalar fışqıran, yəni şəhid qanları ilə yuyulan bu torpaq üzərində, itirdiklərimiz, qazandıqlarımız, doğrularımız, yalnışlarımızla birgə biz hər zaman sələflərimizin layiqli xələfləri olmağa çalışdıq.
Qanını, canını vətən uğrunda fəda edən, sözündə yox, əməlində vətənpərvərliyini sübuta yetirən şəhidlərimizin ruhu şad olsun!

http://palitranews.az/news.php?id=48086#.Vp5u-GSYiP8.facebook

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.