Fotos
"Tərəqqi" texniki-humanitar liseyin şagirdləri AMEA Mərkəzi Nəbatat Bağını ziyarət ediblər
Fev 17 , 2016 | 02:55 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2732 )

AMEA Mərkəzi Nəbatat Bağının növbəti qonaqları İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyin şagirdləri oldu. Bağın fəaliyyəti ilə maraqlanan məktəblilər buradakı canlı kolleksiya ilə əyani tanış olmaq imkanı əldə etdilər. MNB-nın elmi işçisi Ofeliya Qafarova şagirdlərə Bağın kolleksiyasına daxil olan Azərbaycan florasına aid endem və nadir bitki növləri, həmçinin dərman bitkilərini nümayiş etdirərək onların təbii yayılma əraziləri, əhəmiyyəti, mühafizə problemləri haqda ətraflı məlumat verdi.
Bağın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, doktorant  Fərid Seyfullayev Dendroxronologiya elmi, onun əhəmiyyəti və tətbiq sahələrindən danışdı. F.Seyfullayev müasir burğu vasitəsilə ağacdan nümunə götürülməsi qaydalarını, götürülmüş nümunələr üzərində oduncaqdakı halqaların qalınlığına və rənginə görə ağacların yaşının təyinini, ətraf mühitdə baş verən iqlim dəyişikliyi, çirklənmə və s. nəticəsində yaranan dəyişiklikləri izah etdi. Arxeoloji qazıntılar zamanı tapılan 3 və 6 min il bundan əvvələ aid ağac və  yaşı 10 min illərlə ölçülən daşlaşmış oduncaq nümunələrinin nümayişi şagirdlərin xüsusi marağına səbəb oldu.
Sonda şagirdlərlə bitki müxtəlifliyi üzrə öyrəndikləri yeni məlumatlar ətrafında maraqlı müzakirələr aparıldı və sualları cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.