26 FEVRAL – XOCALI FACİƏSİ
Fev 26 , 2016 | 10:00 / Musahibələr, çıxışlar
Oxunma ( 1033 )

Vüsalə Xəlilzadə 

AMEA Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru 

Şəbi-hicran yanar canım,

Tökər qan çeşmi-giryanım.

Oyadar xəlqi-əfğanım

Qara bəxtim oyanmazmı?

Ölməz Füzuli sanki bu qəzəli XX əsrin sonuncu 10 illiyində keçmiş Sovetlər birliyinin ermənipərəst qüvvələrinin təsiri ilə əzilən, amma mətanətini qoruyan Azərbaycan xalqı üçün deyib. Artıq 26 ildir ki, ürəyimizdə bir ağrı, çiyinlərimizdə bir yük gəzdiririk. 20 Yanvar ağrısı, 20 Yanvar yükü, 24 ildir ki, əsrin ən dəhşətli Xocalı faciəsi ilə qovruluruq.

Xocalı taleyi uğursuz yazı

Xalqın öz qanına bulaşmasıdır.

Xocalı dünyanın ən ağır yası

Bütöv bir millətin ağlaşmasıdır.

Xahiş edirəm, Xocalı faciəsində həlak olan həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək... Sağ olun, əyləşin.

Dədəmiz Qorqudun dili ilə desək: “Qarı düşmən dost olmaz”.

Bu həqiqətən də belədir. 1988-ci il iyun ayında Erimənistan SSRİ-nin Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşməsi barədə qərar qəbul etdi. Bu qərar Azərbaycan xalqını hiddətləndirdi. O zamankı dövlət rəhbərlərinin səriştəsizliyindən xalqımız 1990-cı il yanvar müsibəti, 1991-ci ilin noyabrında vertolyot qəzası,1992-ci il 26 fevralda əsrin ən dəhşətli faciəsini yaşadı. Dəfələrlə Bakı metrosunda erməni terroru nəticəsində xalqımızın övladları həlak oldular. Qarabağ dərdi bu gün də ürəyimizdədir.

Ağsaçlı Azərbaycanımız çox dərdlər-ələmlər görüb, çox-çox faciələrin qarlı qışından, fırtınasından keçib. Bizdə hər dəfə ona sığınmış, ona inanmışıq. Vətən bizim anamız, and yerimiz, həm də taleyimizdir.

Vətən dünyaya gələndə beşiyimiz, dünyadan köçəndə məzarımızdır. Dəmbədəm, aybaay, ilbəil artdı dərdimiz. Haçan baş qaldırıdıq kəsdilər dilimizi. Şah Xətainin əmanət qoyub getdiyi indiki ərazimizdən 32 dəfə böyük 2800 km2-lik Vətən torpağı qayçılandı, doğrandı ona-buna pay oldu. İrəvan Yerevana, Xankəndi  nə bilim nə kertə döndü.

Sahibliykən sahibsiz qalan Vətən harın vəzifə sahiblərinin imzası ilə doğrandıqca ər igidlərin qanı ilə yuyundu. Qanlıdır bu torpağın illəri də, günləri də:28 aprel,20 noyabr, 20 yanvar.

Bu dərdlər azmış kimi 26 fevral XOCALI müsibətini də gördük.

Sərt gəldi fevralın 26-sı,

Al qana qərq oldu bulaqlarda su

Qəfildən quruldu bu yurdun yası

Bir kəsə çatmadı səsim, Xocalı!

Fevralın 25-dən 26-na keçən gecə 366-cı rus alayı ilə birləşərək erməni silahlıları gecə yatan Xocalıya hücum etdilər. Əliyalın camaat meşələrə qaçdılar.

Üç tərəfdən silahlı, vəhşiləşmiş ermənilər əhalini gülləyə tutdular. Meşədə donan kim, gülləyə tuş gələn kim, namusunu ermənilərdən qoruyan gənc ananın öz balasını boğması,əsir götürülən qız-gəlinlərin harayı, ahıl-ixtiyar nənə-babalar. Bu insanların fərydına kim cavab verəcək?

Həmin gecə 1275 nəfər sakin əsir götürüldü.613 nəfər şəhid oldu. 487 nəfər şikəst oldu. 150 nəfərin taleyi məlum deyil. Ölənlərin 106 nəfəri qadın, 63 nəfəri uşaq idi. 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini itirdi. 130 uşaq valideynlərindən birini itirdi. 56 nəfər xüsusi qəddarlıqla öldürüldü: diri-diri yandırdılar, gözlərini çıxardılar. Xocalının igid oğlu Əlif Hacıyev aeroportda təyyarələri qəbul edən qurğunu partlatdı ki, ermənilər silahla dolu təyyarələri qəbul edə bilməsinlər və özü də həlak oldu.

Azərbaycanın tanınmış oğlu Çingiz Mustafayev bu vəhşilikləri öz kamerası ilə çəkib bütün dünyaya çatdırdı.

Çingiz çox gənc yaşlarından öz həkimlik sənətini Qarabağda döyüşməyə, çəkilişlər aparmağa dəyişdi və öz canını Vətənə qurban verdi.

26 Fevral sonuncu qan dənizi deyil Vətənimizdə. Bu dənizdə İlqar, Larisa, Ülvi,İlham, Fərizə və s. insan taleyi boğulub. Qapılar bağlanıb,arzular ölüb,balalar yetim qalıb. Şəhidlər xiyabanı yaranıb və o xiyaban körpə Ceyhunun gəlin anası jurnalist Salatın Əsgərovanı öz ağuşuna alıb. Tibb bacısı Gülnazı, şair Alı Mustafayevi, Əlif Haciyevi, Çingiz Mustafayevi öz arzularından ayırıb. Neçə-neçə igidlər uyuyur bu xiyabanda, o cümlədən Xocalı körpəsi uyuyur bu xiyabanda. Bu xiyabandakı şəhid məzarlarına, o körpə xocalı qızının məzarına baxdıqca “Dəli bir ağlamaq keçir könlümdən”.

Baxıram dünyanın bu gərdişinə

Dəli bir ağlamaq keçir könlümdən.

Fələq rəvac verdi namərd işinə

Dəli bir ağlamaq keçir könlümdən.

Qan rəngli qərənfillər ağlayır bu xiyabanda:

Qərənfil – şəhid  qanı

Ağla, qərənfil, ağla!

Ağla, inlət meydanı

Ağla, qərənfil, ağla!

24 il keçsə də yenə də yaralarımız göynədir bizi. Tək Xocalıda yox, ümimiyyətlə, Qarabağda həlak olan hər bir insan gözümüzün önündə ölməzlik dastanı yaradıbdır. Əminik ki, mahnıda deyildiyi kimi “Qalmaz belə, qalmaz dünya”. Əminik ki, ulu öndərimiz Heydər Əliyevin davamçısı İlham Əliyev – möhtərəm Prezidentimiz anaların ağlamağına qıymayacaq, işğal olunmuştorpaqlarımızı, cənnət güşəsi Qarabağı sülh yolu ilə geri qaytaracaq, respublikamızın bütövliyinə nail olacaq, şəhidlərimizin ruhunun şad edəcəkdir və biz “Son qəmin olsun, Vətən!” deyəcəyik. Deyəcəyik ki, gəlin ağlamayaq, analar. Sizin göz yaşınızla torpaqlarımız şoranlaşar. Biz isə torpaqlarımızı cənnət güşəsi görməyə alışmışıq. Gəlin ağlamayaq, analar! Övladlarımız torpaq uğrunda şəhid olsalar da ağlamayaq. “Vətən sağ olsun!” deyək.

Xocalı şəhidlərinin ruhuna hörmət əlaməti olaraq “Ana fəryadı abidəsi”ni ziyarət etmək hamımızın borcumuzdur. O güllü-çiçəkli abidəni hər il fevralın 26-da qədirbilən Azərbaycan xalqı, o cümlədən, Prezidentimiz ailəsi ilə birlikdə ziyarət edir.

Hamımız Qarabağın, Xocalının erməni əsarətindən qurtuluş gününü səbirsizliklə gözləyirik.

Hörmətli həmkarlarımız, biz bu gün Azərbaycan xalqı üçün ən ağır, ən müsibətli bir gecəni xatırladıq. Xocalı müsübətini, Qarabağ dərdini, xalqımızın qürur günü 20 Yanvar faciəsini yad etdik. Çünki adı çəkilən hadisələri, qanlı olayları bir-birindən ayırmaq olmaz. Bütün bunlar Azərbaycan xalqının azadlığı, suverenliyi, ərazi bütövlüyü ilə əlaqədardır. Hal-hazırda Azərbaycanın ərazi bütövlüyü hamımızın ən ümdə arzumuzdur.

Allah bu bütövlüyümüz yolunda canlarından keçən şəhidlərimizə rəhmət eləsin!

Cavan əsgərlərimizə can sağlığı və Azərbaycan sərhədlərinin keşiyində ayıq-sayıq dayanmalarını arzulayırıq.

Dahi şairimiz Səməd Vurğunun bir şeirini yada salaq:

Ölüm sevinməsin qoy,

Ömrünü vermir bada.

El qədrinini canından

Daha əziz bilənlər.

Sevərək yaşayanlar,

Sevilərək ölənlər!

 

1988-ci ildən bəri Respublikamız – Azərbaycanımız uğrunda canlarından keçənləri xalqımız heç zaman yaddan çıxartmayacaqdır. 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.