Taleyüklü milli məsələ - Qarabağ mövzusu bədii publisistika müstəvisində
Yan 19 , 2016 | 10:15 / Müsahibələr, çıxışlar
Oxunma ( 4868 )

Aynurə PAŞAYEVA, 

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı

"1988-ci ildən başlayaraq yaranan gərgin siyasi vəziyyətin təsiri nəticəsində publisistika ədəbi prosesdə ön xəttə keçdi və publisistik əsərlərdə Qarabağ mövzusu aparıcı rol oynadı. Çünki "Qarabağ hadisələrinə müraciətdə əsas fəal janr öncə publisistika olmuşdur-baş verənləri təhlil, gözlənilən təhlükəni proqnozlaşdırma və qarşısını alma yollarını axtarış onun əsas xüsusiyyətlərini təşkil edir" (Elçin Mehrəliyev. Azərbaycan ədəbiyyatında Qarabağ mövzusu. Bakı: Nurlan, 2008, s. 307). 

Bu dövrdə dünənin məkrli gizlinləri ilə yanaşı sabahın gözlənilməz təhlükələrindən xəbərdar etmək publisistlərin məqsədlərindən birinə çevrildi.

Fəal mətbu orqanlarımızdan olan "Azərbaycan" jurnalının müxtəlif saylarında çap olunan Bəylər Məmmədovun "Şuşanın dünəni, bu günü və sabahı...", Hamlet Qocanın "Suyu kimlər bulandırır?", Cahid Kərimovun "Şeytan əlinin sığalı", Nizami Məhərrəmovun (Kazım bəy) "Tehran 47: "Daşnaksütün" və Azərbaycan taleyi", Səbahəddin Eloğlunun "Şəhidlərin fəryadı", Nəriman Həsənlinin "Tayqulaq "Xalq qəhrəmanı" və ya quldur Andronik...", Vahid Məhərrəmovun "Tapqaraqoyunlu alınmaz bir qalaya bənzəyirdi..", "Vəhşiliyin sonu varmı?", "Əsirliyin dəhşətli günləri", "Döyüşçü qızın cəbhə gündəliyi", Nurəddin Qənbərin "Gözün aydın Bakı, Xocalı Bakıya gəlir", Yalçın Abbasovun "Müharibənin hər üzü", Seyfəddin Altaylının "Qarabağ - Qərbi Azərbaycan və erməni iddiaları", Əbülfət Qasımovun "Genosid" və s. yüksək vətəndaşlıq qayəsi ilə qələmə alınan bu publisistik əsərlərdə vətən və insan problemləri ön plana çəkilir. Qarabağ mövzusunda yazılmış bu əsərlərdə  əsas problemi ermənilərin torpaq iddialarının tarixi kökü və erməni genosidinin ifşası, müharibə və onun dəhşətli faciələri fonunda hüznlü, dərin kədərli psixologizm, müharibənin məğlub olma səbəblərini araşdırmaq təşkil edir. E.Mehrəliyevin yazdığı kimi, Qarabağ mövzusunda yaradıcılıq nümunələri arasında oçerklər, gündəliklər, yol qeydləri, xatirələr, xüsusilə üstünlük təşkil edir ki, bu da qeyd etdiyimiz səbəblə, gerçəkliyin və publisistlərimizin dövrün sənədli salnaməsini yaratmaq məramı və səyləri ilə bağlıdır.

Publisistlər qələmə aldıqları əsərin bədii keyfiyyətlərini təmin etməklə yanaşı, ictimai-təsir qüvvəsini də artırır və həmin əsərlərdə publisistik mühakimə strukturunda tarixi faktoqrafiyaya meyllilik güclüdür. Qarabağ mövzusunun əsasını tarixi zaman baxımından erməni işğalçılarının torpaq iddialarının baş qaldırdığı dövrə təsadüf etdiyindən mövzunun əsas leytmotivi Qarabağ müharibəsi təşkil edir. Publisistlərin erməni işğallarının tarixi kökünü tapmaq istəyi, milli təəssübkeşlik Qarabağın keçmiş tarixinə nəzər salmağa vadar etdi. Müharibənin ilk illərindən "Azərbaycan" jurnalında çap olunan publisistik əsərlər-oçerk, məqalə, cəbhə gündəliyi və xatirələr hələ qələmi püxtələşməmiş döyüşçülərə məxsus olsa da, bu əsərlərdə cəbhə bölgələrindəki qanlı hadisələrin tarixi xronikası əks olunub.

"Azərbaycan" jurnalının 1988-ci il 2-ci sayında çap olunan Bəylər Məmmədovun "Şuşanın dünəni, bu günü" oçerkində müəllif Şuşanı "Azərbaycan musiqisinin beşiyi" kimi adlandırması XVII əsrdən bu yana dəyişən iqtisadi münasibətlər fonunda Şuşanın keçdiyi inkişaf tarixini nəzərdən keçirərək dövrün ziddiyyətli mənzərələri qabardır, ancaq Sovet hakimiyyət illərində Şuşanın sosial mədəni sərvətinin ləkələnməsi, əhalinin sürgün edilməsi, maddi və mənəvi itkilərə məruz qalan şəhərin acı mənzərəsi publisisti qələmə sarılmağa vadar edirdi.

Publisist Cahid Kərimovun "Şeytan əlinin sığalı" məqaləsində ömrünün 50 ildən çoxunu ermənilərin içərisində olmuş, bədxahların tutduğu mənfur əməllərinə yaxından bələd olan müəllifin şahidi olduğu, izlədiyi mətbuat nümunələri, konkret tarixi faktlardan qaynaqlanırdı. Jurnalist ermənilərin genosid siyasətinin tarixinə nəzər salır, şəxsi fikir müstəvisindən analitik təhlil aparır, genosidin tarixini 1917-1920-ci illərdə 400 mindən çox azərbaycanlıların öldürülməsi ilə bağlayır. 1988-ci ildə Dağlıq Qarabağın Azərbaycandan ilhaq edilməsini, Ermənistandan azərbaycanlıların köçürülməsi, özünün də Xankəndindən köçkün düşməsinin səbəbkarı öz rəhbər başçılarımızın tutduqları vəzifəyə qarşı biganə münasibətində görürdü. "Xalqımın ixtiyar sahibi olan oğullar vaxtında başısoyuqluq, laqeydlik göstərməsəydilər, hadisələr açıq gözlə, iti ağılla baxıb qiymət versəydilər, indiki hadisələr də olmazdı".

Nizami Məhərrəmovun "Tehran 47: "Daşnaksütün" və Azərbaycanın taleyi" publisistik məqaləsində ermənilərin Dağlıq Qarabağla bağlı iddialarını 1947-ci ildə 24 oktyabr tarixində Tehranda keçirilən erməni məhkəməsi ilə bağlayır. Dağlıq Qarabağla bağlı iddiaların tarixi kökü publisist daha çox düşündürür, problemin həlli yoluna keçmədən birbaşa analitik təhlil aparır: "Məqsədyönlü və qarşısı-alınmaz "Böyük Ermənistan" dövlətinin yaradılması təbliğatı keçmiş Sovetlər Birliyində erməni kommunistlərinin sıravi ermənilərin və onların tərəfdarlarının xaricdə isə bütün ermənilərin və yenə də onların tərəfdarlarının beynini dumanlandırmış, onları bu xülyavi məqsədə nail olmaq üçün əməli işə keçməyə sövq etmişdir". Publisist erməni vəhşiliklərinə qarşı yanaşmada tam olaraq emosiyaya qapılıb faktdan kənara çıxmır.

Publisist Nəriman Həsənəlinin "Tayqulaq "Xalq qəhrəmanı" və ya quldur Andronik" məqaləsində müəllif tarixi sənədlərə istinad edir. Minlərlə igid azərbaycanlı oğullarının qanına bais olan ermənilərin milli qəhrəmanı quldur Andronik Torosoviç Ozanyanın əsl simasını, satqınlığını, fitnəkarlığı ifşa olunmuşdur. Ancaq publisisti ən çox düşündürən aspekt unutqanlıq problemidir: "Bəs deyilmi unutqanlığımız? Bu yazıda bir cəhəti də xatırlatmaq istəyirəm, görün biz onda necə döyüşkən millət idik, yaba, balta, qazma ilə nələr edirdik! İndi isə..."

"Azərbaycan" jurnalının 2005-ci il 6-cı sayında çap olunan Seyfəddin Altaylının "Qarabağ-Qərbi Azərbaycan və erməni iddiaları" məqaləsində müəllif Qarabağ adının etnonimi, buranı işğal edən ermənilərin kökünə tarixi aspektdən yanaşıb şəxsi mülahizələri ilə müxtəlif faktlara istinad edir. Belə qənaətə gəlir ki, ermənilər çox hissəsi alban türkləridir. Müxtəlif səbəblərdən Anadoluya, oradan Azərbaycana yerləşdirilən ermənilərin kökü haylardır. Məlum olur ki, ermənilik etnik mənşə deyil, vahid bir dini çətir altında toplanmış müxtəlif etnik birliklərin süni şəkildə homogenləşdirilərək mənimsənilməsi nəticəsində millət adını almasıdır.

Publisist Əbülfət Qasımov "Genosid" məqaləsində Azərbaycan torpaqlarında etnik təmizləmə aparan ermənilərin tarixi kökünü araşdırmış, İ.Dyakonov, M.Abeqyanın qənaətlərinə istinad edərək belə nəticəyə gəlir ki, ermənilər yunan və frakiyaların əcdadları ilə yaşamış, orada Kiçik Asiyaya gəlmiş, erməni çarlığını Böyük Tiqranın dövründə (e.ə. 95-96-cı illərdə) yaratmış, XVIII-XIX əsrlərdə Rusiya imperiyasının təcavüzkarlıq siyasəti nəticəsində Cənubi Qafqaza köçürülmüşdür. Publisist ermənilərin Azərbaycana qarşı düşmənçilik fəaliyyətini aktiv və passiv dönəmlərini xüsusi vurğulayır. Əslində publisistin tarixi prosesə zərər vuran amilin tarixi kökünü araşdırması, predmetə düzgün yanaşması kimi doğru qənaətidir. Çünki məqalənin sərlövhəsindəki "Genosid" aktı tarixi bir faktdır. Bu fakt "Türksüz Ermənistan" siyasəti həyata keçirən ermənilərin 1905-1907-ci illərdə, 1917-ci ildə Qarabağ, Naxçıvan, Qubada, Bakıda azərbaycanlılara qarşı qırğınlarda öz təsdiqini tapır. Ə. Qasımov digər məqalə müəlliflərindən fərqli olaraq xarici mətbuat orqanlarından, tədqiqatçılarından sitatlar verərək istinad edir. Müəllif həmin dövrün deportasiyalarına səbəbkar rəhbərliyin dövlət başçılarının Moskvanın diktəsinə xidmət etməkdə görürdü: "Ancaq nə keçmiş Sovet hökuməti, nə də Moskvanın əlində oyuncağa çevrilmiş Azərbaycan rəhbərliyi separatçıların cinayətkar əməllərinin qarşısını almaq üçün gerçək iş görmürdülər". Müəllif soyqırım siyasətində ulu öndər Heydər Əliyevin siyasi mövqeyini təqdir edib dəstəkləyir: "2001-ci ildə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü münasibətilə xalqa müraciətində Prezident Heydər Əliyev haqlı olaraq bəyan edirdi ki, "öz ağırlığına, miqyasına və nəticələrinə görə, xalqımızın başına gətirilən müsibətlər həm də bəşəriyyətə qarşı cinayətlər kimi xarakterizə olunmalı, beynəlxalq hüquqi-siyasi qiymətini almalı, onun ideoloqları və təşkilatçıları layiqincə cəzalandırılmalıdırlar".

Ümumiyyətlə, Qarabağ mövzusunda yazılmış məqalələrdə publisist mövqeyi dəqiqdir. Olum və ölüm, fəryad və həsrət, can qorxusu ilə müharibə vəziyyətində yaşayan insanlarda dərin psixologizm öz kanonik rolunu oynayır. Müharibənin dəhşətli günlərini, faciəviliyi ilə yaşanan cəbhədə vuruşan əsgər və zabitlər deyil, erməni daşnaklarının əlində günlərlə, aylarla fiziki və mənəvi cəzalara, təhqirlərə məruz qalan, hər əhvalatlarında acı fəryadlı dərin psixologizmlə müşayiət olunan azərbaycanlı əsir düşmüş vətəndaşlarımız idi. E.Mehrəliyev göstərir ki, Qarabağ mövzusunda yazılan zəngin bədii-publisistik nümunələr silsiləsində baş verən faciəvi hadisələr haqqında bilavasitə şahidlərin çıxış etməsi bədii fikrin dövrün həqiqətlərinə sədaqətini əks etdirir".

"Azərbaycan" jurnalının 1997-ci il 5-6-cı saylarında çap olunan Səbahəddin Eloğlunun "Şəhidlərin fəryadı" xatirə-oçerki müəllifin cəbhə bölgələrində çətin şəraitdə gəzib topladığı materialları qaniçən, qəddar ermənilər tərəfindən hər cür tükürpədici işgəncələrə məruz qalan azərbaycanlı əsirlərin dilindən danışılan, yaşanmış hadisələrin məcmusudur. İnsanın qanını donduran bu hadisələr: əsir düşmüş azərbaycanlıların gözünün çıxarılması, qocaların diri-diri yandırılması, müxtəlif təhqiramiz hərəkətlər, fiziki cəzalar, əsirlərin başlarının kəsilməsi türk kişisinin bıçaqlanıb ermənilərin ziyafətində "Aşot" tamaşasına çevrilməsi, qızların vəhşicə-sinə dərisinin soyulması, əsirlərin sağ gözünün çıxarılıb böyük valyuta dəyərində satılması, müxtəlif cəza növləri-gürzə cəzası, insanların odun kimi doğranılması, əsirlərə duz yaladılması, damarlarına salyarka, spirt turşusu, donuz odu vurulması, qadınlarımızın Cıdır düzündə güllələnməsi, əsirlərin dişlərinin çəkilməsi, qurğuşun tökülüb yandırılması və s. minlərlə ağlasığmaz dəhşətlərin banisi ermənilərin tarixdə misli görünməmiş erməni genosidini sübuta yetirən əsaslı dəlillərdir. Ağlın və hissin, qürur və zorakılığın qarşılaşdığı, zülmün ərşə çəkilib dəhşətli səhnələrdə sözün belə deməyə bəzən gücü yetmir.

"Azərbaycan" jurnalında çap olunan Qarabağ mövzusundakı məqalə, oçerk, gündəliklərdə konkretliyi, sənədliliyi və informasiya zənginliyi ilə peşəkar, qeyri-peşəkar müəllifə məxsus olmasından asılı olmayaraq tək cari zamanın deyil, gələcək nəsillər üçün ideoloji təbliğat funksiyasını yerinə yetirmək üçün çalışırdı, digər tərəfdən bu zamanın və sosial sifarişin tələbi idi. Müstəqillik dövrünün müharibə mövzusunda olan publisistikası daha çox müharibə yaşamış şəxslərin dilindən söylənilən əhvalatlara əsaslanır. Hərbi jurnalist Vahid Məhərrəmovun "Azərbaycan" jurnalında "Qarabağ: ağrı-acılarımızın salnaməsi" başlığı altında gedən silsilə məqalələrin yazılmasının başlıca məqsədi gələcək nəsillər üçün yaddaş, yaşanan tarix haqqında məlumat qoyub getmək istəyi dayanır. Vahid Məhərrəmovun "Tapqaraqoyunlu alınmaz bir qalaya bənzəyirdi" adlı oçerkində hadisələrin cərəyan etdiyi Tapqaraqoyunlu ermənilər tərəfindən işğal olunmuş, uğrunda şəhidlər verilmiş, yüzlərlə insanı narahat buraxmış, sonda azad olunmuş Goranboyun kəndidir. Tapqaraqoyunlunun doğmalıq, imtinaolunmaz sevgisi həmin kəndi tərk edən sakinlərin dərin psixoloji hisslərində öz inikasını tapır: "Təhlükədən bir təhər sovuşub evindən televizoru çıxarıb gətirən kənd sakininin gözündən sevinci sezməmək olmur. Motosikllə kənddən çıxıb gələn qadın da apardığı düyüncəkdən möhkəm yapışıb ki, yerə düşməsin. Bu ürəkağrıdan mənzərələrə baxmaq olmur. Dəhşətdir!".

"Qarabağ: ağrı-acılarımızın salnaməsi" başlığı altında gedən məqalələr silsiləsinə daxil olan Vahid Məhərrəmovun "Barıt qoxulu sətirlər" məqaləsində barıt qoxulu, odlu, alovlu Qarabağ müharibəsinin hər cür dəhşətli anlarını yaşamış insanlarla həmsöhbət aparan bu acıları ürək ağrısı ilə  oxucusuna çatdıran müəllif özüdür. O, Avropa və ABŞ-dan gələn jurnalistləri Zəngilana aparıb dünya ictimaiyyətini doğma torpağında baş verən gərgin hadisələrlə tanış edən vətənpərvər vətəndaşdır. Erməni əsirləri ilə həmsöhbətlərində əsirlərə qarşı törədilən cəzalar barədə müqayisəsi erməni nasizmi haqqında doğru qənaət formalaşdırır: "Zülm o həddə çatır ki, qeyrətli oğullarımız təhqir olunmaqdansa, özlərini öldürməyi daha şərəfli bilirlər. Amma sən burada yeyib-içirsən, istirahət edirsən". Bütün törədilən dəhşətləri gördükcə jurnalist pessimist ruha qapılmır, qələbəyə doğru ümidini itirmir.

Publisistikada Qarabağ müharibəsinin könüllü qadın qəhrəmanlarının şücaəti  gələcək nəsillər üçün tarixi yaddaş kimi saxlanılan əsərlərin vətənpərvərlik hissinin bədii gücünü daha da artırır. Müharibənin könüllü qadın qəhrəmanı V.Məhərrəmovun "Azərbaycan" jurnalının 1998-ci il 9-cu sayında gedən "Vəhşiliyin sonu varmı?" oçerkindəki "Azərbaycan bayrağı ordeni" laureatı Məleykə Əhmədovadır. Onun doğma yurdu Ermənistan ermənilər tərəfindən işğal olunmuş, 3 qardaşını müharibədə itirmiş, ermənilərə qarşı duyduğu dərin nifrət hissinin təsiri nəticəsində cəbhə döyüşçülərinə fayda vermək üçün Ağdam qospitalında tibb bacısı kimi işləməyə gedir. Jurnalistin Məleykənin yaşadığı, dağınıq yaddaşa söykənən həyat hekayəsini çatdırmaqda məqsədi gələcək nəsilləri yaşamış dəhşətli müharibə tarixindən agah etməkdir.

Digər qadın qəhrəman Vahid Məhərrəmovun "Döyüşçü qızın cəbhə gündəliyi" xatirə-oçerkindəki tibb bacısı Tahirə Rizvan qızı Kazımovadır. O, Qubadlı rayonundan köçkün düşsə də, uşaqlıqdan hərbi işə böyük marağı olan, müharibədə könüllü iştirak edərək əsgərlərin yaralarına məlhəm qoymağı üstün tutur. Tahirəni bir xarakter kimi örnək şəxsiyyət edən cəhəti onun şan-şöhrət, qəhrəman adı qazanmaq, yaxud da, hansısa təmənna gözləməmək məqsədi daşımasıdır: "Bu gün torpaq, vətən təəssübü çəkən hər bir kəs silaha sarılıb torpaqlarımızın müdafiəsinə atılmalıdır. Əzab-əziyyət çəksəm də, çətinliklərlə üzləşsəm də, bütün bunlar ürəyimcədir, mənə xoş gəlir. Çünki bu yolu mən özüm seçmişəm. Mənasız ömür sürmək istəmirəm".

Vahid Məhərrəmovu müharibənin məğlubiyyət səbəbləri çox düşündür. Alınan cavab demək olar ki, eynidir. Alternativ döyüşçü qüvvəsinin olmaması, dövrün rəhbər başçılarının tutduqları vəzifəyə sədaqətlə xidmət etməməsi kimi səbəblər mübarizədə qələbənin bizim əleyhimizə həll olunmasına gətirib çıxarırdı: "Yaralanan döyüşçülərimizi isə əvəz edən yox idi. Odur ki, qüvvəmiz getdikcə azalırdı. Bütün bunlarsa əməliyyatın uğurlu gedişinə mənfi təsir göstərdi".

Nurəddin Qənbərin "Gözün aydın Bakı, Xocalı Bakıya gəlir" xatirə-oçerkində müəllif Xocalının yerlə-yeksan olunmasının səbəbkarı kimi mövcud müharibə şəraitindən şəxsi qazancları üçün istifadə edən, vətəndaşlıq hisslərindən məhrum olmuş dövlət məmurlarında görür. "Böyük qardaşımız"ın verdiyi vertolyot Xocalıya enə bilmədi. Bakı Xocalıya gedə bilmədi, Xocalı Bakıya gəlir, gözün aydın Bakı! Ona görə ki, aşağıda "Böyük qardaşımız"ın 366-cı alayı fəsad qurubmuş, ona görə ki Gəncədəki rus polkovniki ilə 366-nın polkovniki öz aralarında razılaşıblarmış. Ona görə ki, Ağdamdakı bir-biriylə didişən, dartışan bölük-bölük dəstələrin özbaşınalıq edən nadan başçılarının sözləri bir-birinə düz gəlmirdi".

Hamlet Qocanın "Suyu kimlər bulandırır" məqaləsində müəllifi uzun illərdən bəri müxtəlif böhtanlarla dünyanın müxtəlif bölgələrində torpaq iddiası ilə çıxış edən ermənilərin mətbuatda Dağlıq Qarabağın ərazilərinin adlarını özünküləşdirmə siyasəti, buna şərait yaradan bizim rəhbər orqanın susmaq mövqeyini tutması publisisti kinayə dolu suallar verməyə məcbur edir: "İki ilə yaxın bir vaxtda respublikanı və bütün ittifaqı narahat edən bir yığın fitnəkarın çıxartdığı siyasi hoqqabazlığa ərköyün uşağın şıltaqlığına baxan kimi baxırlar. Bu ərköyünlüyün günahsız insanların qanına bais olsa da, "şıltaq uşağı" tənbeh etmək fikrinə gələn yoxdur. Elə bil "şıltaq uşaq" ailə başçısının himayə və rəğbətinə arxalanır".

Qarabağ mövzusunda yazılan əsərlərdə diqqəti çəkən məqamlardan biri vətəndaş ruhunun sındırılmasına xidmət edən psixoloji müharibə üsuludur. Yalçın Abbasovun "Müharibənin hər üzü" məqaləsində diqqəti çəkən məqam informasiya müharibəsinin bir növü olan döyüşçü ruhunun sarsıtmaqdan ötrü istifadə edilən taktikadır: "Yadımdadır, o vaxt söz-söhbət yayıldı ki, ermənilərlə danışıqlarda onlar sülh əvəzinə Ağdərə rayon mərkəzini istəyirlər, biz tərəfdənsə Şuşa və Laçın rayonlarının qaytarılması şərt qoyulub. Bu deyilənlərin inandırıcı olmaması qənaətində idim. Ən azı ona görə ki, yayılan hər söz-söhbəti ciddi qəbul etmək olmazdı". Əslində bu cür məlumatlar müasir İnformatika elmində işlənilən "informasiya müharibəsi" termininin qaynaqlarından biridir. İnformasiya müharibəsinin yeddi formasından biri psixoloji müharibədir ki, bu da təbliğat, beyinlərin yuyulması ilə vətəndaş ruhunun sındırılmasına xidmət edir. Bu cür psixoloji təsir üsullarından digər məşhur sərkərdələr (Makedoniyalı İsgəndər, Əmir Teymur və b.) tərəfindən də istifadə edilmişdir.

Zaman ötdükcə dərinləşməkdə olan siyasi proseslər və bu hadisələri özündə əks etdirən Qarabağda və onun ətrafında baş vermiş hadisələr ətraflı şəkildə dərk olunur, bu isə öz növbəsində publisistikada yaradıcılıq axtarışlarının güclənməsinə, hadisələri tam anlamı ilə əhatəli miqyasda və mahiyyətdə geniş təsvirinə stimul verir. Qarabağın taleyi-vətən taleyi anlamında şərh edilir, yurda-ocağa sədaqət ilə etinasızlıq, milli ruh, etnoqrafik yaddaşla manqurtluq, vətəndaş cavabdehliyi ilə biganəlik qarşılaşdırılır, xalqın nicatı naminə milli birlik, əsl azərbaycançılıq ideyaları önə çəkilir.

Böyük vətənpərvərlik hissinin aşılanmasına ehtiyac duyulan müasir cəmiyyətimizdə Qarabağ mövzusunda yazılmış publisistik məqalələrin böyük əhəmiyyəti var. Bu əsərlərin ədəbi-tarix metodologiyası əsasında tədqiqata cəlb etmək müasir ədəbiyyatın başlıca vəzifələrindən biri olaraq qalmaqdadır. 
http://525.az/site/?name=xeber&news_id=49902

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.